Press "Enter" to skip to content

Qarabağ məsələsini həll edən Azərbaycan Güneyi də həll edəcək

Son yeniləmə: 12 Yanvar 2023 15:54

Mahmud Bilgin: Əminik ki, Azərbaycan Respublikası Güney Azərbaycan türklərinin haqlarının müdafiəsi istiqamətində bundan sonra da davamlı addımlar atacaq

BAYRAQDAR MEDİA – “Bu gün İran qaynar qazana bənzəyir. Bütün xalqlar fars-molla rejiminə qarşı mübarizəyə qalxıb. Mübarizə hər gün daha da şiddətlənir. Buna görə də hazırda İranda baş verənlərin necə tamamlanacağını ehtimal etmək çətin deyil. Tehran rejimi, şovinsit fars-molla rejimi gec-tez çökəcək və xalqlar öz müqəddəratını həll edəcəklər. Biz bu prosesə hazır olmalıyıq”.

Bunu BAYRAQDAR MEDİA-ya müsahibəsində Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin deyib.

Bütün təşkilatların əsas amalı budur ki…

“Güney Azərbaycan təşkilatları İrandakı mövcud rejimin çöküşündən sonrakı prosesə hazırdırmı” sualını cavablandıran müsahibimiz öncə onu deyib ki, bütün təşkilatların əsas amalı budur ki, son nəticədə Güneylə Quzey birləşsin və Bütöv Azərbaycan yaransın: “Düzdür, buna gedən yola sərgilənən baxışlar fərqlidir. İranda etiraz prosesləri başlayanda bizim təşkilatlar arasında 2 düşüncə ortaya çıxdı. Birinci düşüncə budur ki, gedək digər xalqlarla birləşib, birlikdə İran rejiminin sonunu gətirək. Biz 4 Güney Azərbaycan təşkilatı – Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Mərkəz Partiyası və Azərbaycan Öyrənci Hərəkatı (AZOH) olaraq bu düşüncənin tərəfdarıyıq. Digərləri isə bildirdi ki, digər millətlərlə birləşsək, onda İran federalizmə gedər, biz isə birbaşa istiqlalımızı istəyirik. Beləliklə, son 3-4 aydır ki, partiyalar arasında bu istiqamətdə problemlər, fikir ayrılıqları yaranıb. Amma hesab edirəm ki, işin gedişatı bu məsələni çözəcək. Düşünürəm ki, bizim arqumentlərimiz daha ciddidir, İran rejiminin yıxılması əsas məsələdir. Beləliklə hesab edirəm ki, dostlarımızın düşüncələri dəyişəcək. Amma əgər İranda vəziyyət dəyişərsə, silahlı çatışmalar olarsa, bu zaman biz düşüncəmizi dəyişəcəyik. İstənilən halda ümumi məqsədimiz budur ki, son nəticədə Güneylə Quzey birləşsin və Bütöv Azərbaycan yaransın”.

Mahmud Bilgin və Nadir Azəri
Mahmud Bilgin və Nadir Azəri

Müsahibimiz vurğulayıb ki, hazırda İrandakı digər xalqlara nisbətən azərbaycanlıların azadlığa qovuşması imkanları daha çoxdur: “Bu gün İrandakı digər xalqlara nisbətən bizim dəstəyimiz, gücümüz daha çoxdur. Türkiyəmiz və Azərbaycanımız yanımızdadır. Cənab Prezident İlham ƏIliyevin dəstəyi bizim üçün çox sevindiricidir. Biz həqiqətən fəxr etdik! Prezidentimiz bizim gerçəkliyimizi müxtəlif platformalarda səsləndirdi, dil azadlığımızın olmadığını, hüquqlarımızın pozulduğunu bildirdi, “onların haqlarını müdafiə etmək bizim üzərimizdədir” mesajını verdi. Bu, Prezident səviyyəsində atılmış çox böyük addım idi. Bəlkə də bu fikirləri hansısa nazir deyə bilərdi, amma Prezidentin deməsi o deməkdir ki, Güney Azərbaycan məsələsi Quzey Azərbaycanın ana xəttidir. Bu ana xətti artıq bir müddətdir ki, izləyirik, fəxr edirik”.

Bütün hallarda Güney Azərbaycan Cümhuriyyətinin qurulması labüqddür

M.Bilgin qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi Güney Azərbaycanlılarda mübarizə hissini daha da artırıb: “Eyni zamanda Azərbaycan hakimiyyətinin, Prezidentinin beynəlxalq aləmdə uğurlu siyasəti, davranışı, böyük güclərin qarşısında güclü olaraq dayanması Güney Azərbaycanda bir əminlik yaradıb. Güney Azərbaycanda hamı düşünür, güvənir və inanır ki, Azərbaycan dövləti hər an onun yanında olacaq. Azərbaycan əgər Qarabağ məsələsini həll etməyi bacardısa, demək ki, Güney Azərbaycan məsələsində də bizim yanımızda olacaq. Beləliklə əminik ki, Azərbaycan Respublikası Güney Azərbaycan türklərinin haqlarının müdafiəsi istiqamətində bundan sonra da davamlı addımlar atacaq”.

M.Bilgin, “Sonda bir məsələni də qeyd etmək istərdim. Bizim hazırda boşluğumuz media sahəsi ilə bağlıdır. Prezidentimizin dediklərini fars dilində də yaymaq üçün güclü mediamız olmalıdır. Farslar bu yöndə xeyli iş gördülər və onların çox güclü mediaları ortaya çıxdı. Doğrudur, bizim indi vaxtımız çox azdır, amma gedişatda daha təsirli olmağın yolu güclü media və gerçək təşkilatlardan keçir. Bütün hallarda Güney Azərbaycan Cümhuriyyətinin qurulması labüqddür. Bizi kimsə durdura bilməz” sözlərini də əlavə edib.

Mission News Theme by Compete Themes.