Press "Enter" to skip to content

İranda yalnız dövlətin adında İslam sözü var

Yunus Oğuz

Məlum olan budur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir

BAYRAQDAR MEDİA – Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bölgədə və dünyada gedən proseslərlə bağlı olaylar.az saytına müsahibə verib. Müsahibəni sözügedən medianın və müsahibin izni ilə təqdim edirik.

-Yunus bəy, İsveçdə Qurani-Kərimin yandırılmasının kökündə hansı amillər durur?

-Məlum olduğu kimi, Pakistan Senatı Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Söhbət ondan gedir ki, R.T.Erdoğanın bu mükafata namizədliyi Türkiyədə prezident seçkisi öncəsi irəli sürülüb. Bu o deməkdir ki, Erdoğan Nobel Sülh Mükafatı almaqla birbaşa prezident seçilir. Bax, Quranı da ona görə yandırıblar.

Nəzərə almaq lazımdır ki, Nobel Sülh Mükafatını İsveç verir. İsveçdə fikirləşirlər ki, Quranı yandırmaqla seçkilərə təsir göstərirlər. Guya Quranın yandırılmasından Erdoğan hirslənəcək, islamofob aura yaradacaqlar və bütün Avropanı Erdoğanın üstünə yönəldə biləcəklər. Bu məsələdə oyun Erdoğanın üzərində qurulub ki, o, prezident seçilməsin. Çünki Avropa bunu istəmir, xüsusən, İsveç və Finlandiya. Ona görə ki, Erdoğan İsveç və Finlandiyanın NATO-ya üzv olmasına qadağa qoyub. Ola bilsin ki, Finlandiya NATO-ya daxil olsun, amma İsveç kənarda qalacaq. Düşünürlər ki, belə bir şəraitdə sülh carçısı olan Erdoğana seçki öncəsi Nobel mükafatı vermək olmaz. Avropaya Erdoğan kimi inadkar, istədiyini edən yox, onlara qulaq asan, Avropa və Amerikanın istəklərini həyata keçirən prezident lazımdır. Türkiyənin keçmiş xarici işlər naziri Ali Babacan dedi ki, biz hakimiyyətə gəlsək, “Bayraktar”a da əl gəzdirəcəyik. Əslində, bu açıqlama ilə Erdoğanın reytinqini artırdı və bu reytinq artmaqda davam edir. Ona görə çalışırlar ki, Erdoğana Nobel mükafatı verilməsin. Erdoğan bundan əsəbləşsin və Türkiyədə anti-Avropa hərəkatı başlasın. Onlar da dünyaya göstərsinlər ki, Türkiyədə Avropanı sevmirlər.

Bir məsələ də maraqlıdır ki, niyə İran Quranın yandırılmasına reaksiya vermir? Niyə ərəb ölkələri mövqelərini ortaya qoymurlar? Quran təkcə Türkiyənin deyil ki? Belə məlum olur, bu dövlətlərə deyiblər ki, sizlik bir şey yoxdur, bütün oyunlar Erdoğanın başındadır. Erdoğana mesaj verilir ki, sən İsveçə gəlib Nobel mükafatı ala bilməzsən. Guya Erdoğana Nobel mükafatı verilməsə dünya dağılacaq? Erdoğan onsuz da liderlik, sülh, barışıq missiyasını həyata keçirir. Artıq Erdoğan faktiki olaraq dünya liderinə çevrilib. Hazırda dünyada lider yoxdur. Nə Bayden, nə Makron, nə də Şolts liderlik edə bilmirlər. İngiltərədə özlərində lider tapa bilmədilər, hindistanlını baş nazir qoydular. Erdoğan isə Nobel mükafatı alsa, dünya liderliyi təsdiq olunacaq.

-[Qarabağ ermənilərinin qondarma rəhbəri] Ruben Vardanyanın özünüifşa müsahibəsi bir sıra qaranlıq məqamlara aydınlıq gətirdi. Sizcə, jurnalistin sualları qarşısında çətin duruma düşən Vardanyanın açıqlamaları əslində nəyə hesablanmışdı?

-Əslində, jurnalist Vardanyana maraqlı sual verdi ki, sən Qarabağda nə gəzirsən, sənin missiyan nədən ibarətdir? Regionda proses sülhə doğru gedirdi, amma sən gəldin, aranı qatdın. Nəzərə almaq lazımdır ki, Vardanyan təkcə Rusiyaya işləmir, o, beynəlxalq mafiyanın üzvü olduğuna görə bu razılığı alıb. Beynəlxalq mafiyanın isə dövlətlərə çıxışı asandır. Bu baxımdan Vardanyan fikirləşir ki, Qarabağ məsələsində Rusiyanın sülhməramlılarını bölgədə saxlamaq lazımdır. [Ermənistanın Baş naziri] Nikol Paşinyana isə bu lazım deyil. O, artıq Rusiyadan tamam üz döndərib Avropa Birliyinin əli ilə iki yüz müşahidəçi gətirir. Məsələ orasındadır ki, bu müşahidəçiləri hara yerləşdirəcək? Axı hələlik sərhədlər müəyyən edilməyib, delimitasiya işləri aparılmayıb. Belə halda Azərbaycan tərəfi beynəlxalq aləmə xəritə təqdim edə bilər ki, müşahidəçilər bizim ərazimizdə yerləşdirilib. Əgər verilən vaxtda ərazimizi tərk etməsələr ordu yeridiləcək. Əslində bu, Azərbaycanın xeyrinə işləyir. Digər tərəfdən, Rusiya bunu Paşinyana bağışlamayacaq. Ermənistanın bütün təhlükəsizlik, sərhəd məsələlərinə Rusiya nəzarət edir, bütün strateji məhsullar rus iş adamlarının əlindədir, üstəlik 102-ci bazası orada yerləşir. Görün, Rusiya nə qədər zəifləyib ki, Ermənistan onun başı üzərindən iki illik müşahidəçi missiya gətirir. Əslində, Vardanyanın niyyəti Ermənistanın baş naziri olmaq idi, lakin bizim ekofəalların aksiya məsələsini hesablaya bilmədi. Erməni əhalisi onun araqarışdırma fəaliyyətini yaxşı başa düşür, ona görə də onu istəmir. İndi Vardanyan çaşbaş olub, qalıb ortalıqda. Paşinyan iki yüz nəfərlik müşahidəçini Vardanyan, həm də 102-ci bazanın çevrilişinə görə gətirdi. Bütün sadalananlara baxmayaraq, bölgədə hansı proses gedirsə, hamısı bizim xeyrimizədir. Biz sadəcə səbirli olmalı, lazım gələndə ordumuzu hədəfə yönəltməliyik. Hazırda Rusiya ilə Qərb arasında gedən dava da bizim xeyrimizədir.

-Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə nəyə hesablanıb?

-Avropa Rusiyaya qarşı on paket sanksiya qəbil edib, on birinciyə hazırlaşır. Bəs bu sanksiyalardan Ermənistana qarşı niyə tətbiq etmir? Ermənistanın adı gələndə bütün məsələlərdə birləşirlər. Axı Rusiyanın xarici banklarla əməliyyatları ən çox Ermənistan üzərindən aparılır. Məlum olur ki, Ermənistana qarşı münasibətdə xristian həmrəyliyi yox, dövlət maraqları nəzərə alınır. Məsələ orasındadır ki, Qafqazda geopolitika dəyişməlidir. Bu məsələdə Azərbaycan öz yerində durur, Ermənistanın isə yeni geopolitik düzəndə yeri yoxdur. Ona görə bütün prosesləri Ermənistan üzərindən etməyə çalışırlar ki, guya bu ölkə vacib bir əhəmiyyət daşıyır. Əslində isə Güney Qafqazda mühüm rolu Azərbaycan və Gürcüstan oynayır. Proseslərdən kənarda qalan Ermənistandan bir açar-kilid kimi istifadə etməyə çalışırlar ki, o da alınmayacaq. Avropa Parlamenti də məhz bunun hesabatını etmək istəyir. Ermənilərin işığı kəsilib, qazı yoxdur, bunun Azərbaycana nə dəxli var? Onların kommunal təminatı Yerevan tərəfindən həyata keçirilir. Bu baxımdan deyilən humanitar fəlakətin Azərbaycana aidiyyəti yoxdur. Qarabağda ermənilərin sayı deyildiyi kimi 120 min yox, ermənilərin özlərinin etiraf etdiyi kimi 40 mindən artıq deyil. Onların da böyük əksəriyyəti başa düşür ki, başqa çıxış yolu yoxdur və müxtəlif yollarla Qarabağı tərk edirlər. Bu, Azərbaycan diplomatiyasının müharibəsiz qələbəsidir. Fransada da bir milyon nəfər aksiya keçirdi, Azərbaycanda da demokratiyadır, ekofəallar aksiya keçirirlər. Vardanyan da çaşbaş qalıb. Əslində, ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirmələri Vardanyanın, hətta bəzi ölkələrin bütün planlarını pozdu. Avropa Parlamenti də planlar pozulduğuna görə, belə məsələləri gündəmə gətirir.

-[Ermənistan Baş nazirinin həyat yoldaşı] Hanna Akopyanın İrana səfəri İrəvan-Tehran münasibətlərinin daha da yaxınlaşmasına dəlalət edirmi?

-Hanna Akopyan 2020-ci ilin may ayında Mehriban xanıma mesaj göndərmişdi ki, Azərbaycan bayrağı Şuşada o vaxt ucala bilər ki, Qarabağın da bayrağı yanaşı dursun. Azərbaycan bayrağı Şuşada qalxdı, amma Xankəndinin bayrağı orada yox idi və yəqin ki, bundan sonra da olmayacaq. Məsələ orasındadır ki, Tehran artıq Ermənistanın qırmızı xəttini özünün qırmızı xətti hesab edir. Çox gözəl, yəqin ki, dövlət maraqları var. Ancaq Quranı yandırırlar, sən dinmirsən, deməli xristian təəssübkeşliyin var. Bu təəssübkeşlik atəşpərəstliyə gedib çıxır. İranın belə fəaliyyəti İslamı gözdən salır. İranda yalnız dövlətin adında İslam sözü var, qalan heç bir fəaliyyətində İslam yoxdur. Bizdə isə İslamı dərindən sevirlər. Bu isə genetik yaddaşla gəlir. İran Ermənistana silah, bizə isə patı göndərir. Hanna Akopyanın İrana səfəri deməyə əsas verir ki, Tehranla Yerevan təzə bacı olub. Düşünürəm ki, gələcəkdə regionda geosiyasi vəziyyət çox dəyişəcək. Artıq bu proses gedir və gələn ilin sonunda bitməlidir. O vaxta qədər İranmı qalacaq, Emənistanmı qalacaq, yoxsa Rusiya, bunu bilmək olmur. Məlum olan odur ki, bütün proseslər Azərbaycanın xeyrinə gedir.

Alim

Mission News Theme by Compete Themes.