İlhami Bilgen: Bura yeni gələrkən KKTC və Azərbaycan iş adamları arasında geniş sahədə əlaqələrin qurulması üçün bir körpü olmağa arzu etmişdim
BAYRAQDAR MEDİA – “Azərbaycan dövlətinin və xalqının Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) dəstəyi bizlər üçün xüsusi önəm kəsb edir. Əslində, biz hesab edirik ki, bu dəstək, KKTC-yə olan bu sevgi təbiidir. Çünki biz “bir millət üç dövlətik”. Deməli, bizim ayrımız-qeyrimiz olmamalıdır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kıbrıs Türk İş İnsanları Derneğini (İŞAD) İdarə Heyətinin üzvü və Azərbaycan üzrə təmsçilçisi İlhami Bilgen deyib.
Xatırladaq ki, onunla geniş müsahibəni sonra oxucularımıza təqdim edəcəyik.
KKTC-nin Wotmax Estate” şirkətinin direktoru da olan İ.Bilgen bildirib ki, KKTC Cümhurbaşqanı Ersin Tatarın Azərbaycana səfəri və yüksək səviyyədə qəbulu da bu məqamdan irəli gəlir: “Bu səfər, cənab Prezident İlham Əliyev tərəfindən Cümhurbaşqanı Ersin Tatarın rəsmi qəbulu zamanı vurğulanan məqamlar Kıbrısda bir canlanma yaradıb. Bu canlanma fonunda KKTC-dən olan iş adamlarının Azərbaycana səfərini planlaşdırırıq. Hesab edirik ki, İŞAD-ın təşkilatçılığı ilə bu səfər 2024-cü il yanvarın sonu, fevralın əvvəlində reallaşa bilər”.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycandan da iş adamlarının KKTC-yə səfəri vacibdir: “Bu istiqamətdə də iş aparılır. Biz İŞAD-ın Azərbaycan təmsilçiliyi olaraq “Marsol Group”la birlikdə KKTC-yə bir səfər planlaşdırırıq. Təxminən 20-30 azərbaycanlı iş adamının iştirak edəcəyi həmin səfər zamanı qarşılıqlı əməkdaşlıq, ortaq iş qurmaqı, həmçinin mümkün sərmayə imkanları nəzərdən keçiriləcək. Ümumiyyətlə şəxsən mən, eyni zamanda İŞAD bu məsələdə, yəni KKTC və Azərbaycan arasında iş adamları, şirkətlər çərçivəsində əməkdaşlığın qurulmasında özümüzü körpü rolunda görürük. Əslində, deyərdim ki, bu, mənim arzumun çin olması deməkdir. Bura yeni gələrkən KKTC və Azərbaycan iş adamları arasında geniş sahədə əlaqələrin qurulması üçün bir körpü olmağa arzu və niyyət etmişdim. Şükürlər olsun ki, dövlət başçılarımızın qətiyyəti nəticəsində bu arzumuz reallaşır”.









