Orxan Məmmədov: Bunun da əsasında dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı dayanır
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) müxtəlif istiqamətlər üzrə tədbirlər keçirməkdə davam edir. Ümumilikdə 250 nəfərdən çox qonağın iştirak etdiyi növbəti belə tədbir isə Ramazan ayı münasibətilə təşkil edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBSKA-dan məlumat verilib.
KOBSKA-dan növbəti humanitar addım
Məlumata görə, qurumun təşkilatçılığı ilə keçirilən mərasimdə millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, media nümayəndələri, assosiasiyalar, biznes klublar və müxtəlif şirkətlərin rəhbərləri iştirak edib.

Mərasimdə çıxış edən tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova öncə dəvəti qəbul edib gələnlərə təşəkkür edib. O, çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyətinə də toxunaraq, bu cür ənənəvi tədbirlərin gələcəkdə də keçiriləcəyini bildirib.
Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün lazım olan bütün addımları atır
Məlumata əsasən, salamlama nitqindən sonra Prezident İlham Əliyevin sahibkarlar və sahibkarlığa aid tövsiyyə və fikirlərini əks etdirən video-çarx nümayiş etdirilib.

Sonra çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öncə tədbir iştirakçılarına öz xoş diləklərini bildirib.
Daha sonra Azərbaycandakı iqtisadi inkişaf və əlverişli biznes mühiti barədə məlumat verən T.Mirkişili ölkə iqtisadiyyatında sahibkarlıq mühitinin inkişafının əhəmiyyətindən bəhs edib.
Komitə sədri dövlətin bu istiqamətdəki dəstək mexanizmlərindən də danışıb: “Azərbaycan dövləti sahibkarlığın inkişafı üçün lazım olan bütün addımları atır”.
KOBİA üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır
Daha sonra çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov tədbirin təşkilatçılığı üçün KOBSKA-ya təşəkkürünü bildirib.

O.Məmmədov çıxışında ölkədi iqtisadi mühit, həmçinin KOBİA-nın fəaliyyətindən də bəhs edib: “Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir. Bunun da əsasında dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı dayanır. Təbii ki, KOBİA olaraq biz də kişik və orta biznesin inkişafı istiqamətində üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.

Məlumatda daha sonra deyilir ki, tədbir Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası tərəfindən 2024-cü ildə planlaşdırılan layihələrin qısa təqdimatı ilə davam edib: “Sonda bu tədbirin təşkilində dəstək olan şirkətlərə “Təşəkkürnamə” təqdim olunub”.





