Press "Enter" to skip to content

İki ölkə arasındakı münasibətlərin inkişafında yeni mərhələ

Vüqar Bayramov

Son yeniləmə: 2 May 2024 14:44

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniya səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına və münasibətlərə birbaşa pozitiv təsir göstərəcək

BAYRAQDAR MEDİA – “Almaniya bütövlükdə ümumi daxili məhsulun (ÜDM) həcminə görə Avropada ən böyük ölkədir. 2024-cü ildə Almaniyanın ümumi daxili məhsulunun 4,5 trilyon dollar olması gözlənilir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfərini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda Almaniyanın 4 trilyon dollara yaxın ümumi daxili məhsulu var: “Bu gün Almaniya ÜDM-in həcminə görə ABŞ və Çindən sonra dünyada 3-cü ən böyük ölkə, Avropada isə birinci ölkədir. Bu baxımdan təbii ki, kifayət qədər ciddi iqtisadi gücə malik olan ölkələrdən biri kimi Almaniya ilə əməkdaşlıq önəmlidir”.

Vüqar Bayramov deyib ki, müxtəlif dövrlərdə bəzi məsələlərə fərqli yanaşmalar nümayiş olunmasına baxmayaraq ümumilikdə Azərbaycan-Almaniya əlaqələri dinamik inkişaf edir: “Bu gün birmənalı olaraq qeyd edə bilərik ki, Almaniya ilə Azərbaycan arasında iqtisadi və siyasi münasibətlər dinamikdir. Bu dinamiklik özünü 2 ölkə arasında xarici ticarət dövriyyəsinin həcmində də göstərir. Məsələn, 2022-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi 1 milyard 252 milyon dollar olub. 2023-cü ildə isə bu rəqəm 1 milyard 824 milyon dollara qədər artıb. Xarici ticarət dövriyyəsindəki bu artım ondan xəbər verir ki, 2 ölkə arasında iqtisadi əlaqələr dərindir və hər keçən gün daha da inkişaf edir”.

V.Bayramov bildirib ki, ölkələr arasında iqtisadi əlaqələrin bu cür müsbət dinamika ilə inkişafı öz növbəsində ticarət əlaqələrinin inkişafına, ixrac-idxal əməliyyatlarının daha da uğurla davam etməsinə və genişlənməsinə şərait yaradır: “Maraqlı burasındadır ki, Almaniyanın bu qədər üstün inkişafı, yüksək iqtisadi göstəricilərinə baxmayaraq Azərbaycanın bu ölkə ilə əlaqələri bütün sahələrdə demək olar ki, bərabər səviyyədə inkişaf edir. 2023-cü ildə tərəflər arasındakı ticarət dövriyyəsinin strukturuna nəzər yetirəndə görürük ki, demək olar idxal və ixrac eynidir. Yəni bu o anlama gəlir ki, Azərbaycan Amaniyadan yalnız idxal etmir, eyni zamanda özü də Almaniya mal ixrac edir. Bu da təbii ki çox vacib məqamlardandır”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniya səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına və münasibətlərə birbaşa pozitiv təsir göstərəcək: “Əslində biz bunu iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından yeni mərhələ kimi dəyərləndirə bilərik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.