Press "Enter" to skip to content

Ankarada Azərbaycan şöləni

Tədbirdən xatirə fotosu

28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycanın Müstəqillik Günü Türkiyədə Cümhurbaşqanlığında Administrasiyasında qeyd olunub.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin məlumatında qeyd edilib.

Rəşad Məmmədov
Rəşad Məmmədov

Bildirilib ki, “Beştəpə Konqres və Mədəniyyət Mərkəzində Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş konsert proqramı keçirilib. Konsert proqramı Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kemal Atatürkün, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə başlayıb. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Azərbaycanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik mesajı oxunub”.

Məlumata görə, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov proqramın açılış çıxışında müasir Azərbaycan Respublikasının 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ifadə edib və Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa edərək istiqlal ideallarının yenilməzliyini sübut etdiyini bildirib.

Azərbaycan və Türkiyənin dünyada bənzəri olmayan münasibətlərinə toxunan səfir, iki dövlətin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb. “Biz Çanaqqalada, Bakıda istiqlal üçün bərabər çarpışan igid bir nəslin övladlarıyıq” deyə o bildirib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və müsəlman dünyasında ilk demokratik respublika olduğunu qeyd edib. O, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən və Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Cevdet Yılmaz
Cevdet Yılmaz

Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş qısa videonun nümayişinin ardından tədbirdə əsas dövlət qonağı qismində iştirak edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxış edərək, Azərbaycanı müstəqillik günü münasibətilə təbrik edib, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayaraq iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdəki inkişafına diqqət çəkib. O, 6 fevral 2023-cü ildə baş vermiş dəhşətli zəlzələ zamanı və “Terrorsuz Türkiyə” təşəbbüsündə Azərbaycanın Türkiyənin yanında olduğu kimi, Türkiyənin də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Tədbir zamanı
Tədbir zamanı

Çıxışlardan sonra Azərbaycanın xalq artistləri Azər Zeynalov, Azərin və Gülyaz Məmmədovanın, Habil Məmmədov və tələbələrinin, eləcə də Türkiyənin tanınmış opera sənətçisi Çınar Onur Önerin, Cem’i Can Deliormanın dirijorluğunda Cumhurbaşkanlığı Simfoniya Orkestrinin və Azərbaycanın xalq artisi Elnarə Kərimovanın rəhbərliyində TRT Ankara Çoxsəsli Xorunun ifaları ilə möhtəşəm konsert olub.

Çox sayda dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, ictimai-siyasi xadimlərin, elm adamlarının və media təmsilçilərinin iştirak etdiyi proqram TRT Avaz kanalından canlı yayımlanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.