Günəş və Fərman Qəmbərovlar könülləri fəth edib
BAYRAQDAR MEDİA – “Bu il Azərbaycanda böyük coşqu ilə keçirilən Milli Yaylaq Festivalı, türk dünyasının mədəni zənginliyini və qardaşlıq bağlarını bir daha nümayiş etdirdi. Festivalın ən yaddaqalan anlarından biri isə Günəş və Fərman Qəmbərovların səhnə çıxışı oldu”.
Bunu BAYRAQDAR MEDİA-ya festivalın aparıcısı, Kuzey Kıbrısdan olan jurnalist Serdar Şengül deyib.
S.Şengül bildirib ki, bacı-qardaş “Çırpınırdı Qara dəniz” mahnısına gətirdikləri fərqli ifa ilə tamaşaçılara duyğulu anlar yaşadıblar: “Musiqiyə olan həvəs və sevgilərini səhnəyə daşıyan Günəş və Fərman, həm azərbaycanlıların, həm də digər türk dövlətlərindən gələn qonaqların ürəyini fəth ediblər. Onlar artıq türk dünyasında keçiriləcək digər festivallarda da iştirak etmək üçün hazırlıqlara başladıqlarını bildiriblər”.
Məsələn, Günəş Qəmbərova açıqlamasında “Türk dünyasından gələcək bütün təkliflərə açığıq. Bu birliyi və bərabərliyi sənət vasitəsilə gücləndirmək bizim üçün böyük bir şərəfdir” deyib.
Qardaşı Fərman isə hisslərini bu sözlərlə ifadə edib: “Azərbaycanımızın şanlı bayrağını sənətimizlə bütün dünyada dalğalandırmaq bizim üçün sadəcə vəzifə deyil, həm də böyük bir qürurdur”.
S.Şengül onu da bildirib ki, Günəş və Fərman Azərbaycanın ən böyük musiqi təhsili akademiyalarından birinə qəbul olunublar.








