BAYRAQDAR MEDİA – Özünün fəal vətəndaş cəmiyyəti ilə seçilən Azərbaycanda daha bir ictimai birlik qurulub. Yeni qurumun adı “Dünya Xalqlarının Mədəniyyəti” İctimai Birliyidir.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən verilib.
Xəbərdə bildirilir ki, yeni qurumun qurucusu və sədri pedaqoq, ssenarist, şair və yazar Şəbnəm Tofiqqızıdır.
Birliyin əsas fəaliyyət istiqaməti kimi dünya mədəniyyətinin və incəsənətinin Azərbaycanda tanıdılması nəzərdə tutulur.
Eyni zamanda Azərbaycan mədəniyyəti və incəsənətinin də dünyada tanıdılmasına çalışmaq qurumun əsas məramıdır.
Geniş fəaliyyət əhatəsini nəzərdə tutan Birlik eyni zamanda ədəbiyyat, ssenari işi, dramaturgiya, musiqi kimi istiqamətlərdə də fəaliyyət göstərəcək.
Qurumun öz nizamnamə məqsədlərini həyata keçirməsi üçün uyğun yarışmaların da təşkili nəzərdə tutulur.
Şəbnəm Tofiqqızı Birliyin qurulması zərurəti haqqında danışarkən deyib ki, hazırda dünyaya səs salan, inkişaf etməkdə olan Azərbaycanın həm də bu yöndə tanıdılmasına və qlobal inteqrasiyasına əlavə töhfə verməyi özlərinə borc bilirlər.
“Biz Prezident İlham Əliyevin apardığı uğurlu və yorulmaz milli fəaliyyətindən ilhamlanaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın örnək fəaliyyətini rəhbər tutaraq bu Birliyi təsis etmək qərarına gəldik. Əsas məqsədimiz Azərbaycan dövlətinin bu sahədəki siyasətinə az da olsa vətəndaş töhfəmizi verməkdir”, – deyə Şəbnəm Tofiqqızı bildirib.
Əlavə edək ki, yeni qurumun təsis sənədləri avqustda qeydiyyat üçün Ədliyyə Nazirliyinə də təqdim edilib.








