Press "Enter" to skip to content

Moldovada 33-cü Beynəlxalq Opera Festivalı

Moldovada 33-cü Beynəlxalq Opera Festivalı

BAYRAQDAR MEDİA – Moldovanın paytaxtı Kişinevdə dünya opera sənətinin görkəmli simalarından olan Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş 33-cü Beynəlxalq Opera Festivalı baş tutub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müxtəlif ölkələrin tanınmış opera səhnələrinin ulduzlarını bir araya toplayan festivalda 12 ölkədən 20 xüsusi qonaq – Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Holland və İspaniyadan dirijor və müğənnilərlə bərabər Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppasının iştirakı ölkənin önəmli mədəni hadisələrindən birinə çevrilib. Cüzeppe Verdinin “Bal maskarad” operası ilə başlanan festivalın proqramında təqdim olunan “Yevgeniy Onegin”, “Sevgi şərbəti”, və “Turandot” kimi böyük səhnə əsərləri ilə bərabər “Don Kixot” və “Romeo və Cülyetta” baletləri də festivalda xüsusi maraqla qarşılanıb”.

Ardınca xəbərdə, “Festivalın ən gözlənilən hadisələrindən biri 4 ölkənin ifaçılarının bərabər səhnələşdirdikləri C. Puççinin “Turandot” operası olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarə etdiyi tamaşada Fransadan dəvət olunmuş soprano Kristel di Marko və tenor Diyeqo Qodoyun (Çili) ifaları ayaqüstə alqışlarla qarşılanıb. Moldova Milli Opera Teatrının müğənniləri, xoru və simfonik orkestrinin iştirakı operaya daha da rəng qatıb” deyə qeyd olunur.

Bildirək ki, tamaşada Azərbaycanın Moldovada Fövqəladə və Səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Moldova Milli Opera Teatrının direktoru Nikolau Doxotaru, Milli Filarmoniyanın müdiri Svetlana Bivol və Moldova Radio Simfonik Orkestrinin bədii rəhbəri Georgiy Mustya dinləyicilərin arasında xüsusi qonaq qismində iştirak ediblər.

Festival 5 oktyabrda təntənəli qala konsert proqramı ilə başa çatıb.

Mission News Theme by Compete Themes.