Ersin Tunay: “Gelenekten geleceğe mirasımız Kıbrıs” adlı musiqili tamaşa Avstraliyada səhnələnəcək
BAYRAQDAR MEDİA – Azərbaycanda da yaxşı tanınan Kuzey Kıbrısın Çağdaş Müzik Derneğinin (ÇMD) Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Ersin Tünay yenidən sədr seçilib, həmçinin idarə heyəti, nəzarət heyəti və intizam komitəsinin üzvləri də müəyyən olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.

Məlumata görə, Ümumi Yığıncaqdan dərhal sonra yeni yaradıcılıq planları üzrə işlər davam etdirilib. Belə ki, Ersin Tünayın yazıb idarə etdiyi musiqili tamaşa 2026-cı ilin 3–16 fevral tarixlərində Avstraliyanın Sidney və Melburn şəhərlərində səhnəyə qoyulacaq.
Öz növbəsində E.Tunay BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib ki, ümumiyyətlə, Çağdaş Müzik Derneği bir çox beynəlxalq layihələrə imza atıb və KKTC-ni qürurla təmsil edib: “İngiltərə, Misir, Makedoniya, Kosovo, Türkiyə, Azərbaycan, Macarıstan və Gürcüstan kimi ölkələrdə Kıbrıs türklərinə məxsus mahnılarla yanaşı, türk musiqisi nümunələrini də yüksək ustalıqla ifa edən ÇMD TSM Korosu, KKTC-nin ən böyük və ən prestijli musiqi kollektivi adını daşıyır. Yeni dövrün fəaliyyətlərinə 2025-ci ilin sentyabr ayında başlayan kollektiv, 2026-cı ildə həyata keçirəcəyi layihələri daha geniş bir müstəviyə daşıyaraq həm KKTC-də, həm də müxtəlif ölkələrdə Kıbrıs türk mədəniyyətinə aid geyimlərin, mahnıların, rəqslərin və musiqilərin təqdimatını həyata keçirəcək”.

Məlumata əsasən, yüz nəfərlik kollektivlə aparılan işlər dərnək sədri Ersin Tünayın rəhbərliyi ilə Çağdaş Müzik Derneği İncəsənət Mərkəzində musiqiçilərin iştirakı ilə davam etdirilir. Avstraliyada səhnələnəcək “Gelenekten geleceğe mirasımız Kıbrıs” adlı musiqili tamaşa üzərində görülən işlər kino və teatr sənətçisi Osman Alkaş, həmçinin şair və tədqiqatçı-yazıçı Ahmet Ömər Ağanın dəyərli töhfələri ilə aparılır. KKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin dəstəklədiyi tədbirdə “Ada Kıbrıs” layihəsinə də yer veriləcək.

Onu da xatırladaq ki, türk dünyasının mədəniyyət və incəsənət elçisi kimi fəaliyyət göstərən dərnək sədri Ersin Tünay, kollektivi ilə birlikdə daha əvvəl Bakıda da konsertlər vermişdi. Bizimlə söhbətində E.Tunay bildirdi ki, Kıbrıs türk mədəniyyətinə məxsus yeni musiqili tamaşanı 2026-cı ildə yenidən Bakıda səhnələşdirməyi də planlaşdırırlar.












