BAYRAQDAR MEDİA – Texnologiya inkişaf etdirən və istehsal edən bir Türkiyə hədəfi ilə Türkiyə Texnologiya Komandası Fondu və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin əsas icraçılığı altında həyata keçirilən TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı bu il 30 sentyabr – 4 oktyabr 2026-cı il tarixlərində Şanlıurfada təşkil olunacaq.
Bu barədə Ege Universitetindən məlumat verilib.
Məlumata görə, Türkiyədə milli texnologiyanın inkişafı prosesində mühüm rol oynayan dövlət qurumları, özəl sektor, akademik mühit və vətəndaş cəmiyyəti təşkilatlarının tərəfdaşlığı ilə keçirilən TEKNOFEST dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı kimi tanınır: “Yüz minlərlə gəncin arzularını gerçəkləşdirməsi məqsədilə festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə texnoloji yarışmalar təşkil olunur. Aviasiyadan kosmosa, süni intellektdən müdafiə sənayesinə, enerjidən aqrar texnologiyalara qədər geniş bir spektrdə gənclər istehsal etməyə, inkişaf etdirməyə və birlikdə uğur qazanmağa təşviq edilir. Bu istiqamətdə Milli Texnologiya Hərəkatı vizyonu ilə Türkiyənin texnologiya istehsal edən və inkişaf etdirən bir cəmiyyətə çevrilməsinə töhfə verilir”.
Məlumata görə, Ege Universitetinin rektoru professor doktor Musa Alcı bildirib ki, son illərdə həyatın bütün sahələrində sürətli texnoloji dəyişiklik və transformasiya baş verir: “Ege Universiteti olaraq gənclərimizin dövrün tələblərinə uyğun yetişdirilməsi, gələcəyin bacarıqları ilə təchiz edilməsi əsas prioritetlərimiz sırasındadır. Bu çərçivədə dərs proqramlarından laboratoriya infrastrukturuna qədər mövcud vəziyyətimizi yeniləyirik. Xüsusilə süni intellektin təhsil sistemi, elm və texnologiya sahələrinə düzgün inteqrasiyası üçün işlərimizi davam etdiririk. 2018-ci ildən bəri keçirilən TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalı yüz minlərlə gəncin arzularını gerçəkləşdirib. Bu il Milli Texnologiya Hərəkatının coşqusu Şanlıurfadan bütün dünyaya yayılacaq. TEKNOFEST-in tərəfdaşı və ölkəmizin köklü ali təhsil müəssisələrindən biri olaraq 30 sentyabr – 4 oktyabr 2026-cı il tarixlərində Şanlıurfa GAP Hava Limanında keçiriləcək bu möhtəşəm təşkilatda güclü şəkildə iştirak edəcəyik”.





