Press "Enter" to skip to content

“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı keçirilib

Konsret zamanı

Qərbi Azərbaycan aşıq mühitinə məxsus müxtəlif aşıq, el havaları və dastan nümunələri səsləndirilib

BAYRAQDAR MEDİA – Yanvarın 22-də “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub.

Bu barədə Agentlikdən məlumat verilib.

Ramil Qasımov: Aşıq sənəti milli kimliyimizin ayrılmaz hissəsidir

Məlumata görə, “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov bildirib ki, bu konsert rəhbərlik etdiyi təşkilatın elan etdiyi “Musiqi Kimliyimiz” layihəsi çərçivəsində ilk tədbirdir. Bu layihə Azərbaycan xalq musiqisinin köklərinə işıq salmaqla, aşıq sənətinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu vurğulayır, onu müasir auditoriyaya, xüsusilə gənc nəslə daha dolğun şəkildə təqdim etməyi hədəfləyir.

Ramil Qasımov
Ramil Qasımov

Ramil Qasımov bildirib ki, layihə çərçivəsində silsilə tədbirlər nəzərdə tutulur. O, “Dastan axşamları”nın təşkili üzərində işlədiklərini də diqqətə çatdırıb, bu proqramlar canlı ifa, dastan söyləmə, musiqi müşayiəti və bədii təqdimat formatında olacaq.

Aygün Əliyeva: Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlər, dinc yolla qayıdış təməl insan hüquqlarıdır

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Agentliyin təşkil etdiyi müsabiqələrdə Qərbi Azərbaycana qayıdış mövzusunun son illərdə prioritetə çevrildiyini bildirib. Qeyd edib ki, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlər, dinc yolla qayıdış təməl insan hüquqlarıdır.

Aygün Əliyeva
Aygün Əliyeva

Aygün Əliyeva təxminən 1 ildir fəaliyyətə başlayan “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin qısa müddət ərzində bir sıra nümunəvi layihələrlə çıxış etməsini yüksək qiymətləndirib. O, Agentliyin bu cür peşəkar, aktual layihələrə bundan sonra da dəstək olacağını vurğulayıb.

Məhərrəm Qasımlı: Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsi vacibdir

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq sənətinin milli-mənəvi dəyərlərin formalaşmasında oynadığı mühüm roldan danışıb. O, Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb.

Məhərrəm Qasımlı
Məhərrəm Qasımlı

M.Qasımlı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə 2025-ci ildə “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab nəşr etdiklərini bildirib.

Aşıq sənətinin inciləri təqdim edilib

Konsert proqramında Qərbi Azərbaycan aşıq mühitinə məxsus müxtəlif aşıq, el havaları və dastan nümunələri səsləndirilib. Sözləri Aşıq Alıya məxsus “İrəvan çuxuru”nu Nəbi Nağıyev, Nazim Quliyev, sözləri Aşıq Ələsgərə məxsus “Baş sarıtel”i Əli Pənahoğlu, “Baş müxəmməs”i Fətulla Göyçəli, ƏIəddin Göyçəli, İmran Xəlilov, “Hüseyni”ni Xanım Göyçəli, sözləri İsa Körpülüyə məxsus “Göyçə gözəlləməsi”ni İmralı Fikrətoğlu, sözləri Müşgül Musaya məxsus “Göyçəgülü”nü Ələddin Göyçəli, sözləri İsgəndər Ağbabalıya məxsus “Çalpapaq”ı Dərya Mərdanzadə, sözləri Alqayıt Xəlilova məxsus “Gəraylı”nı Xanlar Alqayıt ifa ediblər. Bundan başqa, İxtiyar Qocayev, Ləman Mirzəyeva, Elməddin Hacı və digərləri aşıq sənətinin incilərini təqdim ediblər.

Konsert zamanı
Konsert zamanı

QHT Agentliyi Qərbi Azərbaycana qayıdış mövzusunda mühüm təşəbbüsləri dəstəkləməkdə davam edəcək.

Mission News Theme by Compete Themes.