Press "Enter" to skip to content

Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçiminin növbəti mərhələsində

Azərbaycan “Avroviziya 2026” üçün namizəd seçiminin növbəti mərhələsində

BAYRAQDAR MEDİA – Azərbaycanın “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün namizəd seçimi prosesi plan üzrə davam edir. Bu dəfəki müsabiqə Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək. Bu müddət ərzində ifaçılar və müəlliflər müsabiqədə iştirak üçün yüksək maraq nümayiş etdirib.

Xəbər BAYRAQDAR MEDİA-ya İTV-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub. Bu müraciətlər çərçivəsində 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar tərəfindən, 79-u isə xarici müəlliflər tərəfindən təqdim edilib ki, bu da mahnıların təxminən 57,5 faizinin yerli, 42,5 faizinin isə beynəlxalq iştirakçılar tərəfindən göndərildiyini göstərir. İlkin qiymətləndirmə mərhələsində təqdim olunmuş müraciətlər peşəkar heyət tərəfindən ətraflı şəkildə təhlil olunub və növbəti mərhələyə 18 namizəd dəvət edilib”.

Bildirilib ki, “dəvət olunmuş iştirakçılar üçün canlı dinləmələr və fərdi müsahibələr təşkil olunub. Bu mərhələdə namizədlərin vokal imkanları, səhnə təqdimatı, beynəlxalq auditoriya üçün potensialı və Avroviziya formatına uyğunluğu həm peşəkar seçim komissiyası, həm də xüsusi formalaşdırılmış fokus qrupu tərəfindən qiymətləndirilib. Aparılan qiymətləndirmələrin nəticəsi olaraq, hazırda müsabiqənin növbəti mərhələsi üçün üç namizəddən ibarət qısa siyahı (short list) formalaşdırılıb. Seçim prosesi davam edir və yekun qərar əlavə yaradıcı və strateji müzakirələrdən sonra elan olunacaq”.

Qeyd edilib ki, “Azərbaycan nümayəndə heyəti müsabiqədə ölkəni ən yüksək səviyyədə təmsil edəcək ifaçının və kompozisiyanın müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir”.

Mission News Theme by Compete Themes.