Press "Enter" to skip to content

Kıbrıs türk xalqı bu siyasətin dəyişməsinə heç vaxt imkan verməz

Müsahibə zamanı

Ünal Üstel: KKTC türk dünyasının bir parçasıdır və gələcək inkişafı da türk dünyası ilə daha dərin inteqrasiyada görür

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü olub. Həmin görüşdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel də iştirak edib. Görüşlərdən sonra BAYRAQDAR MEDİA-ya özl müsahibə verən qardaş ölkənin Baş naziri bir sıra maraqlı məqamlara toxunub. Müsahibəni təqdim edirik.

Arzumuz budur ki, tezliklə bu müşahidəçi üzvlük tamhüquqlu üzvlüyə çevrilsin

-Cənab Baş nazir əvvəla, sizi yenidən Azərbaycanda görmək xoşdur. Səfər və keçirilən görüş barədə nələri qeyd etmək istərdiniz?

-Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanda olmaqdan böyük məmnunluq duyuruq. İlk növbədə, belə gözəl toplantıya bizi də dəvət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi-qəlbdən təşəkkür edirik. Ümumilikdə isə Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşdə iştirak KKTC üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu cür görüş və toplantılarda iştirak KKTC ilə digər türk dövlətləri arasında əlaqələrin daha da dərin inkişafına təkan verir. Bildiyiniz kimi KKTC TDT-nin müşahidəçi üzvüdür. Arzumuz budur ki, tezliklə bu müşahidəçi üzvlük tamhüquqlu üzvlüyə çevrilsin.

Qarşılıqlı gediş-gəliş xalqlarımız arasında bağların daha da güclənməsinə xidmət edəcək

-Əlaqələrin inkişafından söz düşmüşkən, Azərbaycanla KKTC arasında iqtisadi əlaqlərin inkişafı üçün hansı addımların atılması vacibdir?

-İlk növbədə, Azərbaycan və KKTC arasında əlaqələrin gücləndirilməsi üçün müəyyən güzəştlərin tətbiq olunmasını vacib hesab edirik. Arzumuz budur ki, KKTC-nin vətəndaşları öz pasportları ilə rahat şəkildə Azərbaycana səfər edə bilsinlər. İkincisi, turizmin inkişafı ilə əlaqədar azərbaycanlı qardaşlarımızın istirahət üçün KKTC-yə üstünlük vermələrini istəyirik. Kuzey Kıbrısın təbii gözəlliklərini – günəşli havasını, dənizini və mədəniyyətini yaxından tanımalarını arzulayırıq. Diqqətinizə çatdırım ki, Kuzey Kıbrıs turizminin böyük potensialı var. İki qardaş ölkə arasındakı əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində əməkdaşlığın daha da möhkəmlənməsi üçün mütləq şəkildə bir hava körpüsünün, birbaşa uçuşların yaradılması vacibdir. Bu körpü sayəsində həm Azərbaycanda yaşayan qardaşlarımız, həm də KKTC-də yaşayan soydaşlarımız bir araya gələ, bir-birinin mədəniyyətini, həyat tərzini və təbii gözəlliklərini daha yaxından tanıya bilərlər. Bu qarşılıqlı gediş-gəliş xalqlarımız arasında bağların daha da güclənməsinə xidmət edəcək. Çünki biz dünyaya hər zaman belə bir mesaj veririk: ana vətənimiz Türkiyə Cümhuriyyəti, qardaşımız Azərbaycan və KKTC ilə birlikdə “bir millət, üç dövlət” anlayışını təmsil edirik. Bu birliyin daha da güclənməsi üçün ilk növbədə turizm sahəsində konkret addımlar atılmalıdır. Bir daha deyirəm, əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları KKTC-yə, eyni zamanda KKTC vətəndaşları Azərbaycana rahat və əlçatan şəkildə səfər edə bilsinlər. Bu istiqamətdə müəyyən addımlar artıq atılır və Azərbaycan hökumətinin dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla, həmçinin bir sıra nazirlərlə görüşümüzdən gəldiyimiz nəticə sabaha daha inamla və ümidlə baxmağa əsas yaradır. Bu görüşlər nəticəsində prosesin daha da sürətlənəcəyinə inanırıq.

Biz doğru yoldayıq və bu yol geri dönüşü olmayan bir strateji seçimdir

-KKTC son illər türk dövlətləri ilə münasibətləri inkişaf etdirib. Lakin bəzən Kıbrıs daxilində müəyyən siyasi hadisələr baş veririk ki, bu da bəzi narahatlıqlar yaradır. Hətta belə suallar ortaya çıxır- sabah Kıbrısın türk dünyasına yönəlmiş kursu dəyişə bilərmi?

-Bu suala cavab çox aydındır – Kıbrıs türk xalq buna heç vaxt icazə verməz. KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunması, Azərbaycan və Türkiyə ilə münasibətlərimizin daha da dərinləşəcəyinin açıq göstəricisidir. Bu istiqamətdə atılan addımlar göstərir ki, biz doğru yoldayıq və bu yol geri dönüşü olmayan bir strateji seçimdir. Bu prosesdə böyük liderlik nümayiş etdirən Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı cənab Recep Tayyip Erdoğana və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürümüzü bildiririk. Gözləntimiz isə bəllidir -Türk Dövlətləri Təşkilatına tam üzvlük və bu təşkilat çərçivəsində əlaqələrimizi gələcəkdə daha da gücləndirmək, birliyimizi daha da möhkəmləndirməkdir. Bir daha bəyan edirəm ki, KKTC-nin yolu da, məqsədi də, məramı da bəllidir. KKTC türk dünyasının bir parçasıdır və gələcək inkişafı da türk dünyası ilə daha dərin inteqrasiyada görür. Buna görə də xalqımız bu siyasətin dəyişməsinə heç vaxt imkan verməz. Öz növbəsində TDT, təşkilatda təmsil olunan bütün ölkələr KKTC-yə daha sıx şəkildə yanaşmalı, türk dünyasının Doğu Akdenizə açılan qapısı olan KKTC ilə əlaqlərələri inkişaf etdirməlidirlər.

Görürük ki, rum tərəfinin düşüncə tərzi dəyişmir və dəyişməyəcək

-Elə isə son sual olaraq Kıbrıs adasında mövcud durumu dəyərləndirmənizi istərdik. Adada davamlı sülhün və sabitliyin olması üçün iki dövlətli həll modelinin alternativi ola bilərmi?

-Bildiyiniz kimi Kıbrıs türk xalqı azadlıq və müstəqillik yolunda şərəfli mübarizə aparıb, qurbanlar verib. Xalqımız 20 iyul 1974-cü ildə həyata keçirilən Kıbrıs Barış Hərəkatından sonra azadlığa qovuşub. Bu da məlumdur ki, Kıbrıs türk xalqı hər zaman sülh və sabitlik şəraitində yaşamağa üstünlük verib. Lakin təəssüflər olsun ki, bizim atdığımız addımlar rum kəsimi tərəfindən adekvat dəyərləndirilmədi. Hazırda da görürük ki, rum tərəfinin düşüncə tərzi dəyişmir və dəyişməyəcək. Elə buna görə də 2020-ci ildən bəri iki dövlətli həll prinsipini ortaya qoymuşuq. Biz inanırıq ki, əgər iki dövlətin bərabər əsasda dünya miqyasında tanınması təmin edilməsə, Kıbrıs məsələsində həll mümkün olmayacaq. Bizim istədiyimiz həll yolu budur və bu real bir yoldur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.