Dos. Dr. Yeşim Üstün: İnsanın həyatda ən önəmli vəzifələrindən birinin cəmiyyətə fayda vermək və ehtiyac sahiblərinə dəstək olmaq olduğuna inanıram
BAYRAQDAR MEDİA – “İnsanın həyatda ən önəmli vəzifələrindən birinin cəmiyyətə fayda vermək və ehtiyac sahiblərinə dəstək olmaq olduğuna inanıram. Xüsusilə akademik kimi yetişdirdiyimiz tələbələrin yalnız peşəkar biliyə deyil, eyni zamanda etik dəyərlərə və sosial məsuliyyət şüuruna sahib fərdlər olmaları böyük əhəmiyyət daşıyır”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Yakın Doğu Üniversiteti Meslek Yüksekokulu Saç Bakımı ve Güzellik Hizmetleri Bölümününün müdiri, Dos. Dr. Yeşim Üstün BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində deyib. Müsahibəni təqdim edirik:
İctimai həmrəyliyi gücləndirən layihələrdə yer almağa xüsusi diqqət etmişəm
-Belə bir fikir var ki, insan həyata sadəcə yaşamaq üçün deyil, eyni zamanda xeyirxahlıq etmək, ehtiyac sahiblərinə dəstək olmaq və həmrəylik ruhunu yaşatmaq üçün gəlir. Bu baxımdan, sizin həyatınızda bu dəyərlər necə bir yer tutur və fəaliyyətlərinizdə necə öz əksini tapır?
-Həyatım boyunca elmin işığında irəliləyərkən, ictimai həmrəyliyi gücləndirən layihələrdə yer almağa xüsusi diqqət etmişəm. Tələbələrimlə birlikdə həyata keçirdiyimiz sosial məsuliyyət fəaliyyətləri, ahıllar (yaşlı) evlərinə səfərlər və ehtiyac sahibi fərdlərə yönəlmiş dəstək işlərimiz bu anlayışın bir təzahürüdür. Çünki həqiqi uğur yalnız fərdi qazanc və nailiyyətlərlə deyil, cəmiyyət üçün yaradılan müsbət töhfələrlə mənasını tapır.
KKTC güclü mədəni kimliyə və akademik potensiala malikdir
-KKTC bu gün beynəlxalq aləmdə rəsmən tanınmasa da, türk dünyasının ayrılmaz bir parçası kimi azadlıq və müstəqillik mübarizəsini davam etdirir. Eyni zamanda, KKTC-nin müxtəlif platformalarda tanıdılması istiqamətində mühüm addımlar atılır. Siz bir akademik, vətəndaş cəmiyyəti fəalı və turizm sektorunda fəaliyyət göstərən bir şəxs olaraq bu proseslərə verdiyiniz dəstəyi necə xarakterizə edərdiniz?

-KKTC beynəlxalq aləmdə məhdud tanınmasına baxmayaraq, güclü mədəni kimliyə və akademik potensiala malikdir. Bir akademik olaraq qatıldığım beynəlxalq konqreslər, elmi toplantılar və təhsil təşkilatları vasitəsilə həm ölkəmizi, həm də təhsil sahəsində gördüyümüz işləri təmsil etməyə böyük önəm verirəm. Elmi işlərimizi beynəlxalq platformalarda bölüşmək, həm ölkəmizin görünürlüğünü artırır, həm də akademik əməkdaşlıqların inkişafına töhfə verir. Xüsusilə gözəllik və sağlamlıq turizmi sahəsində aparılan işlərin Kuzey Kıbrısın beynəlxalq aləmdə daha güclü mövqe qazanmasına xidmət edəcəyinə inanıram. Bu səbəbdən həm akademik, həm də sektoral fəaliyyətlərimdə ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə davam edirəm.
Türk dünyasında ortak bir humanitar yardım şəbəkəsinin qurulması vacibdir
-Bildiyimiz qədərilə, siz mütəmadi olaraq humanitar yardım fəaliyyəti həyata keçirir, Kuzey Kıbrısda ehtiyacı olan insanlara – yaşlılara, xəstələrə və sosial dəstəyə ehtiyacı olan təbəqələrə – yardım edirsiniz. Bu kontekstdə türk dünyasına çağırışınız nə olardı?

– Sosial yardımlaşma və ictimai həmrəylik güclü cəmiyyətlərin əsasını təşkil edir. Kuzey Kıbrısda həyata keçirdiyimiz sosial məsuliyyət layihələrində yaşlı insanların qayğısına dəstək olmaq, onların özlərini dəyərli hiss etmələrinə töhfə vermək bizim üçün son dərəcə mənalıdır. Bu fəaliyyətlər yalnız fiziki dəstək deyil, eyni zamanda mənəvi dayaq, motivasiya və ruh yüksəkliyi baxımından da çox böyük əhəmiyyət kəsb edir. Türk dünyasına çağırışım ondan ibarətdir ki, sosial məsuliyyət layihələri sahəsində daha çox əməkdaşlıq edilsin və ortaq platformalar yaradılsın. Ortak bir humanitar yardım şəbəkəsinin qurulması, bilik və resurs mübadiləsini gücləndirərək daha çox insana çata bilməyə imkan verəcək. İnanıram ki, eyni dəyərləri bölüşən insanlar bir araya gəldikdə, daha güclü, davamlı və təsir gücü yüksək olan layihələr həyata keçirmək mümkün olacaq.
KKTC və Azərbaycan arasında əməkdaşlıqların inkişaf etdirilməsi üçün böyük potensial var
-Bu gün KKTC ilə Azərbaycan arasındakı əməkdaşlıq inkişaf etməkdədir. Bir akademik və fikir adamı kimi bu əməkdaşlığın daha da gücləndirilməsi üçün hansı konkret addımları təklif edərdiniz?
-KKTC və Azərbaycan arasında akademik, mədəni və sektoral əməkdaşlıqların inkişaf etdirilməsi üçün böyük bir potensial var. Xüsusilə təhsil, sağlamlıq turizmi və gözəllik sektoru sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkə üçün mühüm imkanlar yaradır. Bu əməkdaşlığın gücləndirilməsi üçün aşağıdakı addımların önəmli olduğunu düşünürəm: Universitetlər arasında ortaq elmi-tədqiqat layihələrinin artırılması; Tələbə və akademik mübadilə proqramlarının genişləndirilməsi; Sağlamlıq turizmi və gözəllik sektoru üzrə ortaq təlim və tədris proqramlarının yaradılması; Beynəlxalq konqres və simpoziumların birgə təşkil edilməsi; Sosial məsuliyyət layihələri çərçivəsində ortaq fəaliyyətlərin həyata keçirilməsi. Hesab edirəm ki, elmi bilik mübadiləsinin artması iki ölkə arasındakı əlaqələri gücləndirəcək və yeni layihələrin ortaya çıxmasına zəmin hazırlayacaq. Akademik və sektoral əməkdaşlıqlar yalnız iqtisadi deyil, həm də mədəni və sosial baxımdan mühüm qazanc və üstünlüklər təmin edəcək.










İlk şərhi yaza bilərsiniz