Levent Kutay: Azərbaycanın göstərdiyi dəstək son dərəcə əhəmiyyətli, dəyərli və tarixi xarakter daşıyır
BAYRAQDAR MEDİA – “Azərbaycan öz gözəlliyi, cazibədarlığı, köklü sivilizasiyası və zəngin mədəniyyəti ilə həqiqətən diqqət çəkən bir ölkədir. Qardaş ölkənin tarixi irsini qoruyaraq müasirləşməyi bacarması isə xüsusi təqdirə layiqdir. Lakin ən önəmlisi, Azərbaycan insanının səmimi, mehriban və son dərəcə qonaqpərvər olmasıdır. Bu xüsusiyyətlər ölkəni təkcə coğrafi baxımdan deyil, həm də insani dəyərlər baxımından fərqli və xüsusi mövqeyə yüksəldir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində BRT-də xəbər proqramının aparıcısı, Haber Kıbrıs yazarı Levent Kutay deyib.
Ötən həftə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə iştirak edən KKTC Baş naziri Ünal Üstelin heyətində yer alan L.Kutay BAYRAQDAR MEDİA-ya müsahibəsində həm Azərbaycan haqqında təəssüratlarını bölüşüb, həm də digər məsələlərə münasibət bildirib.
Bu torpaqlarda yaşayan insanların həm keçmişlərinə sahib çıxmaları, həm də gələcəyə inamla addımlamaları böyük qürur mənbəyidir
Azərbaycanın mövcud uğurlarını dəyərləndirən müsahibimiz “Min illik bir sivilizasiyanın daşıyıcıları kimi bu torpaqlarda yaşayan insanların həm keçmişlərinə sahib çıxmaları, həm də gələcəyə inamla addımlamaları böyük qürur mənbəyidir. Digər tərəfdən, Azərbaycanın malik olduğu zəngin təbii resursları iqtisadi baxımdan düzgün şəkildə qiymətləndirərək xalqa yönəltməsi ölkənin güclü mövqeyini daha da möhkəmləndirir. Bu amil Azərbaycanı türk dünyası daxilində xüsusi bir yerə sahib edir” deyib.
O, qeyd edib ki, bütün bu xüsusiyyətləri ilə Azərbaycan haqqında son dərəcə müsbət və güclü təəssüratlar formalaşmışdır: “Bu fikirlərlə səmimi şəkildə razılaşır və bu gözəl ölkəyə olan heyranlığımızın gündən-günə daha da artdığını vurğulamaq istərdim”.
Bu toplantı KKTC-nin türk dünyasına inteqrasiyası baxımından olduqca mühüm əhəmiyyət daşıyırdı
KKTC Baş nazirinin Bakı görüşündə iştirkaının əhəmiyyətinə dair suala cavbında L.Kutay qeyd edib ki, bu toplantı, KKTC-nin türk dünyasına inteqrasiyası baxımından olduqca mühüm əhəmiyyət daşıyırdı: “Şübhəsiz ki, türk dövlətləri arasında KKTC-yə münasibətin formalaşmasında Türkiyənin və hörmətli Cümhurbaşqanı Recep Tayyip Erdoğanın ciddi təsiri və lider rolu var. Lakin bu prosesdə daha da diqqət çəkən məqam ondan ibarətdir ki, bu məsələdə təşəbbüs yalnız Türkiyədən gəlmir. Xüsusilə vurğulamaq lazımdır ki, Kıbrıs məsələsində Azərbaycanın göstərdiyi dəstək və açıq mövqe son dərəcə əhəmiyyətli, dəyərli və tarixi xarakter daşıyır. Azərbaycanın bu cür sahib çıxması və qucaq açması türk dünyası daxilində həmrəyliyin real nümunəsidir. Bu siyasətin formalaşmasında başda Azərbaycan Prezidenti Ilham Aliyev olmaqla, ölkənin siyasi rəhbərliyinin və hakim Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Onların apardığı xətt nəticəsində Azərbaycan bu gün regionda daha aktiv, təşəbbüskar və birləşdirici güc kimi çıxış edir. Nəticə etibarilə, Azərbaycanın Türkiyə ilə yanaşı bu məsələlərdə nümayiş etdirdiyi prinsipial və dəstəkləyici mövqe olduqca önəmlidir. Bu yanaşma həm Türk dünyasının birliyi baxımından, həm də gələcək əməkdaşlıq perspektivləri baxımından tarixi əhəmiyyət daşıyır”.
Azərbaycanda gördüyümüz bu pozitiv mənzərə bizdə çox güclü və xoş duyğular yaradır
KKTC-Azərbaycan əməkdaşlığının gələcək perspektivlərinin media prizmasından necə görürsünüz sualına gəlincə müsahibimiz öncə onu deyib ki, bu olduqca pozitiv əhval-ruhiyyə yaradır: “Azərbaycanda gördüyümüz bu pozitiv mənzərə bizdə çox güclü və xoş duyğular yaradır. Uzun illər müəyyən mənada qapalı qalmış, müxtəlif tarixi və sosial çətinliklər yaşamış bir cəmiyyət olaraq bu təcrübələri biz də yaşamışıq. Bu baxımdan Azərbaycan bu gün bizim üçün yeni bir pəncərə açır. Əlbəttə, bu proseslərin sürətli və asan şəkildə inkişaf edəcəyini demək düzgün olmaz. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda KKTC-yə müsbət bir baxış mövcuddur. Bu, bizim üçün olduqca önəmlidir”.
Azərbaycanın strateji imkanları türk dünyasına, o cümlədən KKTC-yə ciddi töhfələr verə bilər
Konkret addımlara gəlincə qeyd edilib ki, KKTC Azərbaycanın böyük potensialından faydalanmaq istəyir: “Eyni zamanda inanırıq ki, Azərbaycanın strateji imkanları türk dünyasına, o cümlədən KKTC-yə ciddi töhfələr verə bilər. Bu baxımdan Azərbaycan bizim üçün mühüm tərəfdaş və gələcəkdə daha da önəmli bir istiqamət ola bilər. Eyni zamanda, bölgədəki münaqişələrin artıq arxada qalması fonunda turizm sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir. Turizm sektoru bu istiqamətdə daha fəal olmalı və hökumətlər səviyyəsində də müəyyən təşəbbüslər irəli sürülməlidir. Bundan əlavə, xalqlar və ölkələr arasında mövcud olan tarixi və siyasi körpülər olduqca qiymətlidir. Bu əlaqələri daha da gücləndirmək üçün siyasi münasibətlərin gündəlik həyata, iqtisadiyyata və mədəni sahələrə daha çox inteqrasiya olunması vacibdir. Nəticə etibarilə, Azərbaycanla əməkdaşlıq bizə yeni imkanlar və yeni perspektivlər açır. Bu əlaqələri hərtərəfli inkişaf etdirərək daha geniş bir əməkdaşlıq mühiti yaratmaq mümkündür”.
Sonda isə Azərbaycan xalqına KKTC heyətinə göstərilən səmimi münasibətə görə təşəkkür edən L.Kutay aşağıdakıları vurğulayıb: “Şəxsi olaraq qeyd etməliyəm ki, Azərbaycanda gördüyüm səmimiyyət, dostluq münasibəti və isti münasibət məni çox təsirləndirdi. İnsanların qonaqpərvərliyi, gündəlik həyatdakı sadəlik və xüsusilə çay mədəniyyəti çox xoş təəssürat yaratdı”.










İlk şərhi yaza bilərsiniz