Ali Pilli: Biz Kuzey Kıbrıs türkləri olaraq hər zaman türk dünyasının yanında olmuşuq və bundan sonra da olacağıq
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi ötən həftə Azərbaycan türk dünyası ilə bağlı daha bir tədbirə ev sahibliyi etdi. Bakıda Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirildi. Bu görüşdə Kuzey Kıbrıs Türk Cümhiryyətinin Baş naziri Ünal Üstel də iştirak etdi. Bəs, bu tədbrdə iştirak KKTC üçün hansı anmlam kəsb edir? KKTC nümayəndə heyətinin tərkibində Bakıya səfər etmiş Ulusal Birlik Partiyasının millt vəkili, keçmiş səhiyyə naziri Ali Pillinin BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində bu və digər suallara cavab aldıq.
Azərbaycanı və onun insanlarını çox sevdim
Öncə Azərbaycana ilk dəfə səfər etdiyini deyən A.Pilli səfərdən və xalqımızın qonaqpərvərliyindən razı qaldığını bildirdi: “İlk növbədə qeyd edim ki, mən Azərbaycana ilk dəfədir gəlirəm və buranı gözlədiyimdən də daha gözəl gördüm. Bizə göstərilən yüksək qonaqpərvərliyə görə səmimi təşəkkürümü bildirirəm. Həqiqətən bizə çox yaxşı münasibət göstərildi, böyük diqqət və qayğı ilə qarşılandıq. Mən Azərbaycanı və onun insanlarını çox sevdim. İnanıram ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək və daha güclü bir dövlətə çevriləcək. Əslində, qardaş ölkə artıq bu istiqamətdə inamla irəliləyir”.
Azərbaycan türkləri ilə Kuzey Kıbrıs türkləri arasında çox güclü və dərin bağlar mövcuddur
İki qardaş ölkənin əməkdaşlıq perspektivlərinə dair suala gəlincə A.Pilli Azərbaycan ilə KKTC arasında iqtisadi, mədəni və siyasi sahələrdə münasibətlər daha da inkişaf etməsinin arzuedilən və vacib olduğunu dedi: “Çünki Azərbaycan türkləri ilə Kuzey Kıbrıs türkləri arasında çox güclü və dərin bağlar mövcuddur. Adət-ənənələrimiz, mədəniyyətimiz və hətta gündəlik istifadə etdiyimiz sözlər belə bir-birinə çox yaxındır. Bu səbəbdən biz özümüzü burada çox rahat və xoşbəxt hiss etdik. İnsanlar bizi çox səmimi və isti qarşıladılar, bizə sevgi və hörmət göstərdilər. Bu isə bizə böyük məmnunluq verdi. Sonda bir daha həm ölkənin rəhbərliyinə, həm də bütün Azərbaycan xalqına ürəkdən təşəkkürümü bildirirəm. Bizə göstərilən diqqət və qonaqpərvərlik heç zaman unudulmayacaq”.
“KKTC-də baş verən siyasi gərginlik fonunda ölkənin türk dünyasına yönəlik siyasətinin dəyişə bilməsi təhlükəsi varmı” sualına cavabında A.Pilli bunun qətiyyən mümkün olmayacağını dedi: “Qəti şəkildə deyə bilərəm ki, yox. Xalq buna qətiyyən imkan verməz. Çünki bizim yolumuz da, siyasətimiz də, amalımız da bəllidir. Biz Kuzey Kıbrıs türkləri olaraq hər zaman türk dövlətlərinin, türk dünyasının yanında olmuşuq və olacağıq. Eyni zamanda Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməyimiz türk dünyasına daha dərindən inteqrasiya yolunda mühüm uğurdur. Ana vətənimiz Türkiyə daim bu yolda bizə dəstək verib. Eyni isti münasibəti Azərbaycandan da gördük. Həm rəsmi görüşlərdə, həm də gündəlik ünsiyyətdə bu səmimiyyət və dostluq açıq şəkildə hiss olunurdu”.
Türk dünyası həm siyasi, həm tarixi və mədəni, həm də iqtisadi baxımdan böyük potensiala malikdir
Müsahibimiz deyib ki, KKTC türk dünyasının birləşməsini, daha da güclənməsini və bu birliyin gələcəkdə daha da irəli aparılmasını istəyir: “Çünki aydındır ki, bu birlik möhkəmləndikcə və əlaqələr sıxlaşdıqca, dünyada ən güclü birliklərdən birinə çevrilə bilər. Türk dünyası həm siyasi, həm tarixi və mədəni, həm də iqtisadi baxımdan böyük potensiala malikdir. Zəngin yeraltı resurslar – neft, qaz və digər sərvətlər – bu gücün əsas dayaqlarındandır. Bu gün qlobal iqtisadi çətinliklər və xüsusilə Orta Doğuda baş verən proseslər fonunda Avropanın bu resurslara ehtiyacı daha da artır. Bu baxımdan, tarixi İpək Yolu marşrutunun, yəni Çinlə Avropanı birləşdirən iqtisadi dəhlizin daha fəal şəkildə işləməsi böyük əhəmiyyət daşıyır. Bu, həm region ölkələrinin iqtisadiyyatını gücləndirər, həm də türk dünyasının qlobal mövqeyini möhkəmləndirər”.
KKTC Doğu Akdenizdə türk dünyasının mühüm strateji dayaqlarından biridir
Qeyd olunub ki, digər tərəfdən, KKTC Doğu Akdenizdə türk dünyasının mühüm strateji dayaqlarından biridir: “Bu baxımdan onun gücləndirilməsi və dəstəklənməsi vacibdir. Çünki bu ərazi türk dövlətləri üçün regionda bir növ qapı rolunu oynayır. Onun zəifləməsi bütövlükdə regiondakı mövqelərə təsir göstərə bilər. Nəticə etibarilə, biz türk dünyası olaraq bu birliyi qorumağa və daha da gücləndirməyə davam etməliyik. Azərbaycanda gördüyümüz sevgi, diqqət və səmimiyyət də göstərir ki, bu birlik artıq yalnız siyasi deyil, həm də mənəvi əsaslara söykənir. Bu isə bizi daha da ruhlandırır və gələcəyə daha inamla baxmağa imkan verir”.










İlk şərhi yaza bilərsiniz