Ziya Öztürkler: KKTC ilə Azərbaycan arasında möhkəm mənəvi-qardaşlıq bağları mövcuddur
BAYRAQDAR MEDİA – “Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Türk Dövlətləri Təşkilatında, habelə TÜRKPA-da təmsil olunması qurum ölkələri ilə daha səmərəli əlaqələrin qurulmasına imkan verəcək. Kuzey Kıbrısın Türkiyə və Azərbaycan parlamentləri ilə mövcud olan uğurlu əməkdaşlığı bütün türk dövlətləri parlamentləri ilə də inkişaf etdirilməsi vacibdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisinin sədri, Kuzey Kıbrıs-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ziya Öztürkler deyib.
Bu səfəri ümumilikdə çox müsbət və faydalı hesab edirəm
Məlumat üçün bildirək ki, ötən həftə Bakıda Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclası keçirilib.
Bakı səfəri il bağlı hansı təəssüratların olmasına dair sualı cavablandıran Z.Öztürkler “Bu səfəri ümumilikdə çox müsbət və faydalı hesab edirəm. Xüsusilə də bu cür toplantılar Kıbrıs türk xalqı üçün böyük əhəmiyyət daşıyır. Beynəlxalq səviyyədə təhlükəsizlik və siyasi dəstək baxımından bu görüşlər olduqca önəmlidir. Buna görə həm Ana vətən Türkiyəyə, həm də can Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm” deyib.
O, xüsusilə Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı Recep Tayyip Erdoğana və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib: “Türk dövlətləri ilə münasibətlərin inkişafında onların çox ciddi töhfələri var. Bu gün biz Kuzey Kıbrıs Türk Cümhuriyyəti olaraq öz bayrağımızla Azərbaycana gələ bilir, burada rəsmi görüşlər keçirə bilirik. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşlərimiz oldu. Həm parlament sədrləri səviyyəsində, həm də dostluq qrupları çərçivəsində keçirilən toplantıları olduqca məhsuldar hesab edirəm”.
Kıbrıs türk xalqı baş verənləri düzgün qiymətləndirə bilir
“Son vaxtlar Kuzey Kıbrısda bəzi arzuolunmaz proseslər baş verir. Xüsusilə Kıbrısda bəzi dairələr sanki Azərbaycana səfər edən rəsmiləri hədəfə alırlar. Bununla bağlı nə deyə bilərsiniz” sualına cavabında Z.Öztürkler deyib ki, bunların arxasında böyük strateji səbəblər deyil, daha çox kiçik siyasi hesablaşmalar dayanır: “Kıbrıs türk xalqı baş verənləri düzgün qiymətləndirə bilir. KKTC ilə Azərbaycan arasında möhkəm mənəvi-qardaşlıq bağları mövcuddur və bu əlaqələr daha da güclənməlidir. Türk dünyası ilə KKTC arasındakı bağ qopmazdır. Bu baxımdan həm Türkiyənin, həm də Azərbaycanın dəstəyi xüsusi əhəmiyyət daşıyır. Gələcəkdə bu dəstəyin daha da artacağına inanırıq. Biz hər zaman Azərbaycan nümayəndələrini Kuzey Kıbrıs Türk Cümhuriyyətində görməkdən məmnun olarıq. Eyni zamanda KKTC nümayəndələrinin də Azərbaycanda daha fəal şəkildə iştirak etməsi vacibdir. Çünki ortaq dilimiz, ortaq mədəniyyətimiz və ortaq dəyərlərimiz var”.
KKTC-də fəaliyyət göstərən bütün siyasi partiyaların Azərbaycana münasibəti olduqca müsbətdir
Parlament sədri əlavə edib ki, hazırda Kuzey Kıbrıs Türk Cümhuriyyətində fəaliyyət göstərən bütün siyasi partiyaların Azərbaycana münasibəti olduqca müsbətdir: “Bu, çox önəmli bir məqamdır. Demək olar ki, siyasi spektrin bütün nümayəndələri Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır və bu istiqamətdə vahid mövqe nümayiş etdirirlər. Bizim müəyyən proqram və təşəbbüslər çərçivəsində Azərbaycana gələn nümayəndə heyətləri, tələbələr və müxtəlif sahələr üzrə fəaliyyət göstərən şəxslər də bu münasibətlərin canlı şahididir. Onlar burada gördüklərini, Azərbaycanın inkişaf tempini və əldə etdiyi uğurları yaxından müşahidə edir və bunu yüksək qiymətləndirirlər. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin sürətli inkişafı, beynəlxalq aləmdə artan nüfuzu və oynadığı rol Kuzey Kıbrıs türk xalqı tərəfindən böyük rəğbətlə qarşılanır. Bu, həm sevinc, həm də qürur hissi doğurur. Ümumilikdə, Azərbaycanla münasibətlər yalnız siyasi deyil, həm də mənəvi və qardaşlıq təməllərinə söykənir. Bu baxımdan gələcəkdə bu əlaqələrin daha da dərinləşəcəyinə və institusional səviyyədə genişlənəcəyinə inanırıq”.
KKTC daxilindəki siyasi gərginliklə bağlı suala isə müsahibimiz aşağıdakı cavabı verib: “Hesab edirəm ki, bu istiqamətdə müsbət gözləntilər var. Əsas məqsəd mövcud siyasi sabitliyi qorumaq və dövlətçilik ənənələrini daha da gücləndirərək davam etdirməkdir”.










İlk şərhi yaza bilərsiniz