Press "Enter" to skip to content

Azərbaycanla əməkdaşlığın genişləndirilməsi əsas hədəflərimizdəndir

Resmiye Eroğlu Canaltay

Resmiye Eroğlu Canaltay: Azərbaycan bizim üçün sadəcə dost ölkə deyil, can qardaş ölkədir və Türk dünyasının önəmli bir parçasıdır

BAYRAQDAR MEDİA – KKTC-Türkiyə Parlament Dostluq Qrupunun rəhbəri Resmiye Eroğlu Canaltay deyib. Ötən həftə Bakıda keçirilən Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin 3-cü iclasında iştirak edən Resmiye Eroğlu Canaltay BAYRAQDAR MEDİA-ya özəl müsahibə verib. Müsahibəni təqdim edirik.

-Resmiye xanım Azərbaycana yenidən xoş gəlmisiniz. Səfərinizi və iclasın nəticələrini necə dəyərləndirərdiniz?

-İlk öncə bütün Azərbaycan xalqına səmimi salamlarımı və sevgilərimi çatdırıram. Burada olmaq bizim üçün böyük şərəf və qürur mənbəyidir. Azərbaycan bizim üçün sadəcə dost ölkə deyil, can qardaş ölkədir və Türk dünyasının önəmli bir parçasıdır. Biz hamımız bu böyük dünyanın bir parçası, bir növ əsgərləriyik. Mən rəsmi olaraq KKTC-Türkiyə Parlament Dostluq Qrupunun rəhbəriyəm, eyni zamanda parlamentdə KKTC-Azərbaycan Dostluq Qrupunda sədr müavini kimi fəaliyyət göstərirəm.

Resmiye xanım deyir ki, Azərbaycan Qafqaz regionunda mühüm və lider mövqeyə sahibdir və bu liderlik, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib
Resmiye xanım deyir ki, Azərbaycan Qafqaz regionunda mühüm və lider mövqeyə sahibdir və bu liderlik, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib

Uzun illərdir Azərbaycana tez-tez səfərlər etmişəm. Xüsusilə turizm sahəsindən gəldiyim üçün bir dövrdə iki ölkə arasında turizmin inkişafı istiqamətində də fəal çalışmışam. Hazırda əsas məqsədimiz iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsidir. Eyni zamanda Türk dünyasının birliyinin möhkəmləndirilməsi, əlaqələrin daha da sıxlaşdırılması və bu gücün beynəlxalq aləmdə daha aydın şəkildə nümayiş etdirilməsi prioritet istiqamətlərimizdəndir.

Azərbaycan Qafqaz regionunda mühüm və lider mövqeyə sahibdir

Biz yaxşı bilirik ki, Azərbaycan Qafqaz regionunda mühüm və lider mövqeyə sahibdir. Bu liderlik, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib. Türkiyə isə hər zaman bizim yanımızda olub və biz də Doğu Akdenizdə türk dünyasının mövcudluğunu qorumaq üçün ciddi mübarizə aparmışıq. Bu gün əsas hədəfimiz Azərbaycanla münasibətlərimizi daha da inkişaf etdirmək, iqtisadi tərəqqiyə və mədəni əməkdaşlığa hansı töhfələri verə biləcəyimizi müəyyənləşdirməkdir. Sevindirici haldır ki, biz artıq Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi statusda təmsil olunuruq və bu platformalarda daha fəal iştirak edirik. Səfərimizin əsas məqsədlərindən biri də Azərbaycan Milli Məclisində rəsmi görüşlər keçirmək, o cümlədən parlament rəhbərliyi ilə fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir. Bu baxımdan, görüşlərin çox faydalı və məhsuldar keçdiyini qeyd etmək istərdim.

KKTC-nin türk dünyası ilə bağlı siyasəti dəyişməzdir

-KKKTC-də baş verən son proseslər, daxili gərginlik fonunda bəzi narahatlıqlar yaranıb. Məsələn, kənardan baxanda, belə təəssürat yaranır ki, daxildə bəzi qüvvələr KKTC-nin türk dünyası ilə bağlı siyasətini dəyimək, KKTC-ni Türkiyədən ayrı salmaq niyyətindədir…

Kıbrısda türk olmağın bədəli yenə də ödənilir

-Qəti şəkildə deyə bilərəm ki, bu mümkün deyil. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin istiqaməti dəyişməzdir. Bizim Türkiyədən üz döndərməyimiz, fərqli bir istiqamət seçməyimiz mümkün deyil. Kıbrıs türk xalqı illər boyu çox ağır sınaqlardan keçib. Bu, sadəcə siyasi mübarizə deyil, varlıq, kimlik və türkçülük mübarizəsidir. Bu mübarizə bu gün də davam edir və Kıbrısda türk olmağın bədəli yenə də ödənilir. Əlbəttə, həm daxildə, həm də xaricdə bu ideologiyanı zəiflətmək istəyən qüvvələr var. Bəzən müəyyən qruplar tərəfindən qərəzli informasiyalar yayılır, ictimai rəyə təsir göstərmək cəhdləri olur. Lakin Kıbrıs türk xalqı nə baş verdiyini yaxşı anlayır və bu cəhdlərin uğurlu olacağına inanmıram. Bizim əsas dayağımız və güvəndiyimiz dövlət Türkiyədir. Tarix boyu Türkiyə hər zaman yanımızda olub və bu gün də bu dəstək davam edir. Adada iki dövlətli həll modeli də məhz bu reallıqlara əsaslanır və biz bu mövqedən geri çəkilməyi düşünmürük.

Müsahibə zamanı
Müsahibə zamanı

Kıbrısın strateji mövqeyi olduqca həssasdır. Orta Doğuda baş verən hadisələr, xüsusilə Qəzzadə yaşanan faciələr regionda təhlükəsizlik məsələlərinin nə qədər ciddi olduğunu bir daha göstərir. Bu baxımdan Türkiyənin bölgədəki varlığı və təmin etdiyi təhlükəsizlik Kıbrıs türk xalqı üçün həyati əhəmiyyət daşıyır. Tarixdə Kıbrıs türkləri böyük itkilər verib, demək olar ki, hər ailədə şəhidlər var. Bu səbəbdən biz bu gün birlik və həmrəyliyimizi qoruyaraq yolumuza davam etməliyik.

Bu səfərlər kimlərisə narahat edir, amma proses dayanmayacaq

-Kıbrısdan Azərbaycana edilən yüksək səviyyəli səfərlərdən sonra KKTC-də müəyyən gərginliklərin yarandığı müşahidə olunur. Bunu necə qiymətləndirirsiniz?

-Açıq demək lazımdır ki, bəzi qüvvələr Türkiyə, Azərbaycan və KKTC arasında əlaqələrin güclənməsindən narahatdırlar. Bu münasibətlərin inkişafı onları ciddi şəkildə narahat edir və buna görə də müxtəlif informasiya hücumlarına əl atırlar. Amma qeyd etmək istəyirəm ki, biz buraya gəzmək üçün gəlməmişik. Səfərimizin məqsədi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin beynəlxalq görünürlüğünü artırmaq, Azərbaycanla əlaqələri daha da möhkəmləndirməkdir. Bu baxımdan Azərbaycan Milli Məclisində keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır. Bu səfərin baş tutması üçün böyük hazırlıq işləri görülüb. Həm KKTC–Türkiyə, həm də Azərbaycan dostluq qrupları səviyyəsində ciddi əmək sərf olunub. Bu prosesdə Türkiyə rəhbərliyinin, xüsusilə Recep Tayyip Erdoğanin liderliyi mühüm rol oynayıb. Eyni zamanda Numan Kurtulmuş və parlament komandalarının da əhəmiyyətli töhfələri olub. Ona görə də bu uğurlu nəticəyə görə hər kəsə təşəkkür edirəm. Türkiyənin gücü eyni zamanda bizim gücümüzdür və bu dəstək bizim üçün həyati əhəmiyyət daşıyır.

Müsahibədən xatirə fotosu
Müsahibədən xatirə fotosu

Kıbrıs daxilində səslənən tənqidlərə gəlincə, bunları normal siyasi prosesin bir hissəsi kimi dəyərləndirmək olar. Müxalifət hər zaman tənqid edəcək. Hətta qeyd etmək lazımdır ki, bəzi müxalifət nümayəndələri də bu səfərdə iştirak etməli idilər, lakin son anda müxtəlif səbəblərlə, o cümlədən daxili proseslərlə əlaqədar geri çəkildilər. Təəssüf ki, ölkə daxilində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin inkişafını istəməyən bəzi dairələr də mövcuddur. Lakin bütün bunlara baxmayaraq, biz yolumuza davam edəcəyik və Azərbaycanla münasibətlərin inkişafını prioritet olaraq saxlayacağıq.

Azərbaycanla əlaqələrin daha da inkişafını istəyirik

-Sonda Azərbaycan xalqına və dövlətinə mesajınız nə olardı?

-İlk növbədə Azərbaycan xalqına böyük sevgi və hörmətimi ifadə etmək istəyirəm. Azərbaycanı həqiqətən çox sevirəm. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bizə göstərdiyi diqqət və dostluq münasibətinə görə təşəkkür edirik. Bu dəstək bizim üçün çox dəyərlidir. Düzdür, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin rəsmən tanınmasını arzulayırıq, lakin bununla yanaşı, istəyirik ki, Azərbaycan xalqı gəlib ölkəmizi yaxından tanısın. Yaratdığınız imkandan istifadə edib, müraciət edirəm: Gəlin, Kuzey Kıbrısın təbii gözəlliklərini görün, mədəniyyətimizi tanıyın. Gənclər arasında mübadilə proqramlarının təşkili, tələbələrin qarşılıqlı şəkildə universitetlərdə təhsil alması, idman, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərimizdəndir. İş adamlarına da müraciət edirəm: gəlin, ölkəmizi yaxından tanıyın. Kuzey Kıbrıs Doğu Akdenizdə təhlükəsiz və perspektivli bir məkandır. Burada investisiya üçün geniş imkanlar mövcuddur. Eyni zamanda qeyd etmək istəyirəm ki, hər səfərimdə Bakı şəhərinin daha da inkişaf etdiyini görürəm. Bu şəhər artıq bir çox Avropa paytaxtları ilə müqayisə oluna biləcək səviyyəyə çatıb. Bununla yanaşı, Naxçıvan və Qarabağ bölgələrinin də inkişafı sevindiricidir. Arzum budur ki, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında əlaqələr daha da güclənsin. Bu münasibətlər yalnız iki ölkə üçün deyil, ümumilikdə türk dünyasının gələcəyi üçün də böyük əhəmiyyət daşıyır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.