Press "Enter" to skip to content

O, AzTV-də bir ilkə imza atdı – VİDEO

Sevil Çakar səhnədə

Sevil Çakardan BAYRAQDAR MEDİA-ya özəl müsahibə

BAYRAQDAR MEDİA solist, televiziya aparıcısı, layihə rəhbəri, eyni zamanda qardaş Türkiyədə “Sevilya” ballı tortların yaradıcısı və “Azerbal” arıçılıq brendinin təsisçisi Sevil Çakarla özəl müsahibəni təqdim edir.

-Sevil xanım, bir Azərbaycanlı olaraq özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-Mən, Sevil Eldar qızı Çakar 1998-ci ildən Türkiyədə yaşayıram. Televiziya fəaliyyətimə AzTV-də yayımlanan musiqili yemək reseptləri proqramı ilə başlamışam. Bu, AzTV-də bir ilk idi. Türkiyəyə köçdükdən sonra da bu sahədə fəaliyyətimi davam etdirdim. İzləyicilər məni əsasən KON TV ekranlarında yayımlanan “Sevilin Mutfağı”, İstanbul kanallarında isə “Planet Mutfak”da və Kanal 7-də yayımlanan “Sizə salam gətirmişəm” proqramı vasitəsilə tanıyır.

Qadınlar üçün veriliş mənə həvalə edildi…

-Deməli siz AzTV-nin ilk yemək proqramının aparıcısı olmusunuz. Bir az bu haqda danışaq.

-Xatırlayıram, 1992–1993-cü illər idi. Öncə uşaqlar üçün proqram hazırladıq. Aydın İmanovun rəhbərlik etdiyi uşaq redaksiyasında “Sehirli əllər” adlı verilişimiz var idi. O dövrdə atam icazə vermədiyi üçün ekranda görünmək istəmirdim, proqramı yalnız əllərim vasitəsilə aparırdım. Uşaq verilişindən sonra qadınlar üçün proqrama keçdim. Gənc yaşda məni ilk dəfə kəşf edən isə Folklor Sarayına çəkilişə gələn Məhərrəm Qasımlı oldu. O zaman Folklor Sarayı yeni açılmışdı və təqdimat çəkilişləri aparılırdı. Çəkiliş zamanı oradakı qız danışa bilmədiyi üçün özümü saxlaya bilmədim və onun əvəzinə eksponatları izah etməyə başladım. Məhz o anda kameranı mənə yönəltdilər və məni çəkdilər. Folklor Sarayında uşaq proqramından sonra Məhərrəm Qasımlı qadınlar üçün ilk proqramı mənə həvalə etdi. 1997-ci ilin sonuna kimi AzTV-də fəaliyyət göstərdim. Daha sonra həyat yoldaşım Konyalı olduğu üçün Türkiyəyə köçdüm. 1999-cu ildə evləndim, ikili vətəndaşlıq aldım və Türkiyədə yaşadım. 1999-ci il dekabrın 25-də Konyada bir yarışmaya qatıldım. “Odlar Yurdu” tortum ilə birinci oldum. 2000-ci ildə isə KON TV-də fəaliyyətə başladım. 120 dəqiqəlik canlı yayımla, 5 il fasiləsiz. Bu layihədən sonra İstanbul kanallarında “Planet Mutfak”da “Sizə salam gətirmişəm” adlı 45 dəqiqəlik proqramla fəaliyyətimi davam etdirmişəm. Eyni zamanda şəxsi brendlərimi də yaratmışam. “Sevilya” ilə tort və şirniyyat sahəsində, “Azerbal”la isə arıçılıq üzrə Türkiyənin tək sənətçi qadın arıçısıyam.

Folklor Sarayında ilk dəfə birillik ödənişli kurslar açdım…

-Deyəsən həyat yoldaşınızla AzTV-də işləyərkən tanış olmusunuz…

-Bəli, iş yoldaşım olub. Mənim Azərbaycanda qənnadı üzrə sexim var idi. Həmçinin Elmlər Akademiyasında dərs deyirdim. Orada ilk dəfə birillik kursları mən açdım. Akademiyanın diplomu ilə tələbələr yetişdirirdik. Fatma Ağamirzəyeva da mənim ortağım idi. O, tikiş və naxış üzrə dərs deyirdi. Onu da ilk dəfə televiziyaya mən çıxardım. Birlikdə qadınlara yönəlik proqram hazırladıq. O dövrdə AzTV-də indiki kimi şərait yox idi, hətta studiyada soba belə yox idi. Buna görə əsasən içkilər bölməsi hazırlayırdıq. Məsələn, portağal qabığından və limondan limonad hazırlanmasını göstərirdik, hazır xəmirdən isə sadə şirniyyat düzəldirdik. Canlı yayımımız olmazdı. O zamanlarda canlı yayım yox idi. Komanda ilə birlikdə tez-tez restoranlara çəkilişlərə gedirdik. Həmin vaxt redaktorumuz Bəxtiyar Qaraca idi. AzTV-də proqram hazırladığım dövrdə, eyni zamanda Folklor Sarayının nəzdində ödənişli kurslar da açmışdım. Tort üzrə tədrisi isə şəxsən özüm aparırdım. Fatma Ağamirzəyeva Qubadan gəlirdi, orada məktəbdə müəllim işləyirdi. Çox dəyərli moda ustası idi. Tikiş və naxış sahəsi üzrə kitabları da var. Təəssüf ki, artıq aramızda deyil. Onun orada xalı dərsi var idi. Həmin kurslardan bir çox tanınmış simalar yetişdi. Məsələn, aşıq Samirə də o mühitdən çıxıb. Qəzənfər Abbasov bizim müəllimlərimizdən idi. Ondan muğam dərsi almışam. Sevinc Sarıyeva və Babək Niftəliyev kurs yoldaşlarımdan idi. Marağım olduğu üçün açdığım kursların dərslərinə şəxsən özüm girirdim. Ona görə də hər şeydən xəbərim olurdu (gülür).

-Əgər AzTV-dən və ya hər hansı televiziyadan efir, layihə və ya əməkdaşlıq təklifi gəlsə, qəbul edərsiniz, yoxsa artıq bu səhifə sizin üçün bağlanıb?

-Yox, bağlanmadı… Və düşünürəm ki, ölənə qədər də bu işə xidmət edəcəyəm. Səhnəni də, televiziyanı da çox sevirəm. Türkiyədə yaşasam da Azərbaycanı hər zaman qürurla təmsil etmişəm və edirəm. Dünyanın harasında olsam yenə də təmsil edərəm. Azərbaycandan mənə təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm. Mənim üçün indi ən böyük çatışmazlıq Azərbaycan adət-ənənələrini burada istədiyim səviyyədə tam təqdim edə bilməməkdir. Bu yükü daşımaq asan deyil. Antalyada yaşayıram, amma burada musiqiçi mühiti yoxdur ki, tam bir komanda qurum. İstanbulda müəyyən imkanlar var, amma o da tam istədiyim kimi deyil.

-Yəni öz gücünüzə nəsə etməyə çalışırsınız…

-Bəli, hər şeyi öz gücümlə edirəm. Əgər Azərbaycan televiziyalarından təklif gəlsə, böyük məmnuniyyətlə qəbul edərəm. Elə layihə ortaya qoyaram ki, vaxtilə qazandığım reytinqləri yenidən təkrarlayaram, hətta daha yüksək nəticə əldə edərəm. Eyni zamanda Azərbaycanda yerləşən türk şirkətləri, firmaları sponsorluq edər. Bu, həm kanal üçün qazanc, həm də reytinqdə yüksəlişdir. Mən tamaşaçıya doğru mesaj verən, keyfiyyətli proqram təqdim etməyi bacaran aparıcıyam. Türkiyədə qazandığım canlı yayım, prodüserlik və rejissorluq təcrübəsi bu işdə mənə ciddi üstünlük verir.

Sevil Çakar TRT1-də
Sevil Çakar TRT1-də

-Ümumilikdə Türkiyədə Azərbaycanlıların təşkilatlanma vəziyyətini necə xarakterizə edərdiniz?

-Təəssüf ki, hər kəs özünü ön plana çıxarmağa çalışır. “Mən” deyirlər, “biz” demirlər. Halbuki “biz” desək çox şey dəyişər, birləşərik. Hazırda Beynəlxalq Mədəniyyət və Turizm İnvestisiya Dərnəyində fəaliyyət göstərirəm və orada mədəniyyət və incəsənət üzrə sədrəm. Biz musiqi, televiziya, teatr və digər sənət sahələrində fəaliyyət göstərən insanları bir araya gətirməyə çalışırıq. Menecerim Elşad Haqverdi də bu yolda mənə dəstək olur. Artıq iki ildir ki, dərnəklə birlikdə çalışıram. Hər kəsin komandasını dərnəyə cəlb etməyə çalışmışam ki, birlikdə türk dünyasını təmsil edə bilək. Amma Azərbaycan dərnəklərini bir araya gətirmək çox çətindir. Bəzən görürəm ki, bu birlik alınmır…

-İllər ərzində gördüyünüz işlərə baxanda nəticə də var, zəhmət də var. Bəs bu yolda Azərbaycan rəsmi qurumlarından dəstək gördünüzmü?

-Heç bir dəstək görmürəm, Azərbaycan rəsmi olaraq buradakı dərnəklərlə çalışır. Mən buna çox sevinirəm. Ankarada Azərbaycan Kültür Mərkəzi açılıb. Mənim fəaliyyətimlə bağlı məlumatları da var. Hətta əməkdaşlıq təklifi də etmişəm. Amma hələlik bu istiqamətdə geri dönüş olmayıb.

-Sizcə, insan doğulduğu yerə aiddir, yoxsa yaşadığı yerə?

-Əlbəttə ki, doğulduğu yerə aiddir. Mən Bakıda doğulmuşam. Bakı mənim üçün ayrı bir yerdədir. Həmişə deyirəm ki, mən bir körpü rolunu oynayıram. Azərbaycanla Türkiyə arasında. Kaş ki, həyatımın bir hissəsi Bakıda, bir hissəsi Türkiyədə keçsin. Həm Azərbaycanın bölgələrində çəkilişlər edib onu Türkiyəyə tanıdım, həm də Türkiyəni Azərbaycana təqdim edim. O zaman özümü çox xoşbəxt hiss edərəm. Ən böyük istəyim isə Azərbaycanda konsertlər verərək qazilərimizə və şəhid ailələrinə dəstək olmaqdır. O konsertlərdən əldə olunan vəsaiti onların ehtiyaclarına yönəltmək istəyirəm. Çünki buna həqiqətən ehtiyac var. Dövlətimiz sağ olsun, bu ailələrə dəstək olur. Amma düşünürəm ki, bizim də bu işdə payımız olmalıdır.

TRT1-dən daha bir görüntü
TRT1-dən daha bir görüntü

-TRT1-də “Hayat’a Gülümse” proqramında və digər türk TV proqramlarında Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim etmisiniz, bir az da bu haqda danışaq.

-Ən son 2025-ci ilin noyabr ayından sonra yenidən TRT1-də çıxış etdim. TRT1 dövlət kanalıdır, bizim AzTV kimi. Bu kanalda çıxış etmək mənim üçün böyük qürur idi və Azərbaycanı layiqincə təmsil etdiyimi düşünürəm. Bu il isə Novruz bayramı münasibətilə, martın 25-də komandamla birlikdə “Azza” qrupu olaraq TRT1-də canlı proqramda Novruz bayramını qeyd etdik. TRT1-də həyata keçirilən proqramın bütün təşkilati prosesi əsasən bizim üzərimizdən keçdi. Eyni zamanda Türkiyədə, xüsusilə də İstanbulda yaşayan Azərbaycanlıları bir araya gətirməyə nail oldum.

-Çoxşaxəli fəaliyyət sahəniz var. Bunların içində sizin üçün daha doğma olan varmı?

Sevil Çakar
Sevil Çakar

-Mənim üçün ən doğma olan musiqidir, oxumaqdır. Harada bir musiqi aləti səslənsə, dayana bilmirəm. Azərbaycan musiqisində elə bir ruh var ki, insanı dərindən təsirləndirir, ürəyinə toxunur. Mənim səsim də bir az yanıqlı səsdir. Düzünü desəm, uzun müddət səhnəyə çıxmağa cəsarət etmirdim. Bilirsiniz, Azərbaycanda konservatoriya təhsili olmayanlara bəzən fərqli yanaşırlar. İbrahim Tatlısesin bir sözü var: “Oksford var idi, bizmi oxumadıq?” Allah vergisi olduqdan sonra insan gec-tez layiq olduğu gözəl səhnəyə çıxır, buna inanıram. Elə sənətkarlarımız olub ki, konservatoriya təhsili almayıblar. Məsələn, mən Xan Şuşinski, Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova kimi sənətkarları dinləyərək özümü formalaşdırmışam. Hazırda “Sevilən nəğmələrlə sizə salam gətirmişəm” adlı layihəmi illərdir davam etdirirəm. Eyni zamanda yeni singl üzərində də işləyirəm. Artıq 10 ildir fasiləsiz olaraq beynəlxalq səhnələrdəyəm və Azərbaycanı təmsil edirəm. Ümumilikdə isə bu yolun mübarizəsini təxminən 30 ildir aparıram. Bilirsiniz ki, Türkiyədə bəzi sənətçilər Azərbaycan mahnılarını ifa edərkən sözlərdə və mətnlərdə müəyyən yanlışlıqlara yol verirlər. Məsələn, “Əziz dostum”, “Sarı gəlin”, “Nazəndə sevgilim” kimi əsərlərdə bunu tez-tez görmək olur. Mən də bir çox hallarda onlarla birbaşa ünsiyyət qurub bu səhvləri izah etmişəm, həm də efirlərdə bu mövzuya toxunmuşam. Sonradan bu məsələni daha ciddi araşdırmağa başladım. Türkiyədə Azərbaycan musiqisindən hansı əsərlərin sevildiyini və necə ifa olunduğunu topladım. Gördüm ki, kifayət qədər geniş – təxminən 100-ə yaxın əsərdən ibarət repertuar formalaşıb və bu mahnılar həqiqətən də çox sevilir. Məsələn, bəzi ifadələr tam fərqli şəkildə ifa olunur. Ən çox “Əziz dostum” bərbaddır. Buna baxmayaraq bu maraq və sevgi özü böyük uğurdur. Çünki bu mahnıları yaşadan və səhnəyə gətirənlər sənətçilərdir. Mən də bundan yola çıxaraq beynəlxalq səhnələrdə “Sevilən nəğmələrlə sizə salam gətirmişəm” layihəsini təqdim etməyə başladım. Yəni Türkiyə tamaşaçısının sevdiyi Azərbaycan mahnılarını bu dəfə orijinal dildə, düzgün formada ifa edirəm. Bu layihə ilə müxtəlif şəhərlərdə – Antalyada, Afyonda və digər bölgələrdə konsertlər vermişəm…

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.