Press "Enter" to skip to content

Yazdığın hər mövzu sənin ömründən keçir

Orxan Əli

Orxan Əli: Jurnalistika elə bir sahədir ki, sən heç vaxt yalnız öz həyatını yaşamırsan

BAYRAQDAR MEDİA – Jurnalistika bəzən sadəcə peşə deyil, bütöv bir həyat yoludur. Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 25 illik jurnalistika təcrübəsinə malik Orxan Əli deyib. O, BAYRAQDAR MEDİA-ya müsahibəsində peşə fəaliyyətinin maraqlı məqamlarından, həyatında iz buraxan xatirələrdən və jurnalistikanın görünməyən tərəflərindən danışıb.

Ötən illərin xatirəsi
Ötən illərin xatirəsi

Orxan Əli həm qələm adamı kimi keçdiyi yolu, həm də jurnalist və mətbuat katibi kimi qazandığı təcrübələri səmimi şəkildə bölüşüb.

Yazının adamı hara apara biləcəyinə hələ tam bələd deyildim

-Bildiyimiz qədər bu il sizin jurnalist fəaliyyətinizin tam 25 ili tamam olur. Yəni, bir əsrin dörddə birini yazı fəaliyyəti ilə məşğul olmusunuz. İlk dəfə neçə yaşında yazmağa başlamısınız və nədən yazmısınız?

-Həyat elə sürətlə keçir ki, insan geriyə baxanda “doğrudanmı 25 il ötüb?” deyə təəccüblənməyə bilmir. İlk dəfə mətbuata qədəm qoyanda tam gənc bir oğlandım – tələbəlik illərinin astanası, təxminən 17-18 yaşlarım olardı. İlk yazım elə o dövrün gəncliyini, cəmiyyətin sosial mənzərəsini əks etdirən publisistik bir qeyd idi. Sözün gücünə, yazının adamı hara apara biləcəyinə hələ tam bələd deyildim, amma içimdə böyük bir ifadə etmək, yazmaq ehtirası var idi. İlk yazımın qəzet səhifəsində çıxdığı günü, o mürəkkəb qoxusunu və adımı o sətirlərin altında görməyin verdiyi o qürur qarışıq həyəcanı bu gün də unuda bilmirəm. O gün bu gündür ki, qələm mənim həyat yoldaşıma çevrildi.

Qazandığım dostlar, qurduğum mənəvi körpülər fəaliyyətimin göyqurşağıdır

-Hər bir insanın taleyində həm rəngli, həm də qaranlıq xətlər olur. Jurnalistika fəaliyyəti və ya bugünkü həyat dövrü baxımından desək, Orxanın fəaliyyətindəki qaranlıq və rəngli xətlər barədə oxuculara nə deyə bilərsiniz?

-Çox dərin və fəlsəfi sualdır. Jurnalistika elə bir sahədir ki, sən heç vaxt yalnız öz həyatını yaşamırsan; toxunduğun hər tale, yazdığın hər mövzu sənin ömründən keçir. Mənim üçün fəaliyyətimdəki ən ağır, qaranlıq məqamlar şəxsən ədalətsizliklərlə qarşılaşdığım, bununla bağlı fikirlərimi müəyyən səbəblərə görə dərhal işıqlandıra bilmədiyim anlar olub. Yaxud da, çox böyük ümidlərlə başladığın bir işin, layihənin bəzi subyektiv səbəblərdən yarıda qalması insanı mənən yorur. Peşəkar gərginliklər, bəzən mənəvi aşınmalar bu yolun kölgəli tərəfləridir.

Dənizin sahilində bir yaz günü
Dənizin sahilində bir yaz günü

Amma işıq həmişə qaranlığa qalib gəlir. Rəngli xətlər – yazdığım bir yazı ilə kiməsə kömək edə bildiyim anlardır. Oxucunun bir xoş sözü, illər sonra gələn “Orxan bəy, o vaxt bu məsələni siz qaldırmışdınız, həll olundu” təşəkkürü mənim həyatımın ən parlaq rəngləridir. Bu gün geriyə baxanda qazandığım dostlar, qurduğum mənəvi körpülər fəaliyyətimin göyqurşağıdır.

Sonradan bunu hekayəyə çevirdim…

-Deyəsən, şahmat və dominonu sevirsiniz. Amma yanılmırıqsa domino masası ilə bağlı sonradan hekayəyə çevirdiyiniz üzücü bir xatirəniz də var…

-Bəli, intellektual oyunları, xüsusilə şahmatı çox sevirəm. Şahmat sadəcə oyun deyil, mənim üçün həyatın bir modelidir: hər addımını düşünməlisən, rəqibin gedişlərini hesaba qatmalısan. Domino isə daha çox dostlarla bir araya gəlmək, səmimi ünsiyyət qurmaq üçün bir vasitədir.

1-ci Qarabağ müharibəsindən sonra Bakıda keçmiş pioner düşərgəsində məskunlaşmışdıq. Dərslərimi yazmaq üçün stol yox idi. Babam həyətdə iki ağacın arasında dəmir və taxtadan bir stol düzəltdi ki, yazı yazım. Yaxınlıqdan keçən yerli camaat da deyirdi ki, qaçqınlar özlərinə domino stolu düzəldir. Bu söz babama çox pis təsir etmişdi. Sonradan bunu hekayəyə çevirdim…

O falçının dediyi yol coğrafi yox, taleyin yolu idi və mən hələ də o yolu addımlamaqdayam

-Adətən falçılar barədə danışılarkən onlara inanılmaması tövsiyə olunur. Amma Orxanın taleyində vəziyyət fərqlidir. Ona “uzaq yol gedəcəksən” deyən bir falçı da olub..

-Maraqlı bir məqama toxunmusunuz. Əslində, mən rasionallığa, məntiqə inanan biriyəm və fal, baxıcılıq kimi şeylərdən uzağam. Amma gənclik illərində, bəlkə də tamamilə təsadüfən qarşıma çıxan birinin dediyi o söz yaddaşıma həkk olub. Mənə baxıb “Sənin qarşında çox uzaq bir yol var” demişdi.

Orxan Əli Seymur Verdizadə ilə
Orxan Əli Seymur Verdizadə ilə

Həmin vaxt gülmüşdüm. Çünki doğurdan da uzun yol getməli idim. 3 marşrut dəyişib 1 saat məşəqqətli yol…
Amma illər keçdikcə anladım ki, o “uzaq yol” əslində mənim həyat və peşə yolum imiş. Heç bir arxa-dayaq olmadan, yalnız öz zəhmətimlə, qələmimlə başladığım bu jurnalistika və ictimai fəaliyyət yolu uzun, məşəqqətli və bitmək bilməyən bir marafon imiş. Yəni o falçının dediyi yol coğrafi yox, taleyin yolu idi və mən hələ də o yolu addımlamaqdayam.

Bu, barrikadanın hər iki tərəfində olmaq kimi bir şeydir

-Orxan Əli həm jurnalist, həm də mətbuat xidmətinin rəhbəri kimi müxtəlif sahələrdə fəaliyyət göstərib və bu gün də göstərir. Hansı daha çətindir, yaxud hansını daha asan hesab edirsiniz?

-Bu, barrikadanın hər iki tərəfində olmaq kimi bir şeydir. Hər ikisinin özünəməxsus çətinlikləri var, asan tərəfi isə, demək olar ki, yoxdur. Jurnalist olmaq – azadlıq deməkdir. Sual vermək, araşdırmaq, cəmiyyətin səsi olmaqdır. Amma eyni zamanda böyük məsuliyyətdir, çünki yazdığın hər sözün arxasında durmalısan. Jurnalist hər zaman axtarışdadır, rahatlığı yoxdur.

Jurnalist hər zaman axtarışdadır
Jurnalist hər zaman axtarışdadır

Mətbuat xidmətinin rəhbəri olmaq – tamamilə fərqli bir məsuliyyətdir. Burada sən artıq təkcə öz adından yox, təmsil etdiyin qurumun, təşkilatın adından danışırsan. İnformasiya böhranlarını idarə etmək, jurnalistlərlə düzgün və operativ dil tapmaq, korporativ maraqları qorumaq xüsusi peşəkarlıq və soyuqqanlılıq tələb edir. Mənim üçün çətinlik ondadır ki, mətbuat katibi işləyəndə daxilimdəki jurnalist bəzən “üsyan edir”, hadisələrə sırf jurnalist prizmasından baxmaq istəyir. Amma jurnalist keçmişim mətbuat xidmətində mənə çox kömək edir; çünki qarşımdakı həmkarımın məndən nə gözlədiyini, ona hansı informasiyanın lazım olduğunu çox yaxşı bilirəm. “Hansı asandır” deyilsə, yəqin ki, jurnalistika mənə ruhən daha yaxındır, çünki o mənim ilkin nəfəsimdir. Amma idarəetmə və korporativ mühit də insana tam fərqli bir təcrübə və bərkimə qazandırır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.