Metin Yılğın: QHT-lərin əməkdaşlığı TDT-nin strateji hədəflərinin ictimai müstəvidə möhkəmlənməsi baxımından son dərəcə əhəmiyyətlidir
BAYRAQDAR MEDİA –“Bu bir danılmaz həqiqətdir ki, Azərbaycan türk dünyasının iki aparıcı aktorundan biri olaraq öz sözünü deyir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” strateji əhəmiyyətli tezisinə uyğun olaraq atılan hər bir addım Türk Dövlətlətləri Təşkilatını hər keçən gün daha da gücləndirir. Kuzey Kıbrıs Türk Cümhuriyyəti də bu ailənin ayrılmaz bir parçası kimi sabaha doğru inamla addımlayır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində KKTC-nin Mavi Vətən Dərnəyinin sədr müavini Metin Yılğın deyib. Onunla müsahibəni təqdim edirik:
Forum zamanı çox dəyərli dostluqlar qazandıq
-Metin bəy, may ayında Azərbaycanda iki mühüm beynəlxalq tədbirdə – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-hökumət təşkilatlarının II Forumu və BMT-nin Dünya Şəhərsalma Forumunda (WUF13) iştirak etdiniz. Bu tədbirlərin hazırlanması, təşkili və keçirilməsi prosesi, eləcə də Bakının ev sahibliyi ilə bağlı təəssüratlarınız nədən ibarətdir?
-İlk növbədə qeyd etmək istərdim ki, WUF13 və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-hökumət təşkilatlarının II Forumu çərçivəsində Bakıda bizə böyük nəzakət və anlayışla yanaşıldı. Forum zamanı çox dəyərli dostluqlar qazandıq, Azərbaycan haqqında əvvəllər bilmədiyimiz bir çox gözəl məqamları öyrəndik. Qardaş Azərbaycanın beynəlxalq miqyasda böyük əks-səda doğuran belə mühüm tədbirlərə ev sahibliyi etməsi son illərdə əldə etdiyi inkişafın və qazandığı beynəlxalq nüfuzun mühüm göstəricisidir. Bu, bizi həqiqətən qürurlandırdı.
Həm Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qeyri-hökumət təşkilatlarının II Forumu, həm də BMT-nin Dünya Şəhərsalma Forumu son dərəcə peşəkar şəkildə təşkil olunmuşdu. Hazırlıq proseslərindən proqramın icrasına, iştirakçıların qarşılanmasından onların yönləndirilməsinə, göstərilən diqqət və qonaqpərvərlikdən texniki təminata qədər hər bir detalın böyük həssaslıqla planlaşdırıldığını müşahidə etdik. Xüsusilə Bakının təmiz və müasir şəhər infrastrukturu, təhlükəsiz mühiti, eləcə də mehriban və qonaqpərvər insanları tədbirlərin uğurla keçirilməsinə mühüm töhfə verdi.
Görürük ki, Azərbaycan bu gün yalnız enerji diplomatiyası sahəsində deyil, həm də beynəlxalq dialoq və əməkdaşlıq platformalarının formalaşdırılmasında mühüm mərkəzlərdən birinə çevrilib. Xüsusilə türk dünyası üçün ortaya qoyduğu baxış və strateji yanaşma ilə öncül rol oynamağa başladığını açıq şəkildə müşahidə etdik. Bu fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, tədbirlərin təşkilinə və keçirilməsinə töhfə vermiş hörmətli millət vəkillərinə, bu möhtəşəm təşkilatçılığı həyata keçirən dövlət qurumuna, tədbirdə əməyi keçən bütün qardaşlarımıza və xüsusilə qardaş Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Bizə göstərilən səmimi münasibətə, yüksək qonaqpərvərliyə, diqqət və qayğıya, ən incə detallara qədər düşünülmüş şəkildə göstərilən ev sahibliyinə görə hər birinə sonsuz minnətdarlığımı ifadə edirəm.
QHT-lər müxtəlif sahələrdə xalqlar arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradır
-Türk Dövlətləri Təşkilatı çərçivəsində bir çox sahədə mühüm uğurlar əldə olunur və inteqrasiya prosesi getdikcə dərinləşir. Bu baxımdan, üzv ölkələrin vətəndaş cəmiyyəti təşkilatları arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi sizcə hansı əhəmiyyətə malikdir?
-Türk Dövlətləri Təşkilatının uğurlarının davamlı və dayanıqlı olması eyni zamanda xalqların bir-birinə daha da yaxınlaşması ilə mümkündür. Bu baxımdan vətəndaş cəmiyyəti təşkilatları son dərəcə mühüm körpü rolunu oynayır. QHT-lər müxtəlif sahələrdə xalqlar arasında birbaşa əlaqələrin qurulmasına imkan yaradır. Ortaq tariximizin, dilimizin və mədəni dəyərlərimizin gələcək nəsillərə ötürülməsinin ən təsirli yollarından biri də məhz vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişaf etdirilməsidir. Üzv ölkələrdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının ortaq platformada bir araya gəlməsi, birgə layihələr həyata keçirməsi, xalqlar arasında ünsiyyətin genişləndirilməsi və əməkdaşlıq şəbəkələrinin yaradılması Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək, gələcək nəsillər arasında bağların daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bəzi hallarda siyasi diplomatiyanın həll etməkdə çətinlik çəkdiyi və ya müəyyən səbəblərdən çıxılmaz vəziyyətə düşdüyü məsələlərdə iqtisadi və mədəni diplomatiyanın yaratdığı təsir imkanları problemin həllinin açarına çevrilə bilir.
Məhz buna görə də QHT-lərin əməkdaşlığı TDT-nin strateji hədəflərinin ictimai müstəvidə möhkəmlənməsi baxımından son dərəcə əhəmiyyətlidir. Mən bu istiqaməti olduqca dəyərli hesab edir və Türk dünyasının gələcəyi üçün vacib amillərdən biri kimi qiymətləndirirəm.
Bu birlikdə təmsil olunmaq Kıbrıs türklərinin türk dünyasının ayrılmaz bir hissəsi olduğunun ən mühüm göstəricilərindən biridir
-Bildiyiniz kimi, ötən il Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platforması yaradılıb. KKTC-nin bu Platformada təmsil olunması Kıbrıs türkləri baxımından hansı məna və əhəmiyyət daşıyır?
-İlk növbədə qeyd etmək lazımdır ki, bu, institusional inkişaf baxımından atılmış çox mühüm addımdır. İnanıram ki, bu Platforma qarşıdakı illərdə ortaq layihələrin hazırlanmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə, eləcə də ictimai əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir. Xüsusilə uşaq və gənclər proqramları, mədəni irsin qorunması və rəqəmsal transformasiya kimi sahələrdə mühüm birgə təşəbbüslərin ortaya çıxacağını gözləyirik. Platforma eyni zamanda türk dünyasının ortaq problemlərinə ortaq həll yollarının hazırlanması baxımından da mühüm rol oynayacaqdır. Turan birliyinin formalaşmasının türk xalqlarının öz köklərinə daha sıx bağlanmasına xidmət edəcəyinə və bu istiqamətdə mühüm öncü rol oynayacağına inamımız sonsuzdur.
Türk yurdlarının ən gənc dövləti olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bu platformada yer alması isə Kıbrıs türk xalqı üçün son dərəcə böyük məna və əhəmiyyət daşıyır. Bu birlikdə təmsil olunmaq Kıbrıs türklərinin türk dünyasının ayrılmaz bir hissəsi olduğunun ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, müxtəlif sahələrdə təcrid şəraitində fəaliyyət göstərməyə çalışan Kuzey Kıbrıs Türk Cümhuriyyətindəki vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməsinə, təcrübə mübadiləsi aparmasına və Türk dünyası ilə əlaqələrini daha da gücləndirməsinə şərait yaradacaqdır. Bununla yanaşı, bu proses Türk dünyasının dənizlə, yəni Mavi Vətən anlayışı ilə daha sıx şəkildə qovuşmasına və inteqrasiyasına da mühüm töhfələr verəcəkdir.
İnkişaf edən münasibətlərin QHT sahəsinə də uğurla sirayət etdiyini görməkdən böyük məmnunluq duyuruq
-Vətəndaş cəmiyyəti təşkilatının nümayəndəsi kimi, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyini necə qiymətləndirirsiniz? Sizcə, gələcəkdə hansı əməkdaşlıq sahələri daha prioritet və səmərəli olacaq?
-Azərbaycan ilə son illərdə inkişaf edən münasibətlərin QHT sahəsinə də uğurla sirayət etdiyini görməkdən böyük məmnunluq duyuruq. İnanırıq ki, qarşıdakı dövrdə bu əməkdaşlıq daha da genişlənəcək, güclənəcək və zaman keçdikcə ortaq köklərimizə söykənən daha sıx birliyə çevriləcəkdir. Xüsusilə təhsil sahəsində gənclərin mübadilə proqramları böyük əhəmiyyət daşıyır. Mədəni tədbirlər və ortaq mədəniyyət layihələri isə əməkdaşlığın ayrılmaz hissəsi olmalıdır. Hesab edirəm ki, xüsusilə 6-23 yaş arası uşaqlar və gənclər üçün nəzərdə tutulan proqramlara üstünlük verilməlidir. Eyni zamanda, qastronomiya sahəsində əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsi də vacibdir.
Turizm sahəsində qarşılıqlı səfər imkanlarının artırılması, ətraf mühitin qorunması və davamlı inkişaf istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi xalqların bir-birinə daha da yaxınlaşması üçün mühüm amillərdən biri olacaqdır. Bundan əlavə, yeni dünya düzənində sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün də mühüm imkanlar mövcuddur.
Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesləri çərçivəsində sosial inkişaf, mədəni irsin qorunması və beynəlxalq məlumatlandırma istiqamətlərində də ortaq layihələr reallaşdırıla bilər.
Azərbaycan ilə KKTC arasında qurulacaq güclü vətəndaş cəmiyyəti əməkdaşlığı təkcə iki qardaş xalq arasındakı əlaqələri möhkəmləndirməyəcək, eyni zamanda türk dünyasının birlik və həmrəylik ruhuna da mühüm töhfələr verəcəkdir. Bizim KKTC-də səsləndirdiyimiz bir şüar var: “Ana Vətənimiz Türkiyə Cümhuriyyəti, Qardaş Vətən Azərbaycan ilə birlikdə – Üç Dövlət, Tək Millət!” Arzumuz budur ki, bu şüar gələcəkdə bütün Türk dünyasında “Yaşasın Türk Qardaşlığı!” çağırışı ilə səslənsin və bu əməkdaşlıqlar həmin məqsədə aparan yolun öncül təşəbbüslərindən biri olsun. Biz də ömrümüzün sonunadək bu prosesin fəal iştirakçıları və əsgərləri olmağa davam edəcəyik.






İlk şərhi yaza bilərsiniz