Tennur Türk: Türkiyə daşınmaz əmlak bazarında yeni dövr başlayır
BAYRAQDAR MEDİA – “Türkiyənin daşınmaz əmlak bazarı bu gün kənardan baxıldıqda sakit görünsə də, daxildən təhlil edildikdə güclü fürsət potensialının formalaşdığı mühüm bir mərhələdən keçir. Son beş ay ərzində baş verən proseslər bazarın istiqamət dəyişməyə hazırlaşdığını açıq şəkildə göstərir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Bursada yaşayan investisya üzrə məsləhətçi Tennur Türk deyib.
O, bildirib ki, son aylarda Türkiyədə mənzil satışları dəyişkən dinamika nümayiş etdirib: “Yüksək faiz mühiti səbəbindən kredit hesabına həyata keçirilən alışlar məhdudlaşıb, bir çox investor isə gözləmə mövqeyinə keçib. Lakin bu vəziyyət durğunluq deyil, əksinə, yığılan və təxirə salınan tələbatın formalaşması prosesidir. Hazırda bazarda eyni vaxtda iki fərqli reallıq müşahidə olunur. Bir tərəfdən maliyyə resurslarına çıxışın çətinləşməsi səbəbindən satışlar əvvəlki dövrlərlə müqayisədə daha yavaş templə davam edir. Digər tərəfdən isə inflyasiya şəraitində vəsaitinin dəyərini qorumağa çalışan insanların daşınmaz əmlaka marağı güclü olaraq qalır. Xüsusilə nağd vəsaitlə alış edənlər və uzunmüddətli investorlar mövcud mərhələni mühüm fürsət dövrü kimi qiymətləndirirlər. Çünki bazarlarda əsas qazanc çox zaman hamının gözlədiyi dövrlərdə deyil, sakitliyin hökm sürdüyü və gələcək tendensiyaların formalaşdığı mərhələlərdə yaranır”.
T.Türkün sözlərinə görə, Türkiyə daşınmaz əmlak bazarının istiqamətini müəyyən edən bir sıra fundamental amillər mövcuddur: “Bunların başında faiz siyasəti dayanır. Yüksək faiz mühiti tələbi müəyyən qədər məhdudlaşdırsa da, gələcəkdə mümkün faiz endirimləri bazarda sürətli və kəskin canlanma yaratmaq potensialına malikdir. Bu gün gözləmə mövqeyində olan tələbat sabah bazara daxil olacaq güclü alış dalğasının əsasını təşkil edə bilər. Bazarın inkişafına təsir göstərən digər vacib amil inflyasiya və daşınmaz əmlakın “təhlükəsiz liman” funksiyasıdır. Türkiyədə daşınmaz əmlak yalnız yaşayış ehtiyacını qarşılayan vasitə kimi deyil, həm də kapitalın qorunması üçün etibarlı investisiya aləti kimi qəbul olunur. İnflyasiya təzyiqi davam etdikcə torpaq və mənzil investisiyalarının strateji əhəmiyyəti də qorunub saxlanacaq”.
Eksper bildirib ki, investor qərarlarına təsir edən mühüm məsələlərdən biri də siyasi və iqtisadi proqnozlaşdırıla bilənlikdir: “İnvestor üçün ən vacib məqamlardan biri qeyri-müəyyənliyin azalmasıdır. Proqnozlaşdırıla bilənlik səviyyəsi yüksəldikcə həm yerli, həm də xarici investorlar daha cəsarətli və uzunmüddətli qərarlar qəbul etməyə başlayırlar”.
Vurğulanıb ki, Türkiyə daşınmaz əmlak bazarının ən sabit alıcı qruplarından biri də xaricdə yaşayan türklər, yəni diaspora investorlarıdır: “Başda Almaniya olmaqla, Hollandiya, Fransa və Avstriyada yaşayan Türkiyə vətəndaşları ölkədə daşınmaz əmlak investisiyalarını davam etdirərək bazara mühüm kapital axını təmin edirlər. Bu investor profili qısamüddətli spekulyativ qazancdan daha çox uzunmüddətli etibar və mülkiyyət prinsipi əsasında hərəkət edir. Məhz bu yanaşma bazarın daha dayanıqlı təməl üzərində inkişaf etməsinə şərait yaradır”.
“Mövcud göstəricilər Türkiyə daşınmaz əmlak bazarının yüksəliş dövrünün başlanğıcından əvvəlki mərhələdə olduğunu göstərir. Tarixi təcrübə də oxşar dövrlərdə eyni mənzərənin formalaşdığını ortaya qoyur. Adətən faizlər enməzdən əvvəl qiymətlər nisbətən sabit görünür, tələb səssiz şəkildə yığılır və müəyyən vaxtdan sonra bazarda sürətli qiymət artımları müşahidə olunur. Hazırda da bu dövri prosesin yenidən formalaşdığı görünür” deyə T.Türk əlavə edib.
O da qeyd edilib ki, qarşıdakı mərhələdə bazarın inkişafına təsir göstərəcək əsas istiqamətlərdən biri faizlərin mümkün yumşaldılması olacaq: “Bu amil gözləmə mövqeyində olan alıcıları qısa müddətdə hərəkətə gətirə biləcək ən güclü katalizator hesab olunur. Eyni zamanda inflyasiyanın davam edən təsiri daşınmaz əmlakı kapitalın qorunması vasitəsi kimi ön plana çıxarmaqda davam edəcək. Digər tərəfdən, iqtisadi və siyasi proqnozlaşdırıla bilənliyin güclənməsi beynəlxalq investorların yenidən Türkiyə bazarına marağını artıraraq xarici kapital axınını sürətləndirə bilər”.
Ekspertin sözlərinə görə, bütün bu amillər investorlar üçün aydın bir mesaj ortaya qoyur: “Bugünkü bazar “əldən çıxmış fürsət” deyil, əksinə, “erkən qiymətləndirmə dövrü” kimi xarakterizə oluna bilər. Əsas dəyər artımı əksər hallarda hamının bazara qayıtdığı vaxt deyil, bazarda hələ sakitliyin hökm sürdüyü mərhələdə verilən düzgün qərarlar nəticəsində formalaşır. Bu baxımdan Türkiyə daşınmaz əmlak bazarında bu gün strateji yanaşma nümayiş etdirən investorlar yalnız mövcud vəziyyəti deyil, həm də gələcəyin qiymət səviyyələrini nəzərə alan və bazarın növbəti inkişaf mərhələsini indidən qiymətləndirən investorlar hesab olunurlar”.






İlk şərhi yaza bilərsiniz