Okyay Sadıkoğlu: Bakı müasir şəhərsalma anlayışı ilə tarixi və mədəni irsini uğurla birləşdirən nümunəvi paytaxt kimi diqqət çəkir
BAYRAQDAR MEDİA – Ötən ay Azərbaycan paytaxtı olduqca maraqlı və vacib beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Həmin tədbirin iştirkaçılaır arasında Kuzey Kıbrıs Tanıtım Platformaısnın başqanı Okyay Sadıkoğlu da var idi. Onunla özəl müsahibəni təqdim edirik:
-May ayında Azərbaycanda iki mühüm beynəlxalq tədbirdə – Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Forumu və Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Şəhərsalma Forumunda iştirak etdiniz. Bu tədbirlərin hazırlıq, təşkili və keçirilməsi prosesi, eləcə də Bakının ev sahibliyi ilə bağlı təəssüratlarınız necədir?
-İlk növbədə qeyd etmək istərdim ki, Kuzey Kıbrıs Tanıtım Platforması olaraq belə mühüm beynəlxalq tədbirlərdə iştirak etmək bizim üçün böyük şərəfdir. Azərbaycan dövləti və aidiyyəti qurumlar tərəfindən hazırlıq və təşkilatçılıq işləri son dərəcə peşəkar, intizamlı və qonaqpərvər şəkildə həyata keçirilmişdi. İştirakçıların bütün ehtiyaclarının tam qarşılanması, proqramların səmərəli şəkildə icra olunması və ölkələr arasında əlaqələrin gücləndirilməsinə göstərilən xüsusi diqqət yüksək qiymətləndirilməlidir. Bir sözlə, qardaş Azərbaycanda xoş və unudulmaz təssüratlarla ayrıldıq.
Onu da deyim ki, Bakı müasir şəhərsalma anlayışı ilə tarixi və mədəni irsini uğurla birləşdirən nümunəvi paytaxt kimi diqqət çəkir. Şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi sahəsindəki təcrübəsi, inkişaf etmiş infrastrukturu və yüksək təşkilatçılıq bacarığı bu forumlarda bir daha özünü göstərdi. Azərbaycan xalqının səmimiyyəti və qardaşlıq münasibəti də bizdə son dərəcə xoş təəssüratlar yaratdı.
-Türk Dövlətləri Təşkilatı çərçivəsində bir çox sahələrdə mühüm nailiyyətlər əldə olunur və inteqrasiya prosesi getdikcə dərinləşir. Bu baxımdan, üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi sizcə hansı əhəmiyyətə malikdir?
-Türk Dövlətləri Təşkilatının uğurunun yalnız dövlətlər səviyyəsində qurulan əməkdaşlıqla məhdudlaşmaması, eyni zamanda xalqların da bir-birinə daha da yaxınlaşması ilə mümkün olacağına inanıram. Bu baxımdan qeyri-hökumət təşkilatları çox mühüm körpü rolunu oynayır. Qeyri-hökumət təşkilatları mədəniyyət, təhsil, gənclər siyasəti, ekologiya, turizm, sosial həmrəylik və iqtisadi əməkdaşlıq kimi müxtəlif sahələrdə xalqlar arasında uzunmüddətli və dayanıqlı əlaqələrin formalaşmasına töhfə verir. Dövlətlər arasında müəyyən edilən strateji baxışın cəmiyyətə çatdırılması və insanlar tərəfindən mənimsənilməsi üçün vətəndaş cəmiyyətinin fəal iştirakı böyük əhəmiyyət daşıyır.
Türk dünyasının ortaq tarix, dil və mədəniyyət zəminində daha güclü birlik formalaşdırması üçün qeyri-hökumət təşkilatları arasında koordinasiyanın daha da artırılmasının vacib olduğuna inanıram. Bu əməkdaşlıqlar gələcəkdə ortaq layihələrin, birgə təhsil proqramlarının və müştərək mədəni təşəbbüslərin həyata keçirilməsinə geniş imkanlar yaradacaq.
-Məlum olduğu kimi, ötən il Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları Platforması yaradılıb. Bu platformanın fəaliyyətinin gələcəkdə hansı nəticələrə və uğurlara gətirib çıxaracağını gözləyirsiniz? Həmçinin, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin bu platformada təmsil olunması Kıbrıs türkləri üçün hansı məna və əhəmiyyət daşıyır?
-Hesab edirəm ki, bu platforma türk dünyası üçün tarixi əhəmiyyət daşıyan bir addımdır. İnanıram ki, platforma gələcəkdə üzv ölkələrin qeyri-hökumət təşkilatları arasında daha güclü koordinasiyanın qurulmasına, ortaq layihələrin hazırlanmasına və türk dünyasının ortaq dəyərlərinin beynəlxalq səviyyədə daha təsirli şəkildə tanıdılmasına mühüm töhfə verəcək.
KKTC -nin bu Platformada yer alması isə Kıbrıs türk xalqı üçün olduqca böyük məna kəsb edir. Kıbrıs türkləri təxminən bir əsrdir ki, milli kimliyini, mədəniyyətini və varlığını qorumaq uğrunda mübarizə aparır. Türk dünyasının ayrılmaz bir hissəsi olaraq bu cür platformalarda təmsil olunmaq xalqımızın tək olmadığını göstərir və türk dünyası ilə əlaqələrimizi daha da möhkəmləndirir. Bu, eyni zamanda KKTC-nin beynəlxalq görünürlüğünün artırılması, haqlı mövqeyinin daha geniş auditoriyalara çatdırılması və türk dünyası daxilindəki yerinin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
-QHT nümayəndəsi kimi, Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyini necə qiymətləndirirsiniz? Sizcə, gələcəkdə hansı əməkdaşlıq sahələri daha prioritet və səmərəli olacaq?
-Azərbaycan ilə KKTC arasındakı qardaşlıq münasibətlərinin qarşıdakı dövrdə vətəndaş cəmiyyəti sahəsində daha da inkişaf edəcəyinə ürəkdən inanıram. Son illərdə qurulan dostluq və əməkdaşlıq körpüləri gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin formalaşdıracaq. Xüsusilə turizm, mədəniyyət, gənclər mübadiləsi proqramları, təhsil, ətraf mühitin qorunması, dayanıqlı inkişaf, şəhərsalma, media və tanıtım sahələrində mühüm əməkdaşlıqların reallaşdırılmasının mümkün olduğunu düşünürəm. Bununla yanaşı, sahibkarlıq, texnologiya, fövqəladə halların idarə olunması və könüllülük fəaliyyəti istiqamətlərində də birgə layihələrin həyata keçirilməsi üçün böyük potensial mövcuddur.
Kuzey Kıbrıs Tanıtım Platforması olaraq biz Azərbaycanın qardaş qeyri-hökumət təşkilatları ilə əlaqələrimizi daha da inkişaf etdirməyə, ortaq layihələr həyata keçirməyə və türk dünyasının birlik və həmrəylik vizyonuna töhfə verməyə davam edəcəyik. Çünki inanırıq ki, güclü türk dünyasının formalaşması yalnız dövlətlərarası əməkdaşlıqdan deyil, eyni zamanda xalqların və vətəndaş cəmiyyətinin sıx əməkdaşlığından keçir.










İlk şərhi yaza bilərsiniz