Press "Enter" to skip to content

Aparılan müzakirələr “biz” duyğusunu daha da gücləndirdi

Gülnur Sadıkoğlu

Gülnur Sadıkoğlu: GİKAD olaraq bu əhəmiyyətli tədbirin bir hissəsi olmaqdan və Bakıda iştirak etməkdən böyük məmnunluq duyduq

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi mayda Bakı bir-birindən maraqlı beynəlxalq tədbirlər ev sahibliyi etdi. Həmin tədbirlərdə iştirak edənlər arasında Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) faəliyyət göstərən Kıbrıs Türk Girişimçi Qadınlar Dərnəyinin (GİKAD) üzvü, GİKAD koopetavinin İdarə Heyətinin üzvü Gülnur Sadıkoğlu da vardı. Gülnur xanım KKTC-yə döndükdən sonra hər iki tədbir, ümumiyyətlə perspektiv əməkdaşlıqlar barədə təəssüratlarını BAYRAQDAR MEDİA-ya ilə bölüşüb. Onun özəl müsahibəsini təqdim edirik:

Bakının bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil

– May ayı Azərbaycanda bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə yadda qaldı. Siz də həm Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti təşkilatlarının II Forumunda, həm də BMT-nin Ümumdünya Şəhərsalma Forumunda iştirak etdiniz. İlk növbədə, bu forumlar Sizdə hansı təəssürat yaratdı? Həmçinin, Azərbaycanın, xüsusilə də Bakının belə nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsini necə qiymətləndirirsiniz?

-May ayı Bakı üçün həqiqətən də çox intensiv və əlamətdar keçdi.Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Forumu türk dünyasında vətəndaş cəmiyyətinin nə qədər sürətlə institusionallaşdığını nümayiş etdirdi. Müxtəlif ölkələrdən gələn QHT-lərin ortaq problemləri və ortaq hədəfləri müzakirə etməsi “biz” duyğusunu daha da gücləndirdi. GİKAD olaraq bu əhəmiyyətli tədbirin bir hissəsi olmaqdan və Bakıda iştirak etməkdən böyük məmnunluq duyduq.

Bakıdan xatirə fotosu
Bakıdan xatirə fotosu

BMT-nin Beynəlxalq Şəhərsalma Forumu isə urbanizasiya, dayanıqlılıq və iqlim dəyişikliklərinə uyğunlaşma kimi qlobal məsələlərdə Bakının beynəlxalq gündəmi formalaşdırmaq qabiliyyətini ortaya qoydu. Dünyanın 176 ölkəsindən 57 mindən çox iştirakçını bir araya gətirən bu tədbir gələcəyin strateji prioritetləri ilə bağlı təqdim etdiyi həll yolları ilə ilhamverici oldu. Bakının bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi təsadüfi deyil. Şəhər son illərdə infrastruktur, logistika imkanları, mədəni müxtəliflik və regionlararası körpü rolunun gücləndirilməsi baxımından mühüm inkişaf yolu keçib. Bu nüfuzlu forumlar həm Azərbaycanın diplomatik çəkisini artırır, həm də yerli QHT-lərin beynəlxalq şəbəkələrə birbaşa qoşulmasına imkan yaradır.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin QHT-lərinin bu prosesə qoşulması da olduqca dəyərlidir

-Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Forumu çərçivəsində Azərbaycan ilə KKTC QHT-ləri arasında əməkdaşlığa həsr olunmuş paneldə çıxış etdiniz. Sizcə, Türk Dövlətləri Təşkilatı çərçivəsində vətəndaş cəmiyyəti təşkilatlarının bir araya gəlməsi türk dünyasında vətəndaş cəmiyyətinin inkişafına hansı töhfələri verə bilər? Bu əməkdaşlığın gələcəkdə hansı uğurlu nəticələr doğuracağını düşünürsünüz?

-Türk Dövlətləri Təşkilatının çətiri altında QHT-lərin bir araya gəlməsi üç əsas istiqamətdə mühüm töhfələr verir: Birincisi, ortaq dil və yaddaş: Yəni, tarix, dil və mədəniyyət kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi daha asan olur; İkincisi, potensialın inkişafı: Daha təcrübəli QHT-lər gənc təşkilatlara mentorluq edə bilir, resurs və maliyyə imkanlarına çıxış genişlənir; Üçüncüsü isə təbliğat və müdafiə imkanları: Ayrı-ayrılıqda kifayət qədər diqqət çəkməyən yerli problemlər Türk Dövlətləri Təşkilatının mexanizmləri vasitəsilə regional siyasət gündəminə daşına bilir.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin QHT-lərinin bu prosesə qoşulması da olduqca dəyərlidir. KKTC-nin təcrübəsi, xüsusilə cəmiyyətin dayanıqlılığı və beynəlxalq müstəvidə görünürlüyün artırılması sahəsində digər türk dövlətləri üçün nümunə ola bilər. Gələcəkdə birgə gənclər mübadilə proqramlarının, fövqəladə hallar üzrə könüllülük şəbəkələrinin və rəqəmsal arxiv layihələrinin həyata keçirilməsi tamamilə real görünür. Forum çərçivəsində vətəndaş cəmiyyətində qadınların və gənclərin liderliyi mövzusunda çıxış etdim. GİKAD-ın qadınlar və gənclər istiqamətində həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verdim. İnanıram ki, qurulan bu əlaqələr gələcək əməkdaşlıqlarımızın daha da inkişaf etməsinə töhfə verəcək.

İlkin mərhələdə bir neçə istiqamət üzrə müzakirələr apardıq

-Eyni zamanda siz KKTC-də fəaliyyət göstərən bir qadın hərəkatının üzvüsünüz. Azərbaycana səfəriniz zamanı qadın təşkilatları ilə bağlı konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirə bildinizmi? Ümumilikdə, gələcəkdə Azərbaycandakı qadın QHT-ləri ilə əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?

-Azərbaycan Milli Məclisinin deputatı Azər Allahverənov ilə keçirdiyimiz səmərəli görüşdə əməkdaşlığımızın başlanğıcı üçün ilkin mərhələdə aşağıdakı istiqamətlər üzrə müzakirələr apardıq: Qadın sahibkarlığı: Bura qarşılıqlı əməkdaşlıq çərçivəsində sahibkarlığın inkişaf etdirilməsi, qadın kooperativlərinin istehsal etdiyi mədəni məhsulların satışına dəstək məqsədilə birgə layihələrin həyata keçirilməsi daxil ola bilər; Yaşıl Məktəblər Layihəsi: Bura uşaqlarda və gənclərdə ekoloji şüurun formalaşdırılması və daha yaşanılabilir dünyanın qurulması naminə ortaq fəaliyyətlərin təşkili daxil ola bilər; Mentorluq: Bura iş adamları ilə gənclər arasında mentor-menti əlaqələrinin qurulması, təcrübə mübadiləsinin və iş bacarıqlarının inkişaf etdirilməsi, bununla da qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi daxil ola bilər.

Azər Allahverənovla görüşdən
Azər Allahverənovla görüşdən

Azərbaycandakı qadın QHT-ləri ilə illər öncə qurduğumuz dostluq körpüsü bu gün Türk Dövlətləri Təşkilatının çətiri altında daha da güclənərək yeni əməkdaşlıq imkanları yaradır. KKTC-dən gələn bir qadın hərəkatı olaraq GİKAD və kooperativimiz GİKAKOOP sahibkarlığın inkişafına dəstək verən, ənənəvi istehsalın gələcək nəsillərə ötürülməsini təmin edən, təhsil, texnologiya və ətraf mühit sahələrində fəaliyyət göstərən qurumlar kimi əməkdaşlıqlarımızı daha da genişləndirəcəyimizə qəti şəkildə inanırıq. Gələcəkdə birgə təhsil modullarının hazırlanması və regional qadın forumunun təşkili kimi mühüm addımların atılması mümkündür.

Bu cür əməkdaşlıqlar diplomatik əlaqələrin inkişafına da mühüm töhfə verir

-Müasir dövrdə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın güclənməsi ölkələrarası münasibətlərin inkişafına da mühüm töhfə verir. Xüsusilə türk dünyasında ortaq dəyərlərin tanıdılması və qorunması istiqamətində fəaliyyət göstərən qurumların rolu böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən Ortaq Dəyərlər İctimai Birliyi və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi kimi təşkilatlarla mümkün əməkdaşlıq perspektivlərini necə görürsünüz? Sizcə, bu cür tərəfdaşlıqlar gələcəkdə hansı birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsinə zəmin yarada bilər?

-Ortaq Dəyərlər İctimai Birliyi və “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi kimi qurumlar “ortaq dəyərlər” prinsipi əsasında fəaliyyət göstərdikləri üçün QHT əməkdaşlığı üçün ən əlverişli platformalardan birini yaradırlar. Düşünürəm ki, bu cür tərəfdaşlıqlar aşağıdakı layihələrin həyata keçirilməsinə şərait yarada bilər: Ortaq mədəni irsin rəqəmsallaşdırılması: Əlyazmaların, şifahi tarix nümunələrinin və ənənəvi sənətkarlıq irsinin rəqəmsal arxivinin yaradılması; Gənclərin mübadilə və könüllülük proqramları: Türk dünyası gənclər düşərgələrinin təşkili, ətraf mühitin qorunması istiqamətində könüllülük fəaliyyətlərinin genişləndirilməsi; Birgə müdafiəçilik fəaliyyəti: Ətraf mühitin mühafizəsi, mədəni hüquqların qorunması və digər sahələr üzrə regional hesabatların və kampaniyaların hazırlanması.

Türk dövlətlərinin bayraqları
Türk dövlətlərinin bayraqları

Bu əməkdaşlıqlar yalnız mədəni əlaqələrin inkişafına deyil, eyni zamanda ölkələr arasında qarşılıqlı etimadın və insanlararası münasibətlərin möhkəmlənməsinə xidmət etdiyi üçün diplomatik əlaqələrin inkişafına da mühüm töhfə verir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.