BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Görüşdə dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, ötən ay Türkmənistan Prezidentinin geniş nümayəndə heyəti ilə Azərbaycana dövlət səfəri və dövlət başçılarının iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlər əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verib.
Tərəflər iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, qarşılıqlı fəaliyyətin şaxələndirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr və yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Quvanc Ağacanovla görüşüb.
Görüşdə hər iki ölkənin zəngin enerji potensialının və təbii resurslarının iqtisadi tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də birgə enerji layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Bildirilib ki, Azərbaycanın və Türkmənistanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaradır. Qlobal gündəlikdə nəqliyyat və enerji təhlükəsizliyi məsələlərinin aktuallığı vurğulanaraq, hər iki ölkənin regional və qlobal enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfələr qeyd olunub.
Görüşdə iqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin inkişafının da əhəmiyyəti diqqətə çatdırılıb. Bu baxımdan ötən il Azərbaycanda keçirilmiş Türkmənistan Mədəniyyəti Günlərinin xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyi bildirilib.
Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və turizm sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran layihələrin irəlilədilməsi istiqamətində fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz