BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. İşgüzar səfər çərçivəsində Azərbaycan Respublikası ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında vurğulayıb ki, dövlət başçılarının müəyyənləşdirdiyi strateji kurs ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə inkişafını şərtləndirir. Bildirilib ki, Birgə Hökumətlərarası Komissiya iqtisadi-ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsi üçün mühüm platformadır. Azərbaycanın qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğu diqqətə çatdırılıb. İqtisadiyyat naziri Türkmənistan tərəfindən Füzuli şəhərində qardaşlıq töhfəsi olaraq inşa edilən Məscid kompleksinə görə təşəkkürünü ifadə edib, bu layihənin Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb.
Komissiyanın Türkmənistan tərəfindən həmsədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev isə çıxışında iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi, mövcud layihələrin icrasının sürətləndirilməsi və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Nökərqulı Ataqulıyev Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostluq” neftdaşıyan tankerinə görə təşəkkürünü ifadə edib, bu təşəbbüsün iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
İclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsü vurğulanıb.
İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su infrastrukturu və digər prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.






İlk şərhi yaza bilərsiniz