BAYRAQDAR MEDİA – Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması, ixrac zamanı yarana biləcək risklərin qarşısının alınması və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq tədbirlər həyata keçirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq tələblərə ciddi riayət etməsi vacibdir. İxrac zamanı idxalçı ölkənin tələbləri nəzərə alınmalı, məhsulun xüsusiyyətlərinə uyğun qablaşdırma növlərindən istifadə edilməlidir. Etiketlər taranın üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməli, tələb olunan məlumatlar tam əks olunmalıdır. Eyni zamanda, məhsulların daşınması zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun işlənməlidir. Bu, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır”.
Sonra xəbərdə, “bundan əlavə, ixracı nəzərdə tutulan bitkiçilik məhsullarının ölkə daxilində bir ərazidən digər əraziyə, o cümlədən yüklərin boşaldılaraq qablaşdırıldığı və ixrac partiyalarının formalaşdırıldığı əraziyə daşınması, eləcə də digər nəqliyyat vasitələrinə yüklənməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq daxili karantin sertifikatı ilə müşayiət olunması tələb edilir. Bitkiçilik məhsullarının ixracı zamanı məhsul partiyasının qiymətləndirilməsi və fitosanitar sertifikatla təmin edilməsi üçün isə qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsulun istehsalçısı və mənşəyi barədə düzgün məlumatların təqdim edilməsi vacibdir. Bu istiqamətdə Agentlik tərəfindən ixracatçı sahibkarlarla mütəmadi görüşlər keçirilir, mövsüm ərzində qarşılaşa biləcək risklər və onların həlli yolları barədə məlumat verilir. Agentlik sahibkarları ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi əməl etməyə, məhsulların düzgün və təhlükəsiz şəkildə hazırlanmasına çağırıb. Tələblərə riayət edilməməsi məhsulların idxalçı ölkə tərəfindən qəbul edilməməsinə, ixrac prosesinin ləngiməsinə və əlavə xərclərin yaranmasına səbəb ola bilər” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz