Press "Enter" to skip to content

“Nizami”də “Vətən daşı” təqdim olunub – VİDEO

“Global Media Group” və “Report” İnformasiya Agentliyi polkovnik-leytenant Əkrəm Şadmanov haqqında sənədli filmi təqdim edib

BAYRAQDAR MEDİA – “Global Media Group” və “Report” İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində “Vətən daşı” sənədli filmini tamaşaçılara təqdim edib.

Yaradıcı heyət
Yaradıcı heyət

Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.

Şəhidin ata və anası
Şəhidin ata və anası

44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri – polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.

“Vətən daşı” filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.

Tədbir zamanı
Tədbir zamanı

Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.

“Nizami” Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı filmin ideyası, yaranma tarixi və cəmiyyətə ötürdüyü mesajlar barədə məlumat verilib.

Qeyd edək ki, “Global Media Group” 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.