Press "Enter" to skip to content

Anım Gününə həsr olunmuş tədbir

Anım Gününə həsr olunmuş tədbir

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “öncə tədbir iştirakçıları MEK rəhbərliyinin müşayiəti ilə 44 günlük Vətən müharibəsindən bir müddət sonra yaranan və kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar, buradakı guşə və nəşrlərə baxış keçiriblər, “Zəfər memarları” guşəsinin önündə xatirə şəkli çəkdiriblər. Dəyirmi masa ətrafında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub”.

Sonra xəbərdə, “tədbiri giriş nitqi ilə açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin Anım Günü Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdən biridir. Bu əlamətdar tarix 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsinin ilk gününü, Azərbaycan xalqının ərazi bütövlüyü və tarixi ədalətin bərpası uğrunda mübarizəsinin yeni mərhələsini ifadə edir. Direktor qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi qısa müddətdə azad edilib. Azərbaycan hərbi qüdrətini, xalqın həmrəyliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirib. 2023-cü il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirlərinə nəticəsində isə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub. Çıxışı zamanı direktor MEK əməkdaşları arasında şəhid ailələrinin üzvlərinin olduğunu da vurğulayıb. O, Birinci Qarabağ müharibəsində öz qardaşının da şəhid olduğunu diqqətə çatdıraraq şəhidliyin Azərbaycan xalqının yaddaşında yalnız itki və kədər deyil, eyni zamanda, Vətənə bağlılığın, fədakarlığın və qəhrəmanlığın ən yüksək nümunəsi kimi yaşadığını xüsusi qeyd edib” deyə bildirilir.

Xəbərdə həmçinin qeyd olunur ki, “tədbirdə şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva, şəhid Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, şəhid Əsəd Həsənovun anası Mələk Həsənova, şəhid İlqar Əhmədovun anası Leyla Əhmədova çıxış ediblər. Analar övladlarının şəhidlik zirvəsinə gedən yolda göstərdikləri qəhrəmanlıqlardan söz açıb, onların Vətənə, torpağa və xalqa olan sevgisindən bəhs ediblər. Şəhid anaları vurğulayıblar ki, 27 sentyabr onlar üçün həm Anım, həm də qürur günüdür. 30 ildən artıq müddətdə işğal altında qalan torpaqların azad edilməsi kimi müqəddəs missiyanı həyata keçirmək və xalqın illərdir gözlədiyi Zəfəri qazandırmaq məhz onların övladlarına nəsib olduğunu böyük fəxarətlə diqqətə çatdırıblar. Daha sonra L.Əhmədova müəllifi olduğu kitabları MEK-in fonduna hədiyyə edib”.

Ardınca xəbərdə, “tədbir zamanı I Qarabağ müharibəsinin qaziləri İlqar HüseynovElşad Babayev çıxış edərək döyüşçülərin nümayiş etdirdiyi rəşadət və vətənpərvərliyin gənc nəsillər üçün hər zaman bir məktəb, qürur mənbəyi olaraq qalacağını əminliklə ifadə ediblər. Sonda MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, şəhid bacısı Röksanə Səfərzadə Azərbaycan tarixində qızıl hərflərlə yazılmış Şanlı Zəfərin memarları və bu tarixi yazan qəhrəmanların əziz xatirəsinin kitabxana fondunda ən yüksək səviyyədə qorunduğunu və təbliğ edildiyini deyib. Tədbir çərçivəsində Anım Gününə dair kitab sərgisi təşkil olunub, video nümayiş etdirilib” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.