BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin bədii kollektivinin təqdimatında “Musiqimiz – Kimliyimiz” adlı konsert proqramı Ağdam Muğam Mərkəzində baş tutub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kollecin mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “konsert Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Tədbirdə çıxış edən Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova Üzeyir Hacıbəylinin Azərbaycan professional musiqi sənətinin formalaşması və inkişafındakı müstəsna xidmətlərindən danışıb. O bildirib ki, dahi bəstəkar milli musiqi ənənələrini qoruyaraq Azərbaycan professional musiqi məktəbinin əsasını qoyub, yaradıcılığı ilə milli musiqinin inkişafında yeni mərhələ yaradıb. Direktor, həmçinin belə sənət tədbirlərinin milli musiqi irsinin yaşadılması, gənc nəslə ötürülməsi və musiqi təhsilinin inkişafında əhəmiyyətini vurğulayıb. Konsertdə Azərbaycan musiqisinin müxtəlif janr və istiqamətlərini əhatə edən əsərlər təqdim olunub. Proqram “Çahargah” kompozisiyası ilə davam edib”.
Ardınca xəbərdə “sonra “Cənnətim Qarabağ”, “Ritm kompozisiyası”, “Azərbaycan” və “Sevgi valsı” əsərləri səsləndirilib. Konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından “Nazlı yar”, eləcə də Ü.Hacıbəyli və Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” əsərləri təqdim olunub. Proqramda həmçinin “İntizar”, “Gözəlləmə” və “Bilal Şəşəngisi” havalarından ibarət kompozisiya, Ü.Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sevgili canan”, bəstəkarın “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” əsərləri yer alıb. Konsert “Segah təsnifi”, Tofiq Quliyevin “Dərviş Parisi partladır” kinofilmindən musiqi, Tofiq Quliyev və Fikrət Qocanın “Məhəbbət çırağı” əsəri ilə davam edib. Proqram xalq mahnısı “Bağçada gül” ilə yekunlaşıb” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz