Press "Enter" to skip to content

“İrəli”nin “İZ”i başa çatıb

Son yeniləmə: 13 Dekabr 2021 19:40

Bayraqdar.info – Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində həyata keçirilən “İZ” gənclər düşərgəsi yekunlaşıb.

Bu barədə bayraqdar.info-ya dekabrın 13-də İctima Birlikdən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində birliyin nümayəndələri və düşərgə iştirakçıları Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb.

Ümumiyyətlə, Lənkəran şəhərində beş gün davam edən “İZ” layihəsi çərçivəsində iştirakçılarla görüş keçirilib, düşərgə qaydaları haqqında onlara ətraflı məlumatlar verilib. Daha sonra gənclər komanda təqdimatlarında iştirak edərək, praktiki sessiyada öz komandaları haqqında topladıqları məlumatları nümayiş etdiriblər.

Beləliklə, layihə iştirakçılarının “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, müstəqil Azərbaycanın ilk Baş naziri, tarixçi alim Həsən Həsənov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Əməkdar mədəniyyət işçisi Rahib Azəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı ilə görüşləri olub.

Həmin görüşlərdə müstəqil Azərbaycanın qurulmasında dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, müdrik siyasəti haqqında danışılıb, tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs edilib.

Layihə iştirakçıları, həmçinin komanda quruculuğu təliminə qatılıblar. Malik Bağırov tərəfindən keçirilən təlim çərçivəsində gənclər effektiv komandanın qurulmasında əsas meyarlar, komanda üzvlərinin rolları və xüsusiyyətləri haqqında ətraflı məlumatlar alıblar.

Layihə çərçivəsində gənclər üçün Lənkəran şəhərinin tarixi məkanlarına ekskursiya təşkil olunub. Bununla yanaşı, gənclərin bilik və bacarıqlarının artırılması, asudə vaxtın səmərəli təşkili məqsədi ilə intellektual oyunlar keçirilib, atıcılıq idman növü üzrə yarışlar təşkil edilib.

Layihənin sonunda həyata keçirilən tədbirlərdə fəal iştirak etmiş komandalar təltif olunublar.

Mission News Theme by Compete Themes.