Press "Enter" to skip to content

Kitab adamların kitab dünyasından qeydlər

Kitab sərgisi

Son yeniləmə: 21 Dekabr 2021 12:04

Bayraqdar.info – Bakıda Yeni il kitab sərgisinin keçiriləcəyi haqda Facebook-da “Qanun” Nəşriyyatının (“Qanun” Nəşrlər Evi) direktoru Şahbaz Xuduoğlunun səhifəsindən xəbər tutdum. O, özü şəxsən sərgiyə dəvətnamə paylayırdı.

…Budur, Əl Oyunları İdman Sarayındayam. Sarayın girişində məni kitablardan yığılmış Yeni il “küknar”ı qarşılayır. İçəri isə kitab dünyasıdır. Kitabların öznəməxsus qoxusu olur axı. Uşaq vaxtında kitabın qoxusunu sevərdim, indi də o qoxu burnuma dəyəndə keçmişə qayıdıram. Hə, bir də onu deyim ki, gecə yatanda mütləq balışımın altında kitab olardı. Biz kitabları oxumurduq ki, sanki yeyirdik. Ruhumuzun qidası idi o kitablar. Biz o kitablardakı obrazlarla böyüyürdük. O obrazların dili ilə danışırdıq, o obrazların həyatını yaşayırdıq. Deyəsən mətləbdən çox uzaqlaşdım axı. Neynim, kitab aləmi mənimçün başqa bir aləmdir. Beş kitabxananın fəxri üzvü olmaq, şəkillərimin bu kitabxanaların ən yaxşı oxucu lövhəsində asılması elə-belə olmamışdı ki…

Başdan-başa kitab dünyasına düşmüşəm. Cərgələrin arası ilə hər tərəfdən səliqə ilə düzülmüş kitablara baxa-baxa və fotolar çəkə-çəkə gedirəm. Burada həm də bir-birindən maraqlı əl işləri nümayiş edilir və satılır.

Kitablar kitab sevənlər üçündür. Bu sərgidə tanınmış imza sahibləri, yazıçılar, şairlər, alimlər, elm adamları, siyasətçilər, aktyorlar – bir sözlə, ictimaiyyətin ziyalı təbəqəsini görmək mümkündür. Diqqətçəkən məqamlardan biri də şair və yazıçıların öz əsərlərini öz imzaları ilə sərgidə təqdim etmələri idi. Kitablara 30-90 faiz arası endirim var. Endirimdən yararlanmağa çalışanlar da az deyil.

Sərgidə bir-birindən maraqlı əl işləri göz oxşayır. Elə həmin əl işlərini də onu düzəldib ortaya çıxaranlar satır. Sənətkarlar öz əl işlərini çox yüksək səviyyədə təqdim edir. Müxtəlif yeni il atributları, güllər, toxunma əl işləri, təbii daşlardan bəzək əşyaları, təbii dəridən əl çantaları, klassik və müasir kitablar, kiril əlifbası ilə yazılmış kitablar, uşaq ədəbiyyatı, məktəb ləvazimatları və məktəbli kitabları yüksək endirimlə satılır. Sərgidə Azərbaycanda olan az qala bütün nəşriyyatlar iştirak edir.

Kitab sərgisi

Sərginin mərkəzində təşkilatçı “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu ilə qarşılaşıram. Sərgi barədə bayraqdar.info-ya danışan Şahbaz bəy bildirir ki, gələnlər çoxdur: “Burada 100 mindən çox kitab sərgilənir və bu kitablara 30-90 faiz arası endirim var. Burada hər mövzuda kitablar var: məktəblilər üçün, elmi ədəbiyyat, bədii ədəbiyyat və s. Sərgidən müxtəlif nəşriyyatların kitablarını əldə etmək mümkündür”.

Ş.Xuduoğlu bildirir ki, eyni zamanda, burada əlilliyi olan insanların əl işləri də satılır: “Onlara da biz şərait yaratmışıq. Sərgimiz dekabrın 21-nə kimi davam edəcək. Mən çox sevinirəm ki, bu sərgi baş tutdu. Bura insanlar çox gəlir. Bütün bayramlarda belə sərgi keçirməyi planlaşdırırıq. Burada biz azad mikrofonlar da qoymuşuq. Kim istəyirsə gedib mahnı oxuya bilər, şeir deyə bilər”.

Ş.Xuduoğlu onu da qeyd etdi ki, bu kitab sərgisini mart ayında da keçirməyi düşünürük. Bundan başqa, regionlarda da belə kitab sərgiləri keçirməyi planlaşdırırlar.

Söhbətimizə yekun vurub kitab dolu cərgələrin arasını gəzirəm. Aha, budur yazıçı Şərif Ağ gəlir. Öz kitabı haqqında oxucularına məlumat verir. Öz imzasıyla kitabları oxucularına təqdim edir. Digər kitab təqdimatını Əsəd Qaraqaplanla Kəramət Böyükçöl edir.

Xalq artisti Vidadi Həsənov və bayraqdar.info-nun redaktoru Sevda Əskər

Digər tanış simalardan Xalq artisti, “Yuğ” Teatrının rejissor-aktyoru Vidadi Həsənovla qarşılaşıram. Sən demə, bu gözəl aktyor həm də gitarada gözəl ifa edib mahnı oxuyurmuş. Ətrafında da tələbələri əyləşib əziz müəllimlərini müşayiət edirlər. İstedadlı tələbələrdir. V.Həsənovun kitabları da sərgidədir. Sevimli sənətkarla özçəkim edirəm.

Azad mikrofondan “Sarı gəlin” musiqi sədaları eşidilir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. Necə gözəl səs, necə gözəl ifa. Az qalmışam gedib gənclərə qoşulub mən də mahnı ifa edəm. Özümü bu işdən zorla saxlamışam.

Azər Həsrət deyir ki, bu 100-lüyü burda kitablara xərcləmək fikrindəyəm
Azər Həsrət deyir ki, bu 100-lüyü burda kitablara xərcləmək fikrindəyəm

Bu vaxt qəfildən bayraqdar.info-nun baş redaktoru Azər Həsrətlə rastlaşıram. Sən demə, o da bu sərgiyə kitab almağa gəlibmiş. Əlindəki 100 manatı göstərərək Şahbaz Xuduoğluna nəyi isə izah edir. Yaxınlaşıram. Uzaqdan səsləri eşidilir: “Mən bu gün bu sərgiyə dəstək olmaq üçün gəlmişəm, bu 100-lüyü kitab almağa xərcləməyi düşünürəm”. Aha, nəsə maraqlı söhbətdir.

Görəsən, bu sərgi müddətində belə təşəbbüs göstərən olubmu? Sərgidə eşitdim ki, deputat Fazil Qəzənfəroğlu da sərgiyə dəstək olmaq üçün xeyli kitab alıb.

A.Həsrət qısa müddətdə istədiyi yazıçıların kitablarını tapıb imzalatdırır və alır. Xalq artisti V.Həsənovun da kitabını əldə edir və bir xatirə şəkli çəkdirir. Simasından tutduğu əməldən xoşbəxt görünən bayraqdar.info-nun baş redaktorunu aktyorla söhbətdə qoyub aralanıram. (Yeri gəlmişkən, sonradan öyrəndim ki, A.Həsrət sərgidə 100 deyil, 101 manatlıq kitab alıb.)

Kitablarla bərabər “Balçı” Elvin kimi tanıdığım Azərbaycan Arıçılar Assosiasiyası Mətbuat xidmətinin rəhbəri Elvin Bayramov məni yanına dəvət edir. Sən demə, E.Bayramov sərgiyə gələnlər arasında “Balçı”nı ziyarət edənlərə püşkatma yolu ilə mükafat təqdimatı keçirmək üçün gəlib. O, qalibə hədiyyə olaraq arı məhsullarından ibarət 6 ədəd ayrı-ayrı dəst hədiyyə verəcək. Dəstə arı mumu, arı balı, arı südü, arı şanı, çiçək tozu və s. qiymətli məhsullar daxildir.

Kitab sərgisindəki maraqlı simalar, tanış üzlər, səslər, maraqlı suvenirlər – açığı heç buradan çıxmaq istəmirdim. Amma artıq hava qaralmışdı. Pıçıltıyla illərimin dostları sevdiyim kitablarla sağollaşıram və bunu yalnız kitablar eşidir.

Mission News Theme by Compete Themes.