Press "Enter" to skip to content

Azərbaycan gəncliyi əbədi qalibdir, bayramları bayram kimi keçirəcək

Əkbər Qoşalı

Son yeniləmə: 3 Fevral 2022 19:41

Bayraqdar.info – Azərbaycan gəncliyi 2 fevralda Gənclər Gününü qutladı. Dünən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi, ölkə Prezidenti gənclərlə görüşdü. Gənclər Prezidenti, Prezident gəncləri dinlədi. Dolu-dolu bir gənclik günü yaşandı.

25 il öncə Respublika Sarayında keçirilən Müstəqil Azərbaycan Gənclərinin I Forumunda həyəcanlı çıxışımı, Gənclər Günü təsis edilməsi barədə ölkə Prezidentinə müraciət daxil olmaqla müxtəlif təkliflər səsləndirməyimi əziz duyğularla xatırlayıram.

Tam bir il sonra bizi – bir qrup gənclər təşkilatı liderini qəbul edən Ümummilli lider, gənclər təşkilatlarının bu dəfə yazılı müraciətini qəbul edərək, 2 fevralı Gənclər Günü elan etdiyini bildirdi, bizləri duyğulandırdı. Bu, böyük etimad idi!

Ondan sonrakı Gənclər Forumlarını, Gənclər Günlərini yaxşı xatırlayıram. Xatırlayıram ki, hələ I Forumda ordu mənsubunun çıxışını özəlliklə fərqləndirən Ümummilli lider, bütün əməli fəaliyyət sahələri üzrə inkişafa çağırmaqla şüurlu, peşəkar vətəndaşlıq təlimini, vətəncanlılığı ön plana çıxardı.

İndi Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin gənclər qarşısında çıxışı, tövsiyələri ilə tanış olduqca siyasi irsin, mənəvi varisliyin gənclər siyasəti baxımından necə çiçəkləndiyini, tərəqqisini görür, şad oluruq. Artıq iki ildir qalib ölkənin gəncləri olaraq öz əziz bayramını qeyd edən Azərbaycan gəncliyi, əbədi qalib kimi, bundan sonra da bayramları bayram kimi keçirəcək.

Çox yaxşı ki, qəhrəman şəhidlərimizin övladları, özü qəhrəmanlıqlar göstərmiş gənclərimiz 2 fevral rəsmi tədbirində “Gülüstan”daydı, tribunadaydı, öndəydi. Gənclərimizlə qürur duyuruq! 44 gün içində yaşananlar gənclərimizin nəyə qadir olduğunu, demək, həm də onları yetişdirən ailələrin, cəmiyyətin, dövlətin, ölkənin altun ləyaqətini nümayiş etdirmiş oldu.

Prezident gənclərlə yüksək səmimiyyətlə, açıq söhbət etdi. Sorosçuların milli dövlətlərlə barışmazlığından tutmuş bütün yapay-yanlış siyasətlərə, ideoloji sapdırmalara, hərcayılığa qarşı Azərbaycan gəncinin öz adına layiq duruşuna, cavabına inandığını göstərdi.

Prezident gənclərimizin hansı intellektual imkan və qabiliyyətlərə malik olduğunu məhəbbətlə vurğuladı. 30 illik açıq, 200 illik pərdələnmiş işğala, o işğalın zirvəsinə və tör-töküntülərinə sarsıdıcı zərbə vurmuş, tarixi Zəfər qazanmış ölkənin gəncliyini öz dövlətindən, dövlətçiliyindən incik salmaq, işıldaquşla, sabun köpüyü ilə, saxtakarlıqla qandırmaq cəhdləri bihudədir. Prezidentin daha öncələr dediyi kimi, o, ölkə gəncliyinə güvənir, gənclər də öz Müzəffər Ali Baş Komandanına!

Bəli, öz başlanğıcını Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və Sərancamı əsasında 1996-cı ildə keçirilən, özünün şəxsən iştirak etdiyi, tarixi nitq söylədiyi Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumundan alan, 1997-ci ildən bəri rəsmən qeyd olunan Gənclər Günü son iki ildə özəl anlam və qürur hissi ilə bayram edilməkdədir! – Sıralarında gənclərimizin çox böyük sayda təmsil olunduğu Müzəffər Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin mükəmməl rəhbərliyi ilə 30 illik işğala son verərək Şuşaya bayraq sancdı!

Azərbaycan gəncliyi öz gününü qürurla bayram edərkən əziz şəhidlərimizin ruhu qarşısında dərin sayğı ilə əyilir, yaralı qazilərimizə şəfalar diləyir, müharibənin bütün iştirakçılarına bir daha məhəbbətimizi bildiririk.

Tarixi Zəfərimizdə gənc nəslin düzgün təlim-tərbiyəsinin, yüksək vətəndaşlıq, vətənə bağlılıq hisslərinin önəmli ölçüdə payı olduğu danılmaz faktdır. Ali dövlət rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin təntənəsi olaraq gənclərimiz müxtəlif əməli fəaliyyət sahələrində başarılar qazanır, etimadı doğruldur.

Əlbəttə, ölkəmizin qarşısında yeni çağırışlar, önəmli görəvlər dayanmaqdadır. Ermənistanın, havadarlarının işğal mədəniyyətsizliyindən Azərbaycanın azadlıq mədəniyyətinə – erməni vandallığından Azərbaycan quruculuğuna, abadlığa keçid mərhələsində olduğumuz indiki dönəmdə gənclərimizin öz çalışqanlıqları, vətəncanlılıqları, dövlətcanlılıqları ilə ümumi işimizə yeni töhfələr verəcəyinə şübhəmiz yoxdur.

Gənclərimizin hər yeni Gənclər Gününə yeni uğurlarla yığışacağına, əziz günlərində bütün əməli fəaliyyət sahələri üzrə qürurla hesabat verəcəyinə, böyük gələcəyə qanadlanacağına inanırıq!

*Əkbər QOŞALI Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatıdır.

Mission News Theme by Compete Themes.