Press "Enter" to skip to content

Özbəkistan-Azərbaycan münasibətləri həmişə yüksək olub

Prof. Dr. Erkin Nuriddinov

Son yeniləmə: 22 İyun 2022 18:26

Bayraqdar.info – Prezident İlham Əliyevin qardaş Özbəkistana iki günlük səfəri iyunun 22-də başa çatıb. Lakin belə görünür ki, bu səfər, Prezidentə göstərilən münasibət hələ uzun müddət müzakirə və təqdir ediləcək.

İki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsi

İşin belə olduğunu nəzərə alaraq bayraqdar.info tarix elmləri doktoru, Nizami ad. Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovun fikirlərini öyrənib.

“Doğrudan da bu gün Özbəkistanda böyük bir bayramdır. Çünki artıq ikinci gündür ki, Azərbaycan Prezidenti İlham Əliyev buraya dövlət səfərinə gəlib. Bu səfərin əhəmiyyəti ondadır ki, iki qardaş xalqın qədim tarixi, ümumi dini və mədəni-mənəvi birliyi var. Bu isə dövlətlərarası münasibətlərdə mühüm yer tutur. Bununla bağlı hazırkı çevik dəyişən dünyada bu iki qardaş dövlət və onların xalqları arasındakı qarşılıqlı münasibətləri dünyanın bir çox ölkələri üçün örnək saymaq olar”, – deyə həmsöhbətimiz bildirir.

Bu səfər qarşılıqlı əlaqələri daha da möhkəmləndirəcək

Prof. Dr. E.Nuriddinov daha sonra qeyd edir ki, “ürəkdən əminəm, həm Özbəkistan, həm də Azərbaycanda ictimaiyyətin də yaxından izlədiyi bu səfər qarşılıqlı əlaqələrin bundan sonrakı mərhələdə daha da möhkəmlənməsi, inkişafı və təkmilləşdirilməsi üçün əsas olacaq. Xüsusi olaraq qeyd etmək istərdim ki, həm Özbəkistan, həm də Azərbaycan özlərinin inkişafının bütün mərhələlərində qarşılıqlı dəstəyə malik olublar. Özəlliklə də Özbəkistan ictimaiyyəti Qarabağ probleminin mövcud olduğu 30 ildən çox müddətdə onun həlli üçün çalışıb. Özbəkistan xalqı həmişə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü məsələsinin ədalətli həllinin tərəfdarı olub. Bundan başqa, siyasi müstəqillik qazandıqdan sonra, Özbəkistan və Azərbaycan həmişə bir-birinin siyasi və sosial-iqtisadi inkişafında qarşılıqlı dəstək verib”.

Prezidentlər qarşılıqlı münasibətlərə xüsusi önəm verir

“Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İ.Əliyev Özbəkistanla qarşılıqlı iş birliyi və münasibətlərə xüsusi önəm verir. Eyni zamanda Özbəkistan Prezidenti də Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurları yüksək dəyərləndirir.” Bu sözlər də Prof. Dr. E.Nuriddinova aiddir.

Prezidentlər açılış mərasimində
Prezidentlər açılış mərasimində

Həmsöhbətimiz onu da deyir ki, “Azərbaycanın siyasi sabitlik və sosial-iqtisadi inkişafının əldə edilməsində ümummilli lider Heydər Əliyevin rolu böyük olub. Bu ad özbək xalqına da çox yaxşı tanışdır. Axı hələ Sovet dönəmində H.Əliyevin Özbəkistan rəhbərliyi ilə yaxın dost münasibətləri vardı. H.Əliyev və Özbəkistanın o vaxtkı rəhbəri Şərəf Rəşidov arasında sözün həqiqi mənasında yaxın qardaşlıq münasibətləri olub. Eyni münasibətlər H.Əliyev və Özbəkistanın ilk Prezidenti İslam Kərimov arasında da mövcud idi. Bu gün isə mövcud dostluq və qardaşlıq əlaqələrini hazırkı dövlət rəhbərləri – Şavkat Mirziyoyev və İlham Əliyev davam etdirir”.

Heydər Əliyev Meydanının açılışı rəmzi məna daşıyır

“Prezident İ.Əliyevin Özbəkistana səfərinin ilk günündə Azərbaycanın dahi milli lideri H.Əliyevə həsr edilmiş Meydanın və xatirə kompleksinin açılışı da rəmzi məna daşıyır. Bu meydan Daşkəndin ortasında yerləşir. Burada H.Əliyevin barelyfi quraşdırılıb. Meydanda Özbəkistan ictimaiyyəti və Azərbaycan diaspor nümayəndələrinin iştirakıyla böyük bir mitinq keçirildi. Mitinqdə ölkə prezidentləri çıxış etdilər, sonra da barelyefin açılışı oldu. Bu hadisə iki qardaş xalqın qarşılıqlı hörmətinin bariz bir örnəyidir”, – deyə Prof. Dr. E.Nuriddinov bildirir.

Həmsöhbətimiz sonda əlavə edir ki, “dövlət səfəri çərçivəsində ölkə başçılarının iştirakıyla keçirilən istər məhdud, istərsə də geniş tərkibli görüşlər qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək. Görüşlərdə müzakirə edilən məsələlər, imzalanan sənədlər qarşılıqlı münasibətlərin möhkəmlənməsi üçün güclü təməl rolunu oynayacaq. Eyni zamanda bu, Özbəkistan və Azərbaycan arasında ticari-iqtisadi, yatırım, kommunikasiya, informasiya, mənədi-humanitar, elm və təhsil sahələrində əlaqələri gücləndirəcək”.

Mission News Theme by Compete Themes.