Press "Enter" to skip to content

Türkiyə və Azərbaycan qaziləri Atatürkün mindiyi qatarda

Emin Həsənli Hulusi Akarla görüş zamanı

Emin Həsənli: Türkiyə qaziləri ilə bərabər Azərbaycan qaziləri də vaxtı ilə Atatürkün gəldiyi qatarda Mersinə daxil oldu

BAYRAQDAR MEDİA – “Mersində Azərbaycan qazilərinə göstərilən xüsusi diqqət və qayğı ümumilikdə qardaş Türkiyənin qazilərə, o cümlədən Azərbaycana verdiyi dəyərin növbəti nümayişi idi. Bu “bir millət – iki dövlət” fəlsəfəsinə əsaslanan qardaşlığımızın ötən hər gün ərzində daha da gücləndiyini və dərinləşdiyini təsdiqləyir. Mən Mersinlə bağlı məqama ətraflı toxunacağam. Amma öncə qeyd etmək istəyirəm ki, bir zamanlar “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən dahi Mustafa Kemal Atatürkün də, “Azərbaycanla Türkiyə bir millət – iki dövlətdir” deyən Ulu öndər Heydər Əliyevin də ruhu şaddır. Çünki onların başlatdıqları işlər, onların arzu və ideyaları bu gün Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlığından güc alaraq daha da irəliyə aparılır. Biz xoşbəxtik ki, belə günləri görürük, belə bir tarixə şahid oluruq”.

Azərbaycan qazilərinin iştirakı ilə yaddaqalan tədbir

Bunu Vətən müharibəsi qazilərinin bir qrupunun qardaş ölkəyə səfərinin yekunlarını BAYRAQDAR MEDİA üçün dəyərləndirən səfərin təşkilatçısı, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Türkiyə və Azərbaycan qaziləri çiyin-çiyinə gedirdilər

Onun sözlərinə görə, bundan öncəki səfərlər kimi bu səfər də maraqlı anlar, məhsuldar görüş və tədbirlərlə yadda qalıb: “Əslində, BAYRAQDAR MEDİA bizim səfərimizin ilk günündən sonuna qədər prosesi izlədi və operativ məlumatlar verdi. Mən öncə buna görə sizə minnətdarlıq edirəm və çalışacağam ki, daha çox vacib, yaddaqalan məqamlara toxunum. Öncə ondan başlayaq ki, Türkiyə Muharip Gaziler Derneğinin dəvəti, Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə gerçəkləşən budəfəki səfər çərçivəsində qardaş ölkənin Mersin, Adana, Ceyhan, Tarsus, Osmaniye və Ankara şəhərlərində olduq”.

Bayram mərasimlərində Türkiyə və Azərbaycan qaziləri çiyin-çiyinə addımlayıblar
Bayram mərasimlərində Türkiyə və Azərbaycan qaziləri çiyin-çiyinə addımlayıblar

E.Həsənli, “Yuxarıda səfər zamanı Azərbaycan qazilərinə xüsusi diqqət və qayğı göstərildiyini dedim. Bir misal çəkim. Səfər zamanı biz Mersinin və Adananın düşmən işğalından azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbirlərdə də iştirak etdik. Bütün bu cür tədbirlərdə adətən Türkiyə qaziləri öndə addımlayır. Onların ardınca vali, bələdiyyə başqanı və digər rəsmi şəxslər gedir. Azərbaycanlı qazilərin iştirakı onunla əlamətdar idi ki, öndə Türkiyə qaziləri ilə Azərbaycan qaziləri çiyin-çiyinə gedirdilər. Bu, çox önəmli idi” deyə qeyd edib.

Bu müstəsna hüquq Azərbaycan qazilərinə də verildi

Mersində Azərbaycan qazilərinə gösətərilən xüsusi diqqətlə bağlı məqama gəlincə, E.Həsənli deyib ki, 1922- ci il 3 yanvarda M.K.Atatürk qatarla Mersinə gəlib və şəhərə bayraq təqdim edib.

Vaxtı ilə Mustafa Kemal Atatürkün Mersinə daxil olduğu həmin tarixi qatar
Vaxtı ilə Mustafa Kemal Atatürkün Mersinə daxil olduğu həmin tarixi qatar

O, qeyd edib ki, həmin tarix Mersinin azad olunduğu gündür: “Hər il bu gün Türkiyə qaziləri M.K.Atatürkün varisi kimi həmin tarixi qatarla gəlib şəhər rəhbərliyinə bayraq təqdim edirlər. Bu dəfə isə bu müstəsna hüquq Azərbaycan qazilərinə də verildi. Yəni biz də Türkiyə qaziləri ilə bərabər həmin qatarda Mersinə daxil olub bayrağın şəhər rəhbərliyinə təqdim edilməsi mərasimində iştirak etdik. Bunun ayrı bir dəyəri var. Çünki bir ritual kimi qatarla Mustafa Kemal Atatürkün gəldiyi yolla gəlmək şərəfi bu günə kimi ancaq Türkiyə qazilərinə aid olub. Bu dəfə isə onlarla bərabər Azərbaycan qaziləri də bu şərəfə nail oldu. Mən də tədbir zamanı çıxışımda bildirdim ki, bu, 100 il əvvəl başlamış bir yoldur. Necə ki, o dövrdə bu iki xalq çiyin-çiyinə olub, bu gün də çiyin-çiyinədir”.

Ankara görüşləri öz məhsuldarlığı ilə fərqləndi

Müsahibimiz vurğulayıb ki, hər zaman olduğu kimi, bu dəfə də Ankara görüşləri öz məhsuldarlığı ilə fərqlənib: “Sizin də öncədən məlumat verdiyiniz kimi, səfərimizin son dayanacağı paytaxt Ankara oldu. Qardaş ölkənin paytaxtında Ankara Böyük Şəhər bələdiyyə başqanı Mansur Yavaş, MHP Genel başqanı Devlet Bahçeli, AK Partinin başqan yardımçısı, sivil toplum və ictimaiyyətlə əlaqələr başqanı, millət vəkili Belgin Uyğur və sosial siyasət üzrə başqan yardımçısı Tuba Köksal, həmçinin digər şəxslərlə görüşlərimiz oldu”.

Devlet Bahçeliden Azərbaycan qazilərinə qızıl Boz Qurd

Onun sözlrəinə görə, keçirilən görüşlərin ən mühümlərindən biri də milli müdafiə naziri Hulusi Akarla olub: “H.Akarla bu, ilk görüşümüz deyildi. Hər səfərimizdə o Azərbaycan qaziləri ilə görüşür. Onunla söhbətimiz çox səmimi oldu. Cənab nazir Azərbaycan hərbçilərinin 44 gündə qazandığı zəfərdən uzun illər danışılacağını vurğuladı. Eyni zamanda Azərbaycan və Türkiyə ordusunun əlaqələrinin genişlənməsini, birgə təlimlərin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, bu səfərlər çox əhəmiyyətlidir və bu əlaqələri mütləq davam etdirmək lazımdır”.

MHP-nin qərargahı önündə xatirə fotosu
MHP-nin qərargahı önündə xatirə fotosu
Mission News Theme by Compete Themes.