Press "Enter" to skip to content

Gənc nəsil dövlətə və milli köklərə bağlıdır – EKSPERT

Emin Həsənli

Son yeniləmə: 17 Fevral 2023 18:27

Emin Həsənli: Azərbaycanda vətənpərvər, vətəninə, torpağına və milli kökünə bağlı gənc nəsil formalaşıb

BAYRAQDAR MEDİA – “Adətən çətinliklər, fövqəladə hadisələr, həmçinin savaş dönəmləri bir xalqın və dövlətin sınaqdan necə çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki məhz belə vəziyyətdə sərgilənən mövqe dövlətin siyasətinin hədər gedib-getmədiyini, həmçinin, xalqın, xüsusilə də gənc nəslin öz dövlətinə və millli köklərinə nə qədər bağlı olduğunu üzə çıxarır. Bu baxımdan çəkinmədən deyə bilərik ki, Azərbaycan dövləti və xalqı xoşbəxtdir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, “Qardaş Köməyi” Platformasının təsisçilrindən olan Emin Həsənli deyib.

Emin Həsənli gənc könüllülərlə birlikdə yardımları avtomobillərə yükləyərkən
Emin Həsənli gənc könüllülərlə birlikdə yardımları avtomobillərə yükləyərkən

Onun sözlərinə görə, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır: “Gənclərin problemlərinin həlli, onların keyfiyyətli təhsil alması, sağlam böyüməsi üçün lazım olan bütün addımlar atılır. Təbii ki, bu zaman gənclərin vətənpərvər ruhda böyüməsi, dövlətinə, bayrağına və milli dəyərlərinə bağlı olması da ön sırada tutulan məramlardandır. Azərbaycan dövləti bunun üçün davamlı işlər görür, cənab Prezident gənclərlə hər görüşündə onların vətənpərvər ruhda böyüməsi üçüm dəyərli tövsiyələrini verir”.

E.Həsənli deyib ki, bu istiqamətdə görülən işlər, çəkilən zəhmət isə boşa getməyib: “Biz 44 günlük Vətən müharibəsində Azərbaycanda vətənpərvər, qorxmaz, torpağına bağlı gənclərin yetişdiyinin əyani şahidi olduq. Məhz həmin gənclər tarixi Zəfərin əldə edilməsində misilsiz rəşadət göstərdilər. Azərbaycan gəncləri eyni qətiyyəti və milli köklərə bağlılığı bu günlər bir daha sərgiləyirlər. Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycanda başladılan yardım kampaniyasında gənclər var qüvvələri ilə iştirak edirlər. Həmçinin, bu gün Azərbaycandan olan gənc könüllülər qardaş ölkədə zəlzələdən zərər çəkmişlərə dəstək verirlər”.

E.Həsənli əlavə edib ki, gənclər “Qardaş Köməyi” Platformasının yardım kampaniyasında da fəallıq edirlər: “Müxtəlif QHT-lərin tərkibində təmsil olunanlar, həmçinin digər gənclər yardım məntəqələrində gecə-gündüz çalışırlar. Azərbaycanda belə bir gənc nəslin olduğu üçün sevinir və qürur duyuruq. Ümumiyyətlə, son proseslər bir daha göstərdi ki, Azərbaycanda vətənpərvər, vətəninə, torpağına və milli kökünə bağlı gənc nəsil formalaşıb”.

Mission News Theme by Compete Themes.