Press "Enter" to skip to content

Turzim sahəsində əməkdaşlığın dərinləşməsi KKTC üçün çox önəmlidir

Serhan Aktunç (sağda) və Nadir Azəri

Son yeniləmə: 10 Aprel 2023 14:25

Serhan Aktunç: Azərbaycan dövlətinin hər keçən gün daha da inkişaf etdiyini yaxından müşahidə edir və bundan qürur duyuruq

BAYRAQDAR MEDİA – “Azərbaycana səfərimizin məqsədi uzun zamandır ki, qatılmadığımız Beynəlxalq “Turizm və səyahət” sərgisində iştirak etmək idi. 2017-ci ildə biz bu sərgidə iştirak etmişdik. Bu dəfə də KKTC olaraq “AITF-2023” 19-cu Beynəlxalq “Turizm və səyahət” sərgisində iştirak etdik”.

Serhan Aktunç: Azərbaycanın dəstəyini gözləyirik

Bunu ötən həftə Azərbaycana səfər edən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş Nazir Müavinliyi, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç dedi.

Türklük mənim üçün çox önəmlidir

Səfər çərçivəsində BAYRAQDAR MEDİA-ya özəl müsahibə verən S.Aktunç bir çox maraqlı məqamlara toxundu.

“Azərbaycan və KKTC-nin turizm sahəsindəki əlaqələrini ümumilikdə necə dəyərləndirmək olar” sualını cavablandıran müsahibimiz öncə onu dedi ki, bu onun Azərbaycana ilk səfəridir: “İlk dəfədir ki, Azərbaycana gəlirəm və şahidi oldum ki, bizi bir-birimizə çox sıx əlaqələr bağlayır. Türkiyə və Azərbaycan “bir millət iki dövlət” adlandırılır, lakin mən deyirdim ki, biz “bir millət üç dövlətik”. Ölkələrimizin oxşar cəhətləri çoxdur, hər iki ölkə ərazisinin işğalı ilə bağlı çətinliklər yaşayıb. Onu da deyim ki, türklük mənim üçün çox önəmlidir. Buna görə də türk dünyasının, o cümlədən də Azərbaycanın əldə etdiyi hər bir uğur məni çox sevindirir. Ümumiyyətlə, Kıbrıs türk xalqı olaraq biz qardaş Azərbaycan dövlətinin və xalqının hər keçən gün daha da inkişaf etdiyini yaxından müşahidə edir və bundan qürur duyuruq”.

KKTC-nin Bakıda turizm informasiya ofisi açıla bilər

O, qeyd etdi ki, Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı zəfər hər bir Kıbrıs türkünü qürurlandırıb: “Bu zəfərə görə bizlər də sizlər qədər sevindik, qürurlandıq. Bu zəfər ümumilikdə türk dünyasını qürurlandırdı. Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində torpaqlarınız işğaldan azad olundu. Bu qələbə başqa bir məqam baxımından da önəmlidir. Biz bilirik ki, torpaqların işğal altında olması qardaş Azərbaycanın bir çox məsələlərdə, o cümlədən KKTC ilə bağlı məsələdə bəzi addımlar atmasına bəzən mane olurdu. Amma artıq bu problemdən, ayaq bağından xilas olmusunuz. Cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə qardaş Azərbaycanın daha da qətiyyətli addımlar atmasına təkan verib. Əminik və arzu edirik ki, qardaş Azərbaycan tezliklə KKTC ilə bir çox, o cümlədən turizm sahəsində qarşılıqlı layihələrin reallaşmasına təkan verəcək addımlar atacaq. KKTC-nin gəlirləri turizm sektoru üzərində qurulub. Buna görə də biz sizlərin dəstəyini gözləyirik”.

10 illik fasilədən sonra yenidən hərəkətlənməyə başlamışıq

Konkret olaraq sualımıza gəlincə, S.Aktunç dedi ki, bəlli bir dövrdə bu sahədə müəyyən addımlar atılıb: “Lakin təəssüflər olsun ki, 2011-ci ildən sonra bu əlaqələr arzu etdiyimiz səviyyədə davam etmədi. Bununla belə, 2022-ci ildən etibarən biz əlaqələrin müntəzəmləşməsi üçün müvafiq addımlar atmağa başladıq. Ötən il biz Azərbaycan Turizm Agentlikləri Assosiasiyasını KKTC-yə dəvət etdik. Kıbrısda çox gözəl bir görüş və müzakirələrimiz oldu. Bakıda da həm bu Assosiasiyanın rəhbəri, həm də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti ilə görüşdük. Onları Kıbrısa dəvət etdik. İnşallah tezliklə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Kıbrısa səfər edəcək. Bir sözlə, 10 illik fasilədən sonra yenidən hərəkətlənməyə başlamışıq. Əminəm ki, hər iki tərəfin əzmkarlığı sayəsində tezliklə müsbət nəticələr əldə edəcəyik”.

Bir milyon beş yüz mindən cəmi beş mini azərbaycanlı olub

İki ölkə arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələnin üstündə xüsusi dayanan S.Aktunç “Mən yuxarıda “bir millət üç dövlətik” ifadəsini işlətdim. Biz KKTC olaraq bunu belə görürük. Əminəm ki, Azərbaycan da belə görür. Sadəcə, nə qədər təəssüfdoğurucu olsa da, deməliyəm ki, əməkdaşlığımız hələ ki, “bir millət üç dövlət” fəlsəfəsinə cavab vermir. Daha dəqiq desək, Azərbaycan xalqının və dövlətinin Kuzey Kıbrısı dəstəkləməsi, xüsusilə də təhsil və turzim sahəsində əməkdaşlıqların dərinləşməsi bizim üçün çox önəmlidir. Çünki bu gün təhsil və turizm KKTC-nin əsas sektorlarındandır. Lakin təəssüflər olsun ki, 2022-ci ildə Azərbaycanda KKTC-yə gedən turiztlərin sayı cəmi 5 min nəfər olub. Təsəvvür edirsiniz, 2022-ci ildə bizə bütün dünyadan bir milyon beş yüz min turist gəlib. Onların içərisində Azərbaycandan gələn turistlərin sayı isə cəmi 5 mindir. Bu isə olduqca aşağı rəqəmdir” deyə, qeyd etdi.

KKTC-nin bütün təbəqələrin imkanlarına cavab verəcək turizm məhsulları var

“Təbii ki, qardaşlığımız öz yerində. Amma turizmin bir qaydası da var. Hər bir ölkə daha çox turistin cəlb edilməsi üçün müəyyən cəlbedici təkliflər irəli sürür. Bu baxımdan, Azərbaycandan turist səfərləri üçün KKTC-ni seçənləri hansı üstünlüklər, yaxud imkanlar gözləyir” sualını isə müsahibimiz belə cavablandırdı: “Əvvəla, KKTC-də turizmin bir çox sahələri inkişaf edib. Yəni KKTC-yə turist səfəri edənlər, əvvəla, gözəl turizm potensialımızdan yararlana biləcəklər. İkincisi, KKTC-nin bütün təbəqələrin imkanlarına cavab verəcək turizm məhsulları var. Çox dəbdəbəli otellərimiz də, büdcəsi aşağı olan butik otellərimiz də var. Yeni hava limanımız da hazırdır. Artıq, hər həftənin çərşənbə günləri KKTC-dən Azərbaycana və Azərbaycandan da KKTC-yə Türkiyə vasitəsilə uçuşlar olacaq. İlk uçuş aprelin 19-da həyata keçiriləcək. Bu da turist səfəri üçün ziyarət edənlərə əlavə imkanlar yaradır. Onu da deyim ki, biletlər heç də baha deyil. Çərşənbə günləri KKTC-dən Bakıya uçuşlar olacaq. Aprelin 19-da isə Azərbaycandan Türkiyə üzərindən KKTC-yə əlavə uçuşlar başlayacaq və qiymətlər daha münasib olacaq. Üçüncüsü, Azərbaycan vətəndaşları Kuzey Kıbrısın zəngin mədəniyyəti, tarixi və gəzməli, görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Dördüncüsü, KKTC sağlamlıq turizmi üçün də ideal bir yerdir. Beşincisi, ilin 11 ayı günəş işiğı olan KKTC-də istənilən vaxt dincəlmək, dənizdə çimmək, bir sözlə, gözəl vaxt keçirmək mümkündür. Nəhayət, biz eyni dinin, eyni mədəniyyətin və eyni dilin daşıyıcılarıyıq. KKTC-yə turist səfəri edən Azərbaycan vətəndaşları dil baxımdan heç bir problem yaşamayacaqlar. Həmçinin, bizim mətbəxlərimiz də eynidir. Ümumiyyətlə, KKTC turistlərə həm millli, həm də dünya mətbəxinin təqdimatı məsələində də fərqli imkanlar təqdim edir. Mən burada bir vacib məqamı da qeyd etmək istəyirəm. Bizim xalqlarımızın sevinci kimi faciələri də eynidir. Hər iki xalq zaman-zaman işğalçı hücumlara, soyqırımlarına məruz qalıb. Ümumiyyətlə, xalqların bir-birinə bu qədər dərin bağlı olduğu bir mühitdə biz həm iqtisadi, həm də siyasi baxımdan əlaqələrimizi yüksək səviyyəyə çıxarmalıyıq”.

Onun sözlərinə görə, iki ölkə arasında təhsil sahəsindəki əlaqələr də inkişaf edir: “Hazırda 200 azərbaycanlı gənc KKTC universitetlərində təhsil alır. Azərbaycanlı gənclərin KKTC universitetlərində təhsil almaq istəyini alqışlayırıq. Eyni zmanda, bildirmək istəyirəm ki, bu tələbələr üçün hər cür şərait yaratmışıq. Düzdür, pandemiya dövründə təhsil sahəsində əlaqələr də zəiflədi. Lakin gələcəkdə bu əlaqələrin də pandemiyadan əvvəlki səviyyəyə qayıdacağına ümid edirik”.

Bu, beynəıxalq arenada KKTC turizminin tanıdılması üçün əlavə imkanlar yaradacaq

Bu yaxınlarda, Dünya Sağlamlıq Turizmi Şurasının (GHTC) Baş Assambleyasında bu quruma sədrlik KKTC-yə keçib. Bunun KKTC-yə hansı dividentlər vəd etməsinə gəlincə, S.Aktunç dedi ki, bu, xüsusilə də beynəlxalq arenada KKTC turizminin tanıdılması, ümumiyytələ KKTC-nin imkanlarının təqdim edilməsi baxımından önəmlidir.

Dünya Sağlamlıq Turizmi Şurasına KKTC rəhbərlik edəcək

O, bildirib ki, “Dünya Sağlamlıq Turizmi Şurasında 56 ölkə təmsil olunur və belə qurumun dönəm başqanlığının KKTC-yə keçməsi çox önəmlidir. Hardasa ilin 11 ayının günəş olduğu bir ölkənin hansı turizm potensialına, xüsusilə də sağlamlıq turizmi ilə bağlı potensiala malik olmasını bu qurum vasitəsilə dünyaya daha asan bir şəkildə çatdırmaq imkanımız olacaq”.

Hellimlə maraqlanan avropalı…

“Siz yuxarıda turizm imkanlarından danışarkən mətbəxə də toxundunuz. Bəlli olduğu kimi, ilk Kıbrıs türk hellim (pendir) istehsalçısı AB keyfiyyət proqramı çərçivəsində Qorunan Mənşə Adı (PDO) sertifikatı almaq hüququ əldə edib. Bəs, bunun KKTC-də turizmin inkişafına hansı dəstəyi ola bilər” sualına isə müsahibimzi belə cavab verdi: “İlk öncə bu qərar onu deyir ki, artıq məhsullarımız Avropa bazarlarında daha rahat satılacaqdır. Çünki Kıbrısda müvafiq rəsmi yoxlamaları həyata keçirmək səlahiyyətinə malik beynəlxalq səviyyədə akkreditə olunmuş Bureau Veritas təşkilatı bu ilin fevral ayında Kıbrıs türk icmasında ilk yoxlama aparıb və icmadan olan ilk istehsalçının, Gülgün Süt Mamulleri LTD-nin PDO-da göstərilən tələblərə əməl etdiyini təsdiqləyib. Beləliklə, biz bu məhsullarımızı Avropada rahat sata biləcəyik”.

KKTC-də istehsal olunan hellim PDO sertifikatı alıb

Onun sözlərinə görə, bu, eyni zamanda, turizmin tanıdılması baxımından da KKTC-yə dəstək olacaq: “Yəni, hellimlə maraqlanan avropalı eyni zamanda bu hellimin istehsal edildiyi KKTC-nin gözəl bii turizm ölkəsi olduğunu biləcək”.

Bu dəstəyin göstəriləcəyinə əminik

Müsahibəsində KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzvlüyünün yaradacağı imkanlara da toxunan S.Aktunç “Ümid edirik ki, Azərbaycan kimi Türk Dövlətləri Təşkilatının digər üzvləri də KKTC-ni dəstəkləyəcək, həm turizm, həm də digər sahələrdə bizimlə sıx əməkdaşlıq edəcəklər” dedi.

“Son olaraq bir daha Azərbaycan dövlətinə və xalqına müraciət edirəm. Bizim bu gün sizin dəstəyinizə ehtiyacımız var. Bu dəstək də əməkdaşlığın inkişafından keçir. Bu dəstəyin göstəriləcəyinə əminik və buna böyük ümdimiz var. Bakıya da bu ümidlə gəlmişik. Məhz bundan yola çıxaraq, 2023-cü ilin KKTC ilə Azərbaycan arasında turizm, siyasət və iqtisadi əlaqələr baxımından yeni başlanğıc ili olmasını arzulayıram” deyə, müsahibimiz sonda qeyd edib.

Mission News Theme by Compete Themes.