Press "Enter" to skip to content

Qazaxıstan-Azərbaycan münasibətləri qardaşlıq xarakteri daşıyır

Rəsmi qəbul zamanı

Son yeniləmə: 25 Oktyabr 2023 13:41

Bakıda Qazaxıstan Respublikası Günü qeyd olundu

BAYRAQDAR MEDİA – Oktyabrın 24-də Qazaxıstanın Azərbaycandakı səfirliyi Respublika Gününün qeyd olunması münasibətilə təntənəli qəbul keçirdi.

 

Səfir Alim Bayel və nazir Pərviz Şahbazov salamlama nitqləri ilə çıxış edərkən
Səfir Alim Bayel və nazir Pərviz Şahbazov salamlama nitqləri ilə çıxış edərkən

BAYRAQDAR MEDİA xəbər verir ki, tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın energetika naziri, Qazaxıstan-Azərbaycan Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov, Azərbaycan parlamentinin deputatları, dövlət orqanlarının nümayəndələri, diplomatik missiyaların və beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar, mədəniyyət xadimləri və ictimai fəallar, biznes dairələrinin və KİV-lərin nümayəndələri, o cümlədən Azərbaycanda təhsil alan və işləyən qazaxıstanlılar iştirak edirdi.

Rəsmi qəbuldan daha bir foto
Rəsmi qəbuldan daha bir foto

Qəbulun rəsmi hissəsi zamanı ənənəvi olaraq Qazaxıstanın və Azərbaycanın milli himnləri səsləndi, səfir Alim Bayel və nazir Pərviz Şahbazov salamlama nitqləri ilə çıxış etdilər.

İki qardaş ölkə regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün birgə çalışır

Səfir Alim Bayel öz çıxışında Qazaxıstan-Azərbaycan əməkdaşlığının inkişaf templərinin ilk növbədə iki ölkə prezidentləri arasında etimada söykənən dialoqu sayəsində sürətləndiyini qeyd etdi. Səfir, Azərbaycanı və Qazaxıstanı türk eyniliyi birləşdirdiyini və hər iki ölkənin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün birgə çalışdığını vurğuladı.

Səfir, həmçinin Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu-TBNM), Xəzər dənizin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli kimi iri layihələrin həyata keçirilməsindən söz açdı. Qeyd olundu ki, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı üzərində birgə işləyirlər. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların həcmi 85 faiz artıb.

Qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib

Nazir Pərviz Şahbazov isə çıxışında münasibətlərin qardaşlıq xarakterini daşıdığını, iki ölkə və xalq arasında strateji tərəfdaşlığını vurğuladı. Qeyd olundu ki, ikin qardaş ölkə arasındakı münasibətlər hər zaman qarşılıqlı etimada və dostluğa əsaslanıb və müttəfiqlik səviyyəsinə yüksəlib. Nazir çıxışında qarşlıqlı səfərlərin vacibliyini qeyd etdi.

Mərasimdən xatirə fotosu: Nadir Azəri (solda), Əkbər Qoşalı və Aqil Camal
Mərasimdən xatirə fotosu: Nadir Azəri (solda), Əkbər Qoşalı və Aqil Camal

Pərviz Şahbazov dedi ki, uzunillik münaqişənin həllində Qazaxıstan Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. O, Füzulidə uşaq yaradıclığı mərkəzinin yaradılması təşəbbüsünün Qazaxıstana aid olduğunu xatırladaraq bunun iki ölkə arasında qardaşlıq əlaqələrinin nəticəsi olduğunu bildirdi. İki qardaş ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq etdiyi qeyd olundu.

Sonda, nazir qardaş Qazaxıstan xalqına uğurlar, tərəqqi və sülh arzuladı.

Dövlət mükafatları və fəxri fərmanlar təqdim edildi

Tədbir zamanı A.Bayel Prezident Qasım-Jomart Toqayevin adından və tapşırığına əsasən Azərbaycan Respublikasının xadimlərinə dövlət mükafatları və fəxri fərmanları təntənəli şəkildə təqdim etdi.

Bəlli oldu ki, Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan və Azərbaycan xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və Azərbaycanın tanınmış nasiri, publisisti, ssenaristi və tərcüməçisi Nəriman Əbdülrəhmanlı II dərəcəli “Dostluq” ordeni ilə təltif olunublar. Qazaxıstanla Azərbaycan arasında qardaş münasibətlərin təşviqi, ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsi üzrə verdiyi töhfələrə görə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanları ilə təltif olunublar.

Etnoqrafik sərgi
Etnoqrafik sərgi

Məlumat üçün bildirək ki, rəsmi qəbul çərçivəsində Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi, Qazaxıstanın Mərkəzi Dövlət Muzeyi və Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan etnoqrafik sərgi qonaqlara təqdim olundu. Tədbir qonaqları qazax xalqının ənənəvi mədəniyyətinin müxtəlifliyini əks etdirən qədim təsərrüfat və məişət əşyaları, geyimləri, atçılıq avadanlıqları, xalça-keçə və digər milli məmulatları ilə tanış oldular. Eyni zamanda tematik fotosərgi təşkil olundu. Dəvət olunanlar fotoşəkillərdə əks olunan Qazaxıstan peyzajları ilə tanış oldular.

Səfirdən Azərbaycanla bağlı daha bir yaddaqalan addım

Tədbirdə Şımkent Şəhər Opera və Balet Teatrının artistləri konsert proqramı ilə çıxış etdilər. Qazax və Azərbaycan xalq mahnıları ifa olundu və rəqsləri nümayiş olunub, Qazaxıstan və Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirildi.

Bu zaman diqqətimiz çəkən bir məqamı da oxucularla bölüşmək istərdik.

Səfir Alim Bayel təkcə Azərbaycan dilində səlis danışmır, həm də Azərbaycan musiqisinə də bizim kimi gözəl rəqs edir
Səfir Alim Bayel təkcə Azərbaycan dilində səlis danışmır, həm də Azərbaycan musiqisinə də bizim kimi gözəl rəqs edir

Bəlli oldu ki, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel təkcə Azərbaycan dilində səlis danışmağı ilə fərqlənmir. O, Azərbaycan musiqisi sədaları altında elə bizim kimi gözəl rəqs edir. Bu da təbii ki, cənab səfirin Azərbaycan sevgisinin daha bir nümunəsidir.

Mərasimdən daha bir xatirə fotosu: Səfir Alim Bayel, balaca Malika və Nadir Azəri
Mərasimdən daha bir xatirə fotosu: Səfir Alim Bayel, balaca Malika və Nadir Azəri

Sonda isə qonaqlara Qazaxıstan milli mətbəxinin təamları və tanınmış Qazax müəlliflərin Azərbaycan dilində olan kitabları təqdim olundu.

Tanınmış Qazax müəlliflərin Azərbaycan dilində olan kitabları
Tanınmış Qazax müəlliflərin Azərbaycan dilində olan kitabları
Mission News Theme by Compete Themes.