Press "Enter" to skip to content

İş adamından ilk dəfə səs verəcək gənclərə müraciət

Fikrət Əliyev

Son yeniləmə: 2 Fevral 2024 12:43

Fikrət Əliyev: 7 fevral günü mütəşəkkil şəkildə seçki məntəqələrinə üz tutmalıyıq

BAYRAQDAR MEDİA – “Fevralın 7-də Azərbaycanda növbəti siyasi proses baş verəcək. Növbədənkənar prezident seçkisində iştirak edəcək Azərbaycan xalqı ölkəni növbəti müddətə idarə edəcək dövlət başçısının kimliyinə aydınlıq gətirəcək”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, YAP Binəqədi Rayon Təşkilatı Təşviqat Qrupunun üzvü Fikrət Əliyev deyib.

Fevralın 7-də vətəndaşların seçiminin cənab İlham Əliyev olacağına kimsə şübhə etmir

Onun sözlərinə görə kimsə şübhə etmir ki, xalqın, səsvermə hüququ olan vətəndaşların seçimi məhz cənab İlham Əliyev olacaq: “Məhz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində tarixi və misilsiz uğurlar qazanıb. Ən əsası isə topraqlarımız işğaldan azad edilib və bütün ərazilərimizdə dövlət süverenliyimiz bərpa edilib. Bu tarixi Zəfərin memarı da Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Buna görə də fevralın 7-də seçki məntəqələrinə gedəcək vətəndaşların seçiminin cənab İlham Əliyev olacağına kimsə şübhə etmir. Elə YAP Binəqədi Rayon Təşkilatı Təşviqat Qrupunun üzvüləri kimi seçicilərlə keçirdiyimiz görüşlərdə də biz xalqın bu əzmini müşahidə edirik”.

Uğurlardan bu il ilk dəfə səs verəcək gənclərə də pay düşüb

F.Əliyev açıqlamasında bir məqamın üzərində xüsusi olaraq dayanıb: “Məlum olduğu kimi növbədənkənar prezident seçkisi Azərbaycanda hər il böyük coşqu ilə qeyd edilən 2 Fevral-Gənclər Günündən bir neçə gün sonra keçiriləcək. Yəni bu gün növbəti dəfə bir araya gələcək Azərbaycan gəncləri ötən dövrlərdə əldə edilən uğurlara nəzər salacaqlar. Uğurlar isə çoxdur və heç şübhəsiz ki, bu il ilk dəfə səs verəcək gənclərə də bundan pay düşüb”.

Bu seçkidə ilk dəfə səs verəcək gənclərin səsinin önəmi var

Müsahibimiz açıqlamasında məhz bu il ilk dəfə səs verəcək gənclərə müraciət etmək istədiyini də deyib: “Çünki bu seçkidə hər bir səsvemə hüququ olan Azərbaycan vətəndaşlarının, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsinin önəmi var”.

F.Əliyevin sözlərinə görə bəzən insanlarda, o cümlədən gənclərdə -“Mən seçkidə iştırak etməsəm də olar. Onsuz da cənab İlham Əliyevi bütün xalq dəstəkləyir” şəklində yanlış fikir formalaşır: “Təbii ki, cənab İlham Əliyevi bütün xalq dəstəkləyir. Amma bu dəstəyimizi hər yerdə, o cümlədən seçkilərdə də nümayiş etdirməliyik. Ona görə də 7 fevral günü mütəşəkkil şəkildə seçki məntəqələrinə üz tutmalıyıq”.

Bu, Azərbaycan xalqının və gəncliyinin cənab İlham Əliyevi dəstəklədiyini növbəti dəfə bütün dünyaya nümayiş etdirəcək

F.Əliyev, “Mən həm Azərbaycanda, həm də ölkə xaricində təhsil alan gənclərə, xüsusilə də ilk dəfə səs verəcək gənclərə üz tuturam. 2020-ci ildəki tarixi Zəfərimizi qazanan Azərbaycan Ordusunun tərkibində böyük əksəriyyət gənclər idi. Onların döyüş meydanında qaldırdıqları Zəfər bayrağını daha da irəli aparmaq vəzifəsi isə sizin üzərinizdədir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün ilk addım fevralın 7-də atılacaq. Buna görə də seçkidə hamılıqla, mütəşəkkil şəkildə iştirak etməliyik. Bu, həm də Azərbaycan xalqının və gəncliyinin cənab İlham Əliyevi dəstəklədiyini növbəti dəfə bütün dünyaya nümayiş etdirəcək” deyib.

Mission News Theme by Compete Themes.