Karsın kəndlərində saz və söz ustaları aşıqlıq ənənəsini yaşadır
BAYRAQDAR MEDİA – Tarixi və mədəni dərinliyi ilə tanınan Qarsda, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alan aşıqlıq ənənəsi kəndlərdə yaşadılmağa davam edir.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, usta-şagird münasibəti ilə nəsildən-nəsilə ötürülən bu özünəməxsus sözlü ədəbiyyat və musiqi sənəti xüsusilə toy, nişan və xüsusi məclislərdə kənd otaqlarının ayrılmaz hissəsidir: “Orta Asiyadan Anadoluya daşınan və Dədə Qorqud irsinin izlərini daşıyan aşıqlıq Qars və ətrafında yalnız sənət deyil, həm də ünsiyyət, yaddaş və tarix ötürmə vasitəsi kimi qəbul olunur. Kənd otaqlarında toplaşan sakinlər aşıqların saz müşayiəti ilə söylədiyi deyimlər, rəvayətlər, dastanlar, qoçaklamalar və xüsusilə də atışmalarla həm əylənir, həm də sosial məsələlərlə bağlı satirik tənqidləri dinləmək imkanı əldə edirlər”.
Məlumatda deyilir ki, Karsın Akyaka rayonuna bağlı Demirkent kəndində Aşık Ayhan Şimşekoğlu və Aşık Arif Gülcani kənd qəhvəxanasında dinləyicilərə unudulmaz anlar yaşadıblar: “Aşıqlar Lebdeğmez (Dodaqtəyinməz) söyləyərək və atışma nümunələri göstərərək aşıqlıq ənənəsini icra ediblər. Şəhər mərkəzindəki mədəniyyət evləri ilə yanaşı, aşıqlıq ənənəsinin ən orijinal və fasiləsiz şəkildə yaşadığı məkanlar məhz kənd otaqlarıdır. Soba çıtırtısı fonunda gəncdən yaşlıya bütün kənd sakinlərinin toplandığı bu məclislər gənc aşıqların yetişdiyi bir növ “məktəb” funksiyasını daşıyır. Təcrübəli aşıqlar şagirdlərinə makamları, ayakları, rəvayətləri və ədəbi qaydaları öyrədərək bu mədəni irsin gələcəyə sağlam şəkildə ötürülməsini təmin edirlər”.
Vurğulanıb ki, son illərdə artan şəhərləşmə və müasir həyat tərzinin gətirdiyi dəyişikliklərə baxmayaraq, Karsın kənd sakinləri bu ənənəyə sıx bağlılıq göstərirlər: “Kəndlilər toy və digər xüsusi tədbirlərdə mütləq bir aşıqa yer ayıraraq bu mədəniyyətin maddi və mənəvi baxımdan yaşamasına töhfə verirlər. Karsın qədim mədəniyyəti aşıqların dillərdən-dillərə dolaşan nəğmələri ilə kəndlərdə yaşamağa, sazın sədası ilə könülləri isitməyə davam edir”.








