BAYRAQDAR MEDİA – Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir. Mədəniyyət günləri çərçivəsində dekabrın 15-də Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərləri əsasında hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub. Qonaq ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə qardaş ölkənin zəngin ənənələrini böyük şövqlə nümayiş etdiriblər”.
Ardınca xəbərdə, “Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomuradova ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı alqışlarla qarşılanıb. Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva öz ifaları gecəyə rəng qatıblar. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, “Qarabağ” mahnısını da ifa etməsi könülləri oxşayıb” deyə diqqətə çatdırılır.








