Yaxud, Novruz yalnız bir bayram deyil, həm də keçmişlə gələcək arasında körpü rolunu oynayan mühüm mənəvi dəyərdir
BAYRAQDAR MEDİA – Türk dünyası daha bir Novruzu şəninə layiq şəkildə qeyd etdi. Ümumiyyətlə, Novruz dünyanın müxtəlif xalqları tərəfindən qeyd olunsa da, danılmaz bir həqiqətdir ki, bu bayram türklər üçün xüsusi məna daşıyır və bizim ən qədim, ən doğma bayramlarımızdan biridir. Çünki türk mifoloji düşüncəsində Novruz türklərin yenidən dirçəlişinin, uzun mübarizədən sonra Ergenekondan çıxaraq dünyaya və azadlığa yenidən qovuşmasının rəmzi kimi qəbul edilir. Bu mənada hər bir insan üçün doğum günü nə qədər doğma və əzizdirsə, türk dünyası üçün də Novruz bir o qədər müqəddəs və dəyərlidir. Məhz buna görə də bu bayram türk xalqları arasında xüsusi sevgi və coşqu ilə qeyd olunur.

Qeyd edək ki, 2026-cı ildə də Novruz şənlikləri xüsusilə diqqət çəkdi. Bakıda keçirilən bayram tədbirləri, o cümlədən Dənizkənarı Bulvarda və Qız Qalası ətrafında təşkil olunan müxtəlif mədəni proqramlar bu coşqunun bariz nümunəsi oldu. Bayram günlərində bəhs edilən ərazilərdə türk dövlətlərinə məxsus bayram çadırlarının qurulması tədbirə ayrı bir rəng qatdı. Qırğızıstan, Qazaxıstan və digər qardaş ölkələrin Novruz təqdimatları türk dünyasının birliyini əyani şəkildə nümayiş etdirdi.
Bakıda qurulan Qazax yurtasında Novruz mesajları
Beləliklə, martın 20-də Bakının mərkəzində yerləşən Dənizkənarı Bulvarda Novruz şənlikləri qardaş Qazaxıstanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi bayram mərasimləri ilə xüsusilə yadda qaldı. Səfirliyin və “BI Group” tikinti holdinqinin təşkilatçılığı ilə qurulan Qazax yurtası (çadırı) ətrafındakı açılış mərasimində səfirlər və beynəlxalq təşkilatların rəhbərləri, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, geniş Bakı ictimaiyyəti və Azərbaycanda yaşayan qazaxıstanlılar iştirak etdilər.
Mərasimdə çıxış edən Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel bildirdi ki, Xəzər sahilində Novruzun qeyd olunması iki qardaş xalq arasında mədəni və tarixi bağların ayrılmazlığının simvoluna çevrilib.
Diplomat vurğuladı ki, bu il eyni vaxta təsadüf edən Novruz və Ramazan bayramları türk dünyasının ortaq dəyəridir və bu cür tədbirlər Azərbaycan sakinlərinə Qazaxıstanın ənənələri və müasir nailiyyətləri ilə daha yaxından tanış olmaq imkanı yaradır: “Ölkəmizin hər yerində Novruz bayramı qeyd olunur. Biz də bu bayramı qardaş Azərbaycanın paytaxtı Bakıda qazax üslubunda keçirmək istədik. Novruz yenilənmənin və baharın rəmzidir. Bu bayram Türk dünyasında birlik, həmrəylik və əməkdaşlıq proseslərini daha da gücləndirir. Bu münasibətlə bütün Türk dünyasına, müsəlman aləminə və bəşəriyyətə sülh və əmin-amanlıq arzulayıram”.
Alim Bayel: Qazaxıstan və Azərbaycan arasında, eləcə də ümumilikdə türk dünyasında yenilənmə, birlik və əməkdaşlıq mühiti hökm sürür
Səfir bildirdi ki, bu gün Qazaxıstan və Azərbaycan arasında, eləcə də ümumilikdə türk dünyasında yenilənmə, birlik və əməkdaşlıq mühiti hökm sürür.

“BI Group” şirkətinin biznesin inkişafı üzrə rəhbəri Amir Amangeldinov isə çıxışında qeyd etdi ki, tədbirlər xüsusi olaraq Bakının bütün sakinləri və qonaqları üçün təşkil olunub.
Beləliklə, çıxışlardan sonra bayram şənlikləri başladı. Onu da vurğulayaq ki, martın 20-dən 22-dək üç gün ərzində azərbaycanlılar Qazaxıstanın etnomədəni irsi ilə tanış olmaq imkanı əldə etdilər. Bayram proqramı çərçivəsində tanınmış artistlərin, folklor ansambllarının, uşaq rəqs kollektivlərinin çıxışları, qazax və Azərbaycan musiqisinin ən yaxşı nümunələri təqdim edildi.
Xüsusilə rəqs nümayişləri, o cümlədən “Qara Jorğa” Qazax fleşmobu və türk xalqlarını birləşdirən “Yallı” ərazidəki insanlar tərəfindən böyük maraqla qarşılandı.

Cənab səfir Alim Bayelin, o cümlədən səfirlik əməkdaşlarının bakılılar və Azərbaycanda yaşayan qazaxıstanlılarla birlikdə rəqs etməsi, qədim türk ənənələrin özündə əks etdirən “kəndir dartması” və “Aşıq-aşıq” milli idman yarışmalarına qoşulması isə bayramdan geriyə qalan xoş xatirələr oldu.
Bayramın olmazsa-olmazı Novruz plovu
Heç şübhəsiz Novruzun olmazsa-olmazı bayram plovu da hazırlandı. Mərasimə qatılanlara həm Novruz plovu, həm də digər təamlar təqdim edildi. Burada qonaqlara eyni zamanda Qazaxıstanın mətbəxinin ayrılmaz parçası olan və bayramı simvolizə edən naurız köje, bauırsak, plov, jent, o cümlədən qurut yeməkləri təqdim olundu.

Bəlli olduğu kimi, Novruz bayramı türklərdə həm də gözəl hədiyyələr vermək kimi ənənəni də özündə yaşadır. Elə Qazaxıstanlı qardaşlarımız da bunu nəzərdən qaçırmamışdılar. Belə ki, tədbir çərçivəsində qiymətli hədiyyələr də oynanıldı.
Xüsusilə, “Air Astana” və “Fly Arystan” aviaşirkətləri təqdim olunana müsabiqə və oyunlarda fərqlənən Bakı sakinlərinə Qazaxıstana aviabiletlər təqdim etdilər. Bu isə bayrama bayram, sevincə-sevinc qatdı.
Körpə uşaqlar belə milli oyunlara böyük maraq göstərirdilər
Yeri gəlmişkən, bayram günlərində biz xüsusi olaraq Qazaxıstan yurtası qurulan ərazini ziyarət etdik və oradakı ab-havanın şahidi olduq. Müşahidələrimiz göstərdi ki, burada yalnız böyüklər deyil, hətta körpə uşaqlar belə milli oyunlara böyük maraq göstərirdilər.

Aşıq-aşıq oyunu, kəndirçəkmə və digər ənənəvi oyunlar uşaqların sevincinə səbəb olmaqla yanaşı, milli dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayırdı.
Bu fakt bir daha təsdiqləyir ki, Novruz yalnız bir bayram deyil, həm də keçmişlə gələcək arasında körpü rolunu oynayan mühüm mənəvi dəyərdir.

Eyni zamanda, Qazaxıstanın Bakıda qurduğu yurta və təşkil olunan tədbirlər göstərdi ki, qardaş ölkə Azərbaycanla ortaq mədəniyyət və dəyərləri böyük həssaslıqla paylaşır. Bu işdə Qazaxıstanın Azərbaycandakı səfirliyinin və səfir Alim Bayelin xüsusi səyləri diqqətdən yayınmır.

Məhz bunun nəticəsidir ki, onların təşəbbüsü ilə təşkil olunan Novruz tədbirləri türk ruhuna uyğun şəkildə yüksək səviyyədə həyata keçirildi.








