Press "Enter" to skip to content

Konfrans: “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah”

Konfrans: “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah”

BAYRAQDAR MEDİA – Heydər Əliyev Mərkəzində “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” İctimai Birliyi, Səhiyyə Nazirliyi (SN), İqtisadiyyat Nazirliyi (İN) və Macarıstanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” adlı II Beynəlxalq konfrans keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “konfransda dövlət qurumlarının nümayəndələri, xarici ekspertlər və yerli əczaçılıq sənayesi istehsalçıları bir araya gələrək Azərbaycanın əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri, yerli istehsalın gücləndirilməsi istiqamətləri, eləcə də qabaqcıl beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında geniş çıxışlar edib və müzakirələr aparıblar. Konfransın açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev əczaçılıq sənayesinin keçdiyi inkişaf yoluna toxunaraq bildirib: “Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əczaçılıq sahəsinin institusional əsasları formalaşdırılıb, ilk istehsal müəssisələri yaradılıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə olduğu kimi, səhiyyə və əczaçılıq sektorunda da mühüm nailiyyətlər əldə olunur”. Nazir qeyd edib ki, yerli əczaçılıq sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlar, sənaye parklarının yaradılması, xarici investisiyaların cəlb olunması və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müasir istehsal müəssisələrinin qurulması bu sahənin dayanıqlı inkişafını təmin edir”.

Sonra xəbərdə, “Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İN yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkədə əczaçılıq sənayesinin dayanıqlı inkişafı üçün yerli istehsalın gücləndirilməsi, əhalinin təhlükəsiz və effektiv dərman vasitələri ilə təminatı, bu sahədə dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, beynəlxalq təcrübənin mənimsənilməsi və keyfiyyət standartlarının yüksəldilməsinin vacibliyini qeyd ediblər. Tədbirdə əczaçılıq sənayesinin gələcəyində rəqəmsallaşma və süni intellektin rolu panel müzakirəsi çərçivəsində xüsusi diqqət mərkəzində saxlanılıb” deyə qeyd olunur.

Xəbərdə eləcə də bildirilir ki, “panel sessiyasında edilən çıxışlarda həmçinin qeyd edilib ki, müasir texnologiyaların tətbiqi istehsalın səmərəliliyinin artırılması, keyfiyyətə nəzarətin gücləndirilməsi və rəqabətqabiliyyətli sənaye modelinin formalaşdırılmasına xidmət edir. Tədbir çərçivəsində təqdim olunan inkişaf modeli əczaçılıq sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilib. Qeyd edilib ki, bu model çərçivəsində cari ildən etibarən yerli istehsalın genişləndirilməsi planlaşdırılır və növbəti illərdə müxtəlif dərman preparatlarının istehlakçılara təqdim olunması gözlənilir. Konfransın əsas məqsədi yalnız mövcud çağırışların müzakirəsi deyil, eyni zamanda ixtisaslaşmış bilik və təcrübə, innovativ yanaşmalar, aktual məsələlər və suallar ətrafında fikir mübadiləsi aparmaq, yerli əczaçılıq sənayesinin inkişafına töhfə vermək olub. Bu yanaşma yerli istehsalçılar arasında əməkdaşlıq əlaqələrinin daha dinamik inkişafına və sənaye daxilində sinerjinin güclənməsinə xidmət edir”.

Konfransın əsas istiqamətlərindən biri yerli istehsal prosesində uğur qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi olub. Bu məqsədlə Türkiyə İlaç və Tibb Cihazları Qurumu, Özbəkistanın Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi, Qazaxıstanın Səhiyyə Nazirliyinin İnvestisiya Layihələri İdarəsi və Macarıstanın Semmelweis Universitetinin Sağlamlıq Xidmətlərinin İdarəedilməsi Təlim Mərkəzinin rəhbər nümayəndələri çıxış edərək təcrübələrini bölüşüblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.