Son yeniləmə: 4 May 2026
BAYRAQDAR MEDİA – Iğdırın Karakoyunlu rayonunda baş verən maraqlı hadisədə dalaşan iki xoruzu ayırmaq üçün həyətdəki itlər müdaxilə edib. İtlərin davanı dayandırmaq üçün bir neçə dəqiqə davam edən səyləri ətrafdakı sakinlər tərəfindən heyrətlə izlənilib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, həyətdə naməlum səbəbdən iki xoruz arasında şiddətli dava başlayıb: “Xoruzların bir-birinə zərər verdiyini görən iki it gözlənilməz şəkildə davaya qarışaraq tərəfləri ayırmağa çalışıb. Onlar maraqlı üsuldan istifadə edərək xoruzları quyruqlarından dişləyib geri çəkərək bir-birindən uzaqlaşdırmağa cəhd göstəriblər”.
Hadisənin şahidi olan və anları mobil telefonla qeydə alan Abulfəz Hoşhaber bildirib:“Xoruzlar dalaşmağa başlayanda itlərin bu qədər israrlı olacağını düşünmürdüm. Onlar sanki davanı ayırmaq üçün dəqiqələrlə mübarizə apardılar. Xoruzları quyruqlarından çəkib uzaqlaşdırdılar, amma xoruzlar hər dəfə geri qayıdıb yenidən dava edirdi. Bu maraqlı anları görəndə dərhal telefonla çəkməyə başladım.”
İtlərin hər iki xoruzu dəfələrlə ayırmasına baxmayaraq, inadkar quşların davadan əl çəkməməsi diqqət çəkib. İtlərin nümayiş etdirdiyi bu “vasitəçi” davranış sosial şəbəkələrdə də böyük maraq doğurub və təbiətdəki qoruma instinktinin maraqlı nümunələrindən biri kimi izləyənlərə xoş təəssürat bəxş edib.






İlk şərhi yaza bilərsiniz