Bakıda II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilir
BAYRAQDAR MEDİA – Türk dünyası bütün sahələrdə, o cümlədən iqtisadi sahədə günün tələblərinə cavab verməyə hazır olmalıdır. Bu barədə Bakıda keçirilən tədbirdə bəyan edildi. Qeyd edək ki, mayın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə süni intellekt və rəqəmsal transformasiya kontekstində II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı (ITWEC 2026) keçirildi.
“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar”
“Ortaq gələcək: sosial-iqtisadi innovasiyalar” mövzusuna həsr olunan, türk dünyasının iqtisadi və sosial gələcəyini formalaşdıracaq innovativ ideya və layihələrin müzakirəsi məqsədilə təşkil olunan konqresin açılışına Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan müxtəlif universitetlərin rəhbərləri ilə yanaşı, çox sayda akademik qatıldı.

Öncə vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, daha sonra Azərbaycanən Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirildi.
Tədbirdə açılış çıxışını edən UNEC-in tədris üzrə prorektoru dosent Gəray Musayev öncə hazırda xaricdə olan rektoru, professor Ədalət Muradovun təbrikini iştirakçılara çatdırdı. Çıxışında mövzunun aktuallığını vurğulayam G.Musayev süni intellektin təhsildə tətbiqi, bu sahə üzrə tədris proqramlarının hazırlanması və UNEC-də tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlərdən danışdı.
Közhan Yazgan: Bu, türk dünyasının gələcəyini formalaşdıracaq mühüm sahələrdən biri
Daha sonra Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazgan çıxış edərək tədbirin türk dünyası ölkələrinin ali təhsil müəssisələrini bir araya gətirməsinin əhəmiyyətini vurğuladı. O, türk dünyasının gələcəyini formalaşdıracaq mühüm sahələrdən biri üzrə bir araya gəldiklərini bildirdi.

Çıxışında konfransın ortaq ideal və istiqamətin görüş nöqtəsi olduğunu ifadə edən TDAV başqanı Azərbaycanda fəaliyyət göstərən TÜDİFAK-ın təxminən 35 illik təcrübə ilə yalnız təhsil fəaliyyəti həyata keçirmədiyini, eyni zamanda türk dünyasının fikri və mədəni bağlılığını gücləndirən bir missiyanı yerinə yetirdiyini söylədi.

O, bu yanaşmanın arxasında ömrünü türk dünyasına həsr etmiş fikir və mübarizə insanı Turan Yazganın izlərinin olduğunu qeyd etdi: “Turan Yazgan təhsili türk dünyasının birliyi üçün ən əsas yol kimi görmüş, bu istiqamətdə davamlı və qalıcı əsərlər miras qoymuşdur. Bu çərçivədə TÜDİFAK, təhsil dilinin Türkiyə türkcəsi olduğu ali təhsil müəssisəsi kimi türk dünyasına xidmət etməyi özünə məqsəd seçmiş həqiqi elm ocağıdır”.
K.Yazgan burada verilən təhsilin yalnız peşə qazandırmaq deyil, eyni zamanda kimlik və aidiyyət formalaşdırmağı hədəflədiyini vurğuladı: “Çünki biz inanırıq ki, türk dünyasının gələcəyi yalnız öz dilini bilən, öz tarixini anlayan və ortaq bir ideal ətrafında birləşə bilən nəsillərlə mümkündür”.
Yusif Əliyev: Konfransa 90 məruzə qəbul olunub
Türk Dünyası İqtisad fakültəsinin dekanı Yusif Əlıyev bildirib ki, builki tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistandan alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak edirlər. Konqresə təqdim olunan 119 müraciətdən elmi qiymətləndirmə nəticəsində 90 məruzə qəbul olunub.
Tədbir çərçivəsində 4 panel, 2 əyani və 14 onlayn sessiyanın keçirilməsi nəzərdə tutulub.

TÜDİFAK dekanı türk dünyasını birləşdirən ortaq tarix, dil və mədəniyyətlə yanaşı, gələcəyi formalaşdıran innovativ yanaşmaların da müzakirə olunmasının vacibliyini bildirdi: “Texnologiyanın sürətli inkişafı iqtisadiyyatın bütün sahələrinə dərindən təsir edir. Süni intellekt və texnoloji yeniliklər iqtisadi inkişafın əsas amillərindən birinə çevrilmişdir. Bizim əsas məqsədimiz türk dünyasında innovasiya mədəniyyətini gücləndirmək, gənclərimizi bu sahəyə təşviq etmək və ortaq iqtisadi inkişaf strategiyalarını formalaşdırmaqdır. Bu baxımdan, bugünkü konfrans müzakirə platforması olaraq əməkdaşlığımızın daha da gücləndirilməsi üçün mühüm bir fürsətdir”.
O, tədbirin keçirilməsində dəstəyi olan hər kəsə və hər bir quruma təşəkkür edib: “Konfransın təşkilində göstərdikləri dəyərli dəstəyə görə konfransın fəxri rəhbərləri – UNEC-in rektoru, professor Ədalət Muradova və Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közhan Yazqana təşəkkür edirəm. Həmçinin konfransın təşkilində dəstəyi olan TİKA rəhbərliyinə Yunus Emre Enstitüsü rəhbərliyınə eləcə də tələbələrimizə, təşkilat komitəsinə və iştirakçı qurumlara minnətdarlığımı bildirirəm”.
Türk iqtisadi birliyinə doğru mühüm bir mərhələ
Y.Əliyev türk dünyası anlayışının bu gün rəsmi şəkildə Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşdığını bildirərək, bunun türk iqtisadi birliyinə doğru mühüm bir mərhələ olduğunu ifadə etdi.

Türk dünyasında innovasiya mədəniyyətini gücləndirməyi hədəflədiklərini vurğulayan Y.Əliyev, gəncləri bu sahəyə təşviq edərək ortaq iqtisadi inkişaf strategiyalarının hazırlanmasını məqsəd kimi qarşıya qoyduqlarını qeyd etdi.
Sabit Baymaganbetov: Süni intellekt və innovativ texnologiyalar region ölkələrinin dayanıqlı inkişafında mühüm rol oynayır
Qazaxıstan Respublikası Beynəlxalq Turizm və Hotelçilik Universitetinin dosenti Sabit Baymaganbetov isə türk dünyasında iqtisadi inteqrasiyanın gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində universitetlərarası əməkdaşlığın genişləndirilməsi və birgə elmi təşəbbüslərin əhəmiyyətindən danışdı. Bildirdi ki, süni intellekt və innovativ texnologiyalar region ölkələrinin dayanıqlı inkişafında mühüm rol oynayır.

Açılış nitqlərindən sonra çıxışçılara plaketlər təqdim olundu.
Konfrans öz işini panel iclasları ilə davam etdirib
Tədbir “Türk dünyası və inkişaf etməkdə olan regional iqtisadiyyatda rəqəmsal transformasiya” mövzusunda panel çıxışlarla davam etdi.
UNEC-in dosenti Elşən Bağırzadənin moderatorluğu ilə keçirilən paneldə Türkiyənin Özbəkistandakı səfirliyinin müşaviri, professor Mehmet Yüce, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin şöbə müdiri Cavid Süleymanlı və qırğızıstanlı alim Davran Yoldaşev rəqəmsal transformasiyanın regional iqtisadiyyatlara təsiri, türk dünyasında texnologiyaya əsaslanan əməkdaşlıq imkanları və dayanıqlı inkişaf proseslərində süni intellektin rolu barədə fikirlərini bölüşdülər.

Konfrans Prof. Dr. Hayati Beşirlinin moderatorluğu ilə “Birinci Türkoloji Qurultayın dərsləri və türkologiyanın aktual vəzifələri”, Prof. Dr. Kutluk Kağan Sümerin moderatorluğu ilə “Biliklərin idarə olunması və süni intellekt”, Dos. Dr. Oqtay Quliyevin moderatorluğu ilə “Gənclər və inkişaf: süni intellekt yenilikləri” mövzularında panel müzakirələrlə davam etdirildi.
Konfransın ikinci günü 14 onlayn sessiyanın keçirilməsi nəzərdə tutulub.










İlk şərhi yaza bilərsiniz