BAYRAQDAR MEDİA – ADA Universitetində tələbələr tərəfindən hazırlanmış süni intellekt əsaslı “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ADA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “İnformasiya texnologiyaları və mühəndislik fakültəsi tələbələri ərsəyə gətirdikləri bu innovativ layihə ilə akademik resurslara çıxışın müasir standartlara uyğunlaşdırılmasına nail olublar. Sözügedən platforma ADA-nın kitabxana fondunda yer alan 46 mindən çox resursu, o cümlədən kitablar, dissertasiyalar və elmi məqalələri əhatə edən hibrid axtarış sistemidir. Bu platformanı ənənəvi açar söz əsaslı sistemlərdən fərqləndirən əsas cəhət istifadəçi sorğularını semantik səviyyədə təhlil etmək bacarığıdır. Belə ki, istifadəçilər konkret başlıq və ya müəllif adını dəqiq bilmədən, öz ehtiyaclarını təbii dildə ifadə etməklə effektiv axtarış apara bilərlər. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən platforma geniş istifadəçi auditoriyası üçün əlçatanlıq təmin edərək elmi araşdırmaların sürətlənməsinə xidmət edir. Tədbiri giriş sözü ilə açan ADA-nın akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov layihənin akademik kitabxana xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində mühüm nailiyyət olduğunu vurğulayıb. O, tələbələrin hazırladığı bu sistemin informasiya resurslarına çıxışı daha çevik və səmərəli etdiyini diqqətə çatdırıb”.
Daha sonra xəbərdə, “təqdimatda qonaq qismində iştirak edən Kembric Universitetinin professoru Qərib Mürşüdov süni intellekt həllərinin elmi fəaliyyətdəki əhəmiyyətindən bəhs edərək bu platformanın həm akademik heyət, həm də tələbələr üçün fundamental bir alətə çevriləcəyini qeyd edib. İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov çıxışında informasiyanın sürətli artımı dövründə süni intellektin kitabxanalarda strateji tətbiqi və rəqəmsal mədəniyyətin vacibliyi kimi mövzulara toxunub. Ölkənin aparıcı kitabxanalarının rəhbərlərinin və informasiya texnologiyaları mütəxəssislərinin iştirak etdiyi tədbirdə süni intellektin kitabxana xidmətlərinin gələcək simasını formalaşdırmaqdakı rolu geniş müzakirə olunub. Bildirilib ki, tələbələrin bu təşəbbüsü gələcəkdə milli səviyyədə tətbiq oluna biləcək potensiala malikdir” deyə bildirilir.
Qeyd edək ki, “Senior Design Project” çərçivəsində ərsəyə gələn bu layihə “MegaSec” MMC-nin texniki və informasiya dəstəyi ilə həyata keçirilib. Bu təşəbbüs müasir texnologiyaların təhsil və elm sahəsinə inteqrasiyasının, eləcə də universitet-sənaye işbirliyinin uğurlu nümunəsidir.






İlk şərhi yaza bilərsiniz