BAYRAQDAR MEDİA – Yaponiyanın nüfuzlu gündəlik qəzetləri — tirajı 1,2 milyon olan “Mainichi Shimbun” və 2,2 milyondan artıq tirajla nəşr olunan “Nikkei Shimbun”da “Azərbaycanı tanımadan dünyanı başa düşmək mümkün deyil” başlıqlı geniş məqalələr dərc edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasından daxil olub.
Xəbərdə qeyd edilir ki, “məqalələrdə Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət modelindən bəhs olunur. Bildirilir ki, ərazi və iqtisadi baxımdan nisbətən kiçik dövlət olmasına baxmayaraq Azərbaycan Rusiya, Türkiyə və İran kimi regional güclərlə yanaşı, ABŞ, Çin və İsraillə də uğurlu münasibətlər quraraq özünəməxsus siyasi xətt formalaşdırıb. Yazılarda Azərbaycanın enerji strategiyası, diplomatik manevr imkanları və milli təhlükəsizlik siyasəti xüsusi vurğulanır. Qeyd olunur ki, ölkə həm enerji resurslarından səmərəli istifadə etməklə, həm də müharibə və diplomatiya amillərini düzgün uzlaşdırmaqla beynəlxalq mövqelərini daha da möhkəmləndirib. Məqalədə “Kiçik ölkə olmasına baxmayaraq ərazi və iqtisadi baxımdan çox böyük siyasət yürüdən ölkədir” fikrinə yer verilib”.
Ardınca xəbərdə, “nəşrlərdə Azərbaycanın neft strategiyasını inkişaf mühərrikinə çevirməsi, balanslaşdırılmış siyasəti geniş təhlil edilir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsi “XXI əsrin müharibəsi” kimi xarakterizə olunur, Azərbaycanın əldə etdiyi qələbənin tarixi ədalətin bərpası olduğu vurğulanır. Müharibədən sonrakı dövrdə Qarabağda aparılan bərpa-quruculuq işləri, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi barədə də ətraflı məlumat verilir. Məqalələrdə qeyd olunur ki, təqdim edilən məlumatlar Yaponiyada yaşayan azərbaycanlı tədqiqatçı Əlibəy Məmmədov tərəfindən yapon dilində nəşr olunan “Azərbaycan adlı strategiya” kitabına əsaslanır. Kitabın Yaponiyada 2 mindən artıq kitabxanaya paylandığı və Azərbaycan haqqında məlumatların yayılmasında mühüm rol oynayacağı bildirilir” deyə bildirilir.
Xatırladaq ki, Ə.Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. O, diaspor fəaliyyətinə təhsil illərindən başlayıb.






İlk şərhi yaza bilərsiniz