Press "Enter" to skip to content

Lisey şagirdləri MEK-də

Lisey şagirdləri MEK-də

BAYRAQDAR MEDİA – Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 9-cu sinif şagirdləri sinif rəhbəri Südabə Manafovanın müşayiəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ekskursiya zamanı məktəblilər kitabxananın zəngin elmi-informasiya resursları, müasir xidmətləri və tarixi irsi ilə yaxından tanış olublar. MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov məktəbliləri kitabxanada görməkdən məmnun olduğunu bildirərək onlara kitabxananın zəngin tarixi, geniş kitab fondu, nadir nəşrlər kolleksiyası, elektron resursları, rəqəmsallaşdırma prosesi və müasir kitabxana-informasiya xidmətləri barədə məlumat verib. H.Hüseynov qeyd edib ki, 100 illik tarixə malik olan və Azərbaycanın ən böyük elmi kitabxanası sayılan MEK-in fondunda 50-dən çox dildə 1,5 milyona yaxın informasiya resursu qorunur”.

Ardınca xəbərdə, “ekskursiya zamanı direktor şagirdləri kitabxananın müxtəlif fondları və guşələri ilə yaxından tanış edib. Onlar AMEA-nın 15 təsisçisinin büstlərini ziyarət edərək alimlərin Azərbaycan elminə verdiyi töhfələr haqqında məlumat alıblar. Məktəblilər, həmçinin MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda olublar. Kitabxana rəhbəri burada Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşələr, onların şəxsi əşyaları, fotoları və qəhrəmanlıqlarını əks etdirən zəngin ədəbiyyat toplusunun, 44 günlük Vətən müharibəsinin gedişatını əks etdirən kitab və sənədlərin yer aldığını bildirib” deyə qeyd olunur.

Daha sonra ekskursiya çərçivəsində MEK-in elmi katibi Şəbnəm Rüstəmova qonaqları Akademiklər zalı, Diplomatik fond, Nadir kitablar fondu, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, Sərgi salonu, eləcə də kitabxananın əsas mühafizə fondları ilə tanış edib.

Kitabxana ilə tanışlıq məktəblilərdə böyük maraq yaradıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.