BAYRAQDAR MEDİA – 18–20 mayda Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Musiqi təhsili: Qlobal miqyasda vahid məkana doğru” mövzusunda nüfuzlu beynəlxalq forum və onun çərçivəsində “Mədəniyyət təhsilində süni intellektin əhəmiyyəti” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “forum çərçivəsində Humanitar Kollec üçün mühüm beynəlxalq əməkdaşlıq addımı atılıb. Belə ki, Humanitar Kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dos. Nərmin Qaralovanın rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu ilə Humanitar Kollec arasında rəsmi əməkdaşlıq memorandumu imzalanıb. Memorandum müəllim və tələbələrin beynəlxalq təcrübə mübadiləsi, birgə elmi-metodik layihələrin həyata keçirilməsi, ustad dərsləri, konsert və festivalların təşkili baxımından mühüm əhəmiyyət daşıyır”.
Ardınca xəbərdə, “forum çərçivəsində keçirilən beynəlxalq elmi-praktiki konfransda N.Qaralova “Milli kimliyin qorunub saxlanılması və mədəniyyətlərarası inteqrasiyanın inkişafı faktoru kimi musiqi təhsili” mövzusunda məruzə ilə çıxış edib. Məruzə forum iştirakçıları tərəfindən maraqla qarşılanıb və forumun elmi toplusunda da nəşr olunub. Beynəlxalq forumda fəal elmi iştirakına və akademik əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə N.Qaralova Özbəkistan Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi və Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu tərəfindən xüsusi sertifikatlarla təltif olunub. Həmçinin ona musiqi təhsilinin inkişafı, innovativ metodların təşviqi və müasir elmi-mədəni dialoqa verdiyi töhfələrə görə Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov tərəfindən imzalanmış beynəlxalq sertifikat təqdim edilib” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz